Kriminal

MTN-nin tutduğu şəxs məhkəmə zalından azadlığa buraxılıb.

8-05-2017, 22:33
MTN-nin tutduğu şəxs məhkəmə zalından azadlığa buraxılıb.Press-az.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan 1980-ci il təvəllüdlü Musayev Rəhman Sahib oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən Rəhman Musayev məhkəmə zalından azadlığa buraxılıb. Amma məhkəmə prosesi qeyri-müəyyən səbəblərdən qapalı keçirilib. Hakim İradə Həsənzadə jurnalistlərin məhkəmə prosesində iştirakına icazə verməyib.

Məlumata görə, Rəhman Musayev Cinayət Məcəlləsinin 271.2.3-cü, (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxil olma ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama), 29.177.3.1, 29.177.3.2, (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaya cəhd), 194.2.1 və 194.2.4-cü (mütəşəkkil dəstə tərəfindən bilə-bilə cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı alma və ya satma) maddələri ilə təqsirli bilinib.

Qeyd edək ki, Rəhman Musayev 2 ilə yaxın həbsdə qalıb. O, MTN ləğv edilməmişdən bir neçə ay əvvəl həbs edilib. 1 il MTN-nin təcridxanasında saxlanılıb. R.Musayev saxlanıldıqdan sonra onun barəsində açılmış cinayət işinin istintaqına MTN-in Baş İstintaq İdarəsinin rəisi olmuş general-mayor Mövlam Şıxəliyev rəhbərlik edib.

Bildirək ki, Mövlam Şıxəliyev MTN ləğv edildikdən sonra işdən azad edilib. Amma onun adı MTN zabitlərinə qarşı açılmış cinayət işində yer almır. Bu işdə adı keçən digər MTN zabiti isə hazırda həbsdə olan nazirliyin İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi olmuş Vüsal Ələkbərovdur. Digər şəxs isə Mövlan Şıxəliyevin müavini olmuş Sahib Ələkbərovdur. Polkovnik Ələkbərov da MTN ləğv edildikdən sonra işdən çıxarılıb.

Rasim Musayevin ailəsi iddia edir ki, Vüsal Ələkbərova 30 min manat rüşvət veriblər. Bunun qarşılığında V.Ələkbərov R.Musayevin işinin həll edilməsində kömək etməli imiş.

Məlumata görə, R.Musayevin "Azəriqazbank"da hesabı olub. O, xarici vətəndaşla birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. MTN-ə çağırılan R.Musayevdən qazandığı pulların, bank hesabında olan vəsaitin haradan alınması soruşulub. Bundan sonra ona qarşı ittihamlar irəli sürülüb və külli miqdarda pul tələb edilib.

Daha sonra Mövlam Şıxəliyev R.Musayevin azadlığa buraxılması üçün onun ailəsindən 1 milyon manat tələb edib. Musayevin ailəsi Yasamal rayonunda olan mənzillərini satıblar. Onlar iddia edirlər ki, R.Musayevin azadlığa buraxılması üçün ailəsindən 200 min manat alınsa da, o, azadlığa buraxılmayıb. Əksinə ona daha bir neçə maddə ilə ittiham irəli sürülüb. Hazırda Musayevin ailəsinə məxsus bağ evi və digər əmlakları həbsdədir.

R.Musayevə MTN-də bildirilib ki, o, qanunsuz əməllərlə ələ keçirdiyi vəsait hesabına bağ evi tikdirib. Amma R.Musayevin ailəsi bağ evini 2004-cü ildə inşa etdirdiklərini bildirirlər. R.Musayev isə 2010-cu ildən işləməyə başlayıb.

R.Musayev bu gün məhkəmə zalından azadlığa buraxılıb. Onun ailəsi və vəkili bu haqda jurnalistlərə açıqlama vermək istəməyiblər.

Əldə etdiyimiz digər məlumata görə, R.Musayevin atası Sahib Musayev oğlu həbs edildikdən bir neçə ay sonra dünyasını dəyişib. Ailəsi bildirir ki, Sahib Musayevin səhhəti oğlunun həbsindən sonra ağırlaşıb. Sahib Musayev "Azərbaycan Dəmir Yolları Qapalı" Səhmdar Cəmiyyətində yüksək vəzifə tutub.

Qeyd edək ki, R.Musayev və ailəsi də "MTN işi"ndə zərərçəkmiş kimi tanınmaları üçün Baş Prokuroluğa müraciət edib.

Bu işlə bağlı daha bir maraqlı məqam üzə çıxıb. Ramin Musayevin 2 ilə yaxındır, həbs edildiyi deyilsə də, onun adı 2012-ci ildə mütəşəkkil dəstə tərkibində yer alırdı. Həmin vaxt bu məlumatı MTN-nin İctimai Əlaqələr Mərkəzi yaymışdı. Məlumatda bildirilirdi ki, Ramin Musayev kompüter informasiyasına qanunsuz daxil olaraq, müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli bilinən mütəşəkkil dəstənin tərkibində həbs edilmişdi.

Rəhman Musayev və qeyriləri internetlə qanunsuz olaraq xarici ölkə vətəndaşlarının "Visa" və "Mastercard" elektron plastik kartlarındakı məlumatlar vasitəsilə onlara məxsus bank hesablarından pul çıxararaq internetlə bir şirkətin hesabına köçürərək, ələ keçirməkdə təqsirli bilinirdilər.

İlkin Muradov,
Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]