Maraqlı

Qırğızıstanı ölüm fabrikinə çevirən Manas hərbi bazası haqda sensasion iddialar

6-04-2017, 11:30
Qırğızıstanı ölüm fabrikinə çevirən Manas hərbi bazası haqda sensasion iddialarBu bazada gələcək terrorçuların yetişdirilməsi məsələsi zamanında daim gündəmdə olub


Sankt-Peterburq metrosunda terror aktı törədən 1995-ci il təvəllüdlü, Qırğızıstanın Oş vilayətində anadan olmuş, Rusiya vətəndaşı Akberjon Cəlilovla bağlı araşdırmalar davam edir. Onun “Sennaya ploşad” və “Texnologiçeskiy institut” metro stansiyalarına partlayıcı yerləşdirənə qədərki əlaqələri araşdırılır. Kimlərlə görüşdüyü, nə yeyib-içdiyi, haralarda olması istintaqçılar üçün maraq kəsb edir.


İstintaqçılar 22 yaşlı bir gəncin ağır bir cinayətin altına imza atmasını şərtləndirən mühiti öyrənməyə, həmin cinayət mühitinin yaradılmasında hansı qüvvələrin maraqlı olmasını aydınlaşdırmağa çalışırlar. Bu qanlı aktdan bir neçə ay öncə Akberjon Cəlilovun olduğu regiondan - Orta Asiyadan çıxmış Abdulkadir Maşaripov əlinə silah alıb yeni il gecəsi İstanbulda, “Reina” gecə klubunda qarşısına keçən günahsız insanları qanlarına qəltan eləmişdi.


Akberjon Cəlilov da, Əbu Məhəmməd Xorasani kod adlı Abdulkadir Maşaripov da Qırğızıstandandırlar. O Qırğızıstandan ki, ərazisində Manas hərbi bazası yerləşir. Hazırda baza amerikalılardan geri təhvil alınaraq öz təyinatını, profilini dəyişib. Ancaq vaxtilə burdan yönləndirilən gizli casus müharibələri hələ uzun zaman bu, yaxud digər şəkildə davam edəcək. Bu bazada gələcək terrorçuların yetişdirilməsi iddiası zamanında daim gündəmdə olub. Bu haqda əməkdaşımız Həmid Herisçi də maraqlı bir yazı ilə çıxış etmişdi. Yazırdı ki, Manas hərbi-hava bazasından qalan miras o qədər də ürəkaçan deyil.


Riçard Holbruk


Həmin yazıdan sitat: “Riçard Holbruk - 2010-cu ildə vəfat edən bu dövlət rəsmisi, özü ilə məzara çox, lap çox sirlər dartıb aparıb. Orta Şərqdəki müxtəlif əliqanlı terror dəstələrini, o cümlədən bədnam ”əl-Qaida"nı öz məkrli əməliyyatlarına cəlb edən Riçard Holbruk, hərdən kəşfiyyatçılara yaraşmayan ehtiyatsız addımlarıyla da yadda qalıb. Hadisə 2010-cu ildə, fevralın sonunda tanış ünvanda - Qırğızıstanın Manas hərbi bazasında baş tutmalıymış. Həmin tarixdə ABŞ Dövlət Departamentinin xüsusi təmsilçisi Riçard Holbruk xüsusi təyyarə reysi ilə Manas bazasına gələrək orda çox məxfi, son dərəcə qəddar bir terrorçu ilə görüşməli imiş. Holbruk Bişkekə sağ-salamat yetişir. Ancaq onunla görüşə tələsən qatı terrorçu, “Cundulla” təşkilatının əliqanlı rəhbəri Əbdülmalik Riqinin Bişkek arzusu elə gözündəcə qalır. Həmin gün bütün dünya mətbuatı xəbər verir ki, bəs “Dubay-Bişkek” reysi ilə uçan “Boinq-737" təyyarəsinin başına xoşagəlməz bir iş gəlib. Təyyarə İran hava ərazisindən keçərkən qəfil böyür-başında qırıcı təyyarələr peyda olub. Hava şahinləri, bir müddət ”Boinqi" havada müşayiət edib, sonra ona İran ərazisində enməyə məcbur ediblər. Saxta əfqan pasportu ilə ələ keçirilən Əbdülmalik Riqinin başına anında qara torba keçirilib. Dindirmələrdə zora ehtiyac qalmayıb - Riqi açıb sandığı, töküb pambığı. İranın Sistan vilayətində törətdiyi qanlı partlayışları, Pentaqon Hərbi Kəşfiyyatının köməyi ilə həyata keçirdiyini boynuna alıb. Diz çökməyi-zad nəzərə alınmayıb. Riqini 2010-cu ilin iyun ayında Tehranın “Evin” zindanında edam ediblər".


Akberjon Cəlilov


İstanbuldakı yeni il terrorunundan sonra da bir daha Qırğızıstanın Manas bazası diqqətdə idi. Belə məlumatlar vardı ki, Pentaqon Hərbi Kəşfiyyatı, o vaxtlar bu bazaya anasının əmcəyini kəsmiş yüzlərlə uyğur, bəluc, əfqan terrorçusunu yığıb və onlara silahla davranma, partlayış törətmə, bir sözlə, qanlı olayları gerçəkləşdirmək taktikasının sirlərini təlim-tədris edib. Törədilən qanlı aksiyanın ictimiləşdirilməsi yollarını da əliqanlı terrorçulara məhz orada, həmin bazada öyrədildiyi vurğulanırdı.


Terror daha çox dinc əhali arasında vahimə yaratmaq, əhalini təşviş içində saxlamağa yönələn aktdır. Əgər belə bir akt törədilirsə və bu haqda geniş kütlələr məlumatsızdırsa, deməli, terroru planlayanlar hədəfə çatmayıblar. Odur ki, Manas meydançasında hazırlanmış terrorçuları ələ verən bir nüans beləcə üzə çıxır - bu terrorçular adətən işin sırf texniki tərəfləri ilə kifayətlənmirlər. Həmişə bölgədəki populyar, geniş dinləyici kütlələri olan media orqanlarına törətdikləri qanlı aksiyaların görüntülərini çəkib göndərirlər. Pentaqon Hərbi Kəşfiyyatının öz dəst-xətti var - əvvəlcə onlar düşmən ölkənin ərazisində narahat bölgə aşkarlayıb orada agentura şəbəkəsi qururlar. Ardınca tədricən bölgəni silkələməyə, qarışdırmağa başlayırlar.
Yazarımız maraqlı bir fotonu da təqdim edib bəzi məqamlara diqqət olunmasında israr edirdi.

Abdulkadir Maşaripov


Sitat: “Fikir verin, aşağıdakı nadir fotolara - şəkildəki yeniyetmələr az sonra ölkə məscidlərindən birini havaya sovurub yüzlərlə zavallının həyatına son qoymağa tam hazırdılar. Gülürlər. Sevinirlər. Türkiyədəki, Uyğurustandakı, Rusiyadakı, İrandakı, Suriyadakı, İraqdakı bu cür başdanxarabların dəsti-xətti, müəllimləri həmişə eyni olub - Pentaqon Hərbi Kəşfiyyatı. Bu kəşfiyyat həmişə öz əməliyyatlarını öz əliylə deyil, ”Seyid Əhməd" vasitəsi ilə görür. Belə əməliyyatlar kəşfiyyatçılar arasında “falshe flaq operition”, yəni “yalançı bayraq əməliyyatı” adlanır. Bu tip əməliyyatlarda adətən ortaya yalançı bir iz atılır... Sadəlövhlər də bu izi götürüb gedib çıxırlar Allah bilir hara..."


E.HÜSEYNOV

Administratorla əlaqə

077 611-55-22

[email protected]