İslam

Xorasan yolçuluğu - zəvvarın yol qeydləri - FOTOLAR

9-09-2016, 21:52
Ziyarətə getmək fürsəti Bakıya qayıtdıqdan sonra gözlənilmədən düşdü. Vaxt azlığı olsa da, uzun illərdən sonra düşən bu gözəl fürsəti qaçırmaq olmazdı, mən də elə etdim.

Səfərimiz Bakıdan böyük bir qrupla baş tutacaqdı. Marşrutumuz isə xeyli zəngin idi: Bakıdan Məşhəd şəhərinə, ordan da İraqın Nəcəf, Kərbəla, Kufə, Samirra və Bağdad şəhərlərini gəzəcəkdik.   

İraqda ilk və sonuncu dəfə 2009-cu ilin əvvəlində olmuşdum, Məşhəd isə "qonşuluqda” olsa da, sonuncu dəfə 2008-ci ildə ziyarət etmişdim. Yəni indiki fürsət gerçəkdən "göydəndüşmə” idi. Beləliklə, sentyabrın 4-də artıq Bakı Hava limanında idim, uçağımız günorta Məşhədə doğru havalanacaqdı. 



Bir saatdan çox yubanma ilə yola çıxdıq,  1,5 saatlıq uçuşdan sonra İranın şərqində yerləşən Məşhəd şəhərinə çatdıq. Məşhəddə ilk dəfə böyük zəvvar qrupu təyyarə ilə gəldiyi üçün otel rəhbərliyi maraqlı qarşılanma təşkil etmişdi. Hava Limanı çıxışında azərbaycanlı zəvvarları salamlayan stend asılmış, hər gələn qonağa isə bir gül verirdilər. Zənnimcə, bu cür ucuz başa gələn, ancaq müsbət təsir bağışlayan turizm "fəndlərini” bizim milli turizmçilər də öyrənib tətbiq edə bilərlər. 

Qərib İmamın şəhəri...

8-ci əsrin sonu, 9-cu əsrin əvvəllərində Abbasi xəlifəsi taxtı uğurunda qızğın mübarizə gedirdi. Harun ər-Rəşidin ölümündən sonra onun iki oğlu - ərəb qadından olan Əmin və fars əsilli qadından olan oğlu Məmun hakimiyyət uğrunda qarşı-qarşıya gəlir. Ərəb əyanları Əmini dəstəkləsələr də, Məmun qalib gəlir. Ancaq qalib gəlsə də, anası fars olduğu üçün Məmun ərəb əyanlarından dəstək ala bilmir, daha doğrusu onlara güvənmirdi. Bu səbəbdən də qardaş savaşı zamanı Məmun indiki İranın şərqinə, Xorasan vilayətinə çəkilir və səltənəti ələ keçirdikdən sonra da bir müddət dövləti Xorasandan idarə edir. 


Bu dövrdə Məmun müsəlmanların dəstəyini qazanmaq üçün imamlara, yəni İmam Əlinin (ə) soyindan gələn müqəddəslərə xüsusi yanaşmağa başlayır. Uzun illər, Abbaslilər dövründə də İmam Əli (ə) övladları təzyiq altında qalmışdı. 7-ci İmam Musa əl-Kazim ömrünün 17 ilini Harun ər-Rəşidin hakimiyyəti dönəmində həbsxanada keçirmişdi. Ancaq Məmun daha hiyləgər siyasətçi olduğu və xalq dəstəyinə ehtiyacı olduğu üçün Əhli Beyt müqəddəslərinə yaxınlaşmağa çalışır. Məhz bu məqsədlə xəlifə Məmun o zaman həyatda olan İmam Rzanı (ə) gözlənilmədən özünün varisi elan edir. Hətta Məmunun İmama (ə) diqqət və ehtiramı o qədər olur ki, yaxınında olanlar belə təəccüblənirlər və Məmunu "taxt-tacı Əli (ə) övladlarına qaytarmaq” planından döndərməyə çalışırlar. Lakin Məmun inadla məhz dövrün nüfuzlu şəxsiyyəti, Peyğəmbər (s.ə.s) övladı, İmam Əli (ə) və Fatimə (s.ə) nəslindən olan İmam Rzaya (ə) verəcəyini (özündən sonra – K.R.) elan edir. Bir müddət sonra isə İmam Rzanı (ə) Mədinədən Xorasana – müvəqqəti Abbasi sarayına – dəvət edir... 

İmam Rza (ə) Məmunun dəvət etdiyi Xorasanda elə xəlifənin əmri ilə zəhərlənərək şəhid olur. Tarixçilərin fikrincə, İmam Rzanı (ə) xəlifə Məmun əvvəldən vəliəhd təyin edəndə ona qarşı qəsd təşkil edəcəyini planlaşdırıb və bu səbəbdən də ən yaxın adamların etirazlarını diqqətə almayaraq, İmamı vəliəhd təyin edibmiş. Ancaq daha sonra şiələrin Xorasana axışması, üstəlik, Abbasi sarayı da daxil olmaqla, dövlətin içərisində, xalq arasında İmam Rzanın (ə) nüfuzunun sürətlə artması Məmunu qorxuya salıb. Hətta bir neçə dəfə müxtəlif dinlərə məxsus elm adamlarını toplayaraq İmam Rzaya (ə) qarşı debatlar təşkil etməklə onu nüfuzdan salmağa çalışsa da, bu debatlar uğursuz olur. Və ölkədə sürətlə Əhli Beyt tərəfdarlarının nüfuzunun artması xəlifənin planını yarıda dayandırmağa səbəb olur. Digər tərəfdən, artıq bu dövrdə Məmun hakimiyyətini xeyli möhkəmləndirmişdi, ona qarşı ciddi siyasi rəqib qalmamışdı. Beləliklə, şiələrin 8-ci imamı Rza (ə) Ərəbistan və İraqdan çox uzaqda Tus vilayətində dünyasını dəyişir. 

Bu gün İmam Rzanın (ə) ən məşhur ləqəblərindən biri "qəriblər imamı”dır. Bu günkü Məşhəd ötən 1200 ildə dünyanın müxtəlif yerlərindən gələrək "qərib İmamı” görmək istəyən zəvvarların sayəsində dünyanın ən böyük turist qəbul edən şəhərlərindən biridir. Bayram qabağı olduğu üçün Məşhədə İranın müxtəlif bölgələrindən, eləcə də fərqli ölkələrdən çoxaaylı  zəvvarlar axışıb. 



Ənənəvi olaraq müsəlmanlar "həm ziyarət, həm ticarət” prinsipi ilə bazarlara çıxırlar.

Məşhəd bazarı İranda ən məşhur ticarət mərkəzlərindən biridir. Bura həm də ən ucuz bazar kimi tanınır. Bazarı biz də gəzdik, qiymətlər ucuz olmaqla yanaşı, bolluq diqqəti cəlb edir. Amma Məşhəd bazarını ən maraqlı edən ordakı insanlardır. Təbrizli Seyid Məhəmməd uzun illərdir Məşhəddə yaşayır, ancaq nəinki dilini, hətta ləhcəsini qoruyub saxlayıb. Deyir ki, atası din alimi olub və Məşhəddə yaşadığı üçün onlar da uşaqlıqdan bura köçüblər. 



Seyid Məhəmməd ticarətçi olsa da, İranda məşhur olan işi var: İmam Rzanın (ə) hərəmində xidmətçi kimi çalışır. İranda məşhur insanlar, dövlət xadimləri bəzi vaxtlarda Məşhədə gedərək İmam Rzanın (ə) hərəmində xidmətçi kimi çalışır, insanlara qulluq edir. 

Seyid Məhəmməd də ticarət işi ilə yanaşı, həm də hərəmdə xidmət edir. Bizə də ordan gətirdiyi güllərdən hədiyyə etdi, təbrizli qonaqpərvərliyi ilə özünün dediyi kimi, 7 qatışıqdan olan müalicəvi çayından verdi. Və məşhur adətini dükanda olan hər kəsə tətbiq etdi. 

Çayı uzadarkən əlindən düşürmüş kimi edir və qarşısındakını həyəcanlandırır. Dediyinə görə, bu fəndini Haşimi Rəfsəncani prezident olarkən ona qarşı da Hərəmdə edib və dərhal da qaçaraq evinə gedib ki, indi onu həbs edərlər... 



Son illərdə Yaxın Şərqdə və müsəlman dünyasını saran terror və müharibələr fonunda İranı "sabitlik adası” adlandırmaq olar. İqtisadi embarqoların gətirdiyi sıxıntılar nəzərə alınmazsa İran hazırda sabit, inkişaf edən ölkədir. 

Bunu bazardakı bolluq və alver edən insanlardan da görmək olur. 



Ancaq müharibələrin izləri uzaq Məşhədə də gedib çıxıb. Hərəmin yaxınlığında qurulan stend Yaxın Şərqin savaş gedən ölkələrinə maddi yardım toplamaq məqsədi daşıyır. Küçələrdə və dükanlarda isə son müharibə şəhidlərinin və Yaxın Şərq savaşlarının əfsanəvi komandiri, general Qasim Süleymaninin fotolarını görmək olur. 

İran Qərblə barışsa da, Qərb texnologiyasına qarşı ehtiyatlılıq qalır. İranda internet hələ də ciddi senzuradan keçir. Xüsusi internet filtirləri olmasa, bir çox saytlara, o cümlədən facebooka daxil olmaq hələ də mümkün deyil. Filtrlər isə hökumətin yasaqladığı sayt və məlumatları bloklayır. Ümumilikdə isə internet xeyli zəifdir, oteldə belə internetdən istifadə müşküldür. 

Məşhəddə iki gün qaldıq və növbəti səfər ünvanımız İslamın böyük şəxsiyyəti İmam Əlinin (ə) dəfn olunduğu Nəcəf şəhəri idi. Məşhəd Hava Limanında qarşılaşdığım iraqlı yazarla son durum müzakirəsini çıxsaq, xüsusi bir hadisə olmadı və təyyarəmizin kapitanı "Nəcəf Əşrəf” şəhərinə xoş gəlmisiniz dedikdə qəribə hisslər yaşadıq. İmam Əli (ə) sağlığında Nəcəfdə yaşamasa da, indi hər kəs "təpəliklər diyarını” İmamlar atasının şəhəri kimi tanıyır. Hava limanında isə axşam olmağına baxmayaraq 40 dərəcə qovurucu isti bizi gözləyirdi...

(Yazıların davamı olacaq)
Kənan Rövşənoğlu, 
musavat.com 



 


Administratorla əlaqə

077 611-55-22

[email protected]