Kriminal

“Lotu Quli”nin yaxınları danışdı: “Bakıdakı qanlı atışmanın onunla əlaqəsi yoxdur”

1-05-2016, 21:59
 
Xəbər verdiyimiz kimi, aprelin 21-də Bakının Badamdar qəsəbəsindəki "Bulaq” restoranında atışma qeydə alınıb. Məlumata görə, restoranın müştəriləri arasında iri məbləğdə pul üstündə mübahisə olub. İnsidentin iştirakçıları restorana məhz bu məsələnin müzakirəsi üçün toplaşıblar.

Samir adlı qonaq söhbətə odlu silahla gəlib. Və elə restoranın həyətində atəş açmağa başlayıb. Nəticədə bir neçə nəfər yaralanıb.

Maraqlıdır ki, güllələrdən biri ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqanın maşınına dəyib. Amma xoşbəxtlikdən maşının sürücüsünə xətər toxunmayıb. Bununla belə, hadisə böyük ictimai marağa səbəb olub.

Sonradan həmin Samir adlı şəxs polisə gedərək könüllü təslim olub. Hazırda Bakı Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır. Amma…

Bəzi KİV-lər istintaqın nəticəsini gözləmədən və yalnız atəş açan Samir adlı şəxsin bir az əvvəl həbsdən azad edildiyini əsas götürərək, onu kriminal aləmin avtoritetlərindən biri olan "Lotu Quli” ləqəbli Nadir Səlifovla əlaqələndiriblər.

Bundan başqa, adıçəkilən restorandakı həmin insident bəzi jurnalistlər tərəfindən "Lotu Quli”nin adamları ilə başqa bir kriminal avtoritetin – Rövşən Lənkəranskinin tərəfdarları arasında münaqişə kimi təqdim olunub.

Aradan bir neçə gün keçəndən sonra hüquq-mühafizə orqanları Bakıda mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi istiqamətində uğurlu əməliyyat keçirildiyi barədə məlumat yaydılar. Məlumatda bildirilirdi ki, əməliyyat zamanı Sabunçu qəsəbəsinin sakinləri- 1983-cü il təvəllüdlü İbayev Namiq Xabulla oğlu, 1985-ci il təvəllüdlü Quliyev Kamil İsrafil oğlu, 1980-ci il təvəllüdlü İbrahimov Orxan Rəfail oğlu və 1981-ci il təvəllüdlü Həşimov Namiq Ağacan oğlu saxlanılıblar.

Bəzi KİV-lər bu dəfə də tələsdilər və saxlanılan şəxsləri "Lotu Qulu” və Rövşən Lənkəranskinin adamları kimi qələmə verdilər.

Amma "Lotu Quli!nin yaxın atrafına aid olan şəxslərin virtualaz.org-a verdikləri məlumata görə nə "Bulaq” restoranında atəş açanın, nə də sonradan saxlanılan şəxslərin Nadir Səlifova heç bir aidiyyəti yoxdur.

Kriminal avtoritetin yaxın dairəsində belə hesab edirlər ki, bu cür şayiə yayanlar və onun adını hallandıranlar bununla Nadir Səlifovun Gürcüstana gözlənilən ekstradisiyasını əngəlləmək və onunla Rövşən Lənkəranski arasında qarşıdurma yaratmaq istəyirlər.

Məlum olduğu kimi, Nadir Səlifov Gürcüstan vətəndaşıdır və uzun müddətdir ki, ora ekstradisiya olunmaq istəyir. Kriminal avtoritetin yaxın ətrafına aid şəxslər də bildirirlər ki, "Lotu Quli” Azərbaycanda heç bir fəaliyyət göstərmir və onun yeganə istəyi vətəndaşı olduğu Gürcüstana ekstradasiya edilməsinə nail olmaqdır.

Kriminal avtoritet hesab edir ki, o burada heç vaxt azadlığa çıxa bilməz, çünki Azərbaycan hakimiyyətindəki bəzi adamlar bunun ölkədəki kriminogen durunu gərginləşdirəcəyindən ehtiyat edirlər…

Administratorla əlaqə

077 611-55-22

[email protected]