Maraqlı

Azərbaycanlı model: "Tez-tez əxlaqsız təkliflər olur”

12-01-2016, 08:32
Ölkəmizdə son 3 ildə moda gecələri, gözəllik müsabiqələri  keçirilməyə başlayıb. "Best Model of the World-2007”in qalibi model Rüstəm Cəbrayılov, "Miss Millenium” Validə Abbasova, Günay Musayeva xarici ölkələrdə fəaliyyət göstərərək uğur qazanan modellərimizdir.  Bəs, Azərbaycanda fəaliyyət göstərən modellər niyə uğur qazanmır?

Musavat.com ölkəmizdə model biznesi ilə bağlı sorğu keçirib. 

Şou-biznes nümayəndələrinin stilisti Elnarə Bəkirovamodellərimizi qeyri-peşəkar olmaqda ittiham edib:

" Mən dəfələrlə modellərlə işləmişəm, geyimlərimi düzgün təqdim edəcək model çox azdır. Uyğun  modelləri çətinliklə tapıb işbirliyi qururam. Yersiz kaprizləri, biz-birilərinə kinayəli sözləri adamı yorur. Bəzən isə  model digər modelə görə işbirliyindən imtina edir. Özünə güvənən model modelyerin, stilistin verdiyi hər geyimi gözəl təqdim etməlidir. Bizdə modelliyi özlərini göstərməklə səhv salıblar. Yaxşı iş ərsəyə gətirən model həmişə göz önündə olur.  Bizim modellər ancaq simaları ilə məşhur olmaq istəyirlər. Ona görə Azərbaycanda model yoxdur. Kastinqlərdə 1.50 boyunda model seçirlər. Dəfələrlə məşhur nümayişlərdə olmuşam.


 "Victoria Secret”in modelləri çox gözəldir, onların simasına deyil, atdıqları addıma, geyimi daşıya bilmələrinə adam valeh olur. Adriana Lima, Miranda Kerr onlar  çox bahalı olmayan firmanın dəfiləsində idilər, geyimi  o qədər gözəl təqdim edirdilər ki, insan baxmaqdan doymurdu. Bizdə xanım model sanki özünü reklam edir. Modellərimizdən çox narazıyam, modellər məşhur sənət adamlarından daha çox kapriz edirlər. Bizdə çox gözəl model müsabiqələri keçirilir. Kaş orada modelliyə layiq xanımlar seçilsin. Mən 100 modelin içərisindən 1-2 modeli güclə seçirəm”.


"World Beauty Congress”in Qafqaz ölkələri üzrə koordinatoru, gözəllik müsabiqələrinin təşkilatçısı Aqil Məmiyevölkəmizdə model biznesinin artıq inkişafa doğru getdiyini bildirib:

"İl ərzində 2-3 dəfə ölkəmizdə moda gecələri, gözəllik müsabiqələri keçirilir.  "World Beauty Congress”də olduğum zamandan ölkəmizdə modellik sahəsinin inkişafına dəstək olmuşam. Təşkil etdiyim yarışmalar sayəsində bizim modellər dünyaca məşhur müsabiqələrdə iştirak edir. Onlar üçün həm təcrübə olur, həm də xarici model və modelyerlərdən  bilgi əldə edirlər.  Orada əldə olunan təcrübəni Azərbaycanda almaq mümkün deyil. Bu ay "Miss və Mister Caucasus” müsabiqəsi üçün ölkəmizdə seçim turları olacaq, xoreoqrafiyanı dünyanın 3 tanınmış model treynerlərindən biri öyrədəcək.  Bizim modellər  xarici dəfilələrdə iştirak etsələr, uğur qazanarlar. 

Bəzən deyilir ki, müsabiqələrdə  birinci "day-day” hesabına seçilir. Bu belə deyil, biz təşkil etdiyimiz  müsabiqələrdə qalibi münsiflər seçir. Bizim modellər təhsil almalıdır, modelliyin incəliklərini bilməlidir. 5-6 fotosessiya etdirən özünə model deyir. Şşirkətlərimiz də model agentlikləri ilə işləmirlər. Peşəkar modellərimiz agentliklkərdə fəaliyyət göstərir.  Şirkətlər ucuz işbirliyi quran "model”lərlə işlədiyi üçün  model biznesi inkişaf etmir”. 


Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Könül Əzizova model biznesinin inkişaf etməsi üçün  peşəkarlara dəstək olunmasını istəyib:

"Azərbaycanda bu sahənin zəif inkişaf etmə səbəbi tekstilin yox dərəcədə olmasıdır. Özəl, yerli geyimlər hazırlanmır,  modellik necə inkişaf etsin?  Güclü modelyerlərimiz var. Moda sahəsinin zəif inkişaf etməsi onların da fəaliyyətinə təsir göstərir. Bu iş bir-biri ilə zəncirvari bağlıdır. Modelyerlərin  əməyinə qiymət verilsə, onlar da tez-tez dəfilələr təşkil edər. Beləliklə modellərə tələbat olar, səhnəyə çıxar, peşəkarlaşar, üzərlərində işləyərlər.  Bununla da, həvəskar , özünü reklam etməyə çalışanlarla peşəkar modellər ayırd edilər. Mən Türkiyədə model olaraq fəaliyyət göstərmişəm, orada tekstil sahəsi inkişaf edib. Modellər işsiz qalmırlar. Bizim model olmaq istəyən qızlar özlərinə "sponsor” tapıb reklam olunurlar.  Modelliyə  indi fasilə vermişəm. Çalışdığım müddətdə nə "sponsor”a ehtiyac duymuşam, nə də dəfiləyə çıxmaq üçün kiməsə yaltaqlanmışam. Kiminsə köməkliyi ilə uğur qazanmağı sevmirəm. Bizdə uğur qazanmaq üçün mütləq "dayday”ın olmalıdır. Reklamı çox olanın "sponsor”u da çox olar”.


Yeni fəaliyyətə başlayan model Adel isə yerli modellərin qazanc əldə edə bilməməsindən gileylənib: 

"Mən Azərbaycanda model biznesi zəif inkişaf edib, ölkəmizdə özümü bu sahəyə uyğun görmürəm. Istəyirəm ki, biz də xarici brend firmalar ilə işləyək. Bizim modelləri xarici agentliklərə transfer etsinlər. Oradan bizə model və modelyerlər gəlsin. İrəliləyiş ancaq belə ola bilər. Mən qısa zamanda uğur qazana bildim. Bəlkə də ölkəmizdə ən eybəcər model mənəm. Çox  çalışan uğur qazanarsan. Mənim sponsorum yoxdur, amma tanına bildim. Çünki işimi sevirəm. Fotoqrafların hamısı məni çəkmək istəyir, mən isə seçim edirəm. Bloger tapıram, o mənə paltar verir. Çalışdığım insanlara söz verirəm ki, ortaya gözəl iş çıxaracağam. Əvvəlki işlərim mənə inamı artırır.  Modellər Azərbaycanda çox az qazanır. Modellik sahəsində pul yoxdur. Bizdə modellər birmənalı qarşılanmır. Onlara tez-tez əxlaqsız təkliflər olunur. Belə şəraitdə uğur qazanmaq olar? Mənim də başıma bu cür hadisələr gəlib. Kübarca rədd etmişəm”.  

Könül İbrahim
Azərbaycanlı model: "Tez-tez əxlaqsız təkliflər olur”

Administratorla əlaqə

077 611-55-22

[email protected]