İslam

“Dağ” haqqında elmi araşdırma.

31-01-2016, 01:17

Allahın yaratdığı bütün canlı və cansızlar bir hikmət səbəbi ilə xəlq olunmuşdur. Dağ haqqında müxtəlif fərziyyələrin, deyimləri və iddiaları nəzərə alaraq bu yöndə qısa bir araşdırma apardım. Mən bu məsələyə həm dini həm də dünyəvi tərəfdən yanaşdım. Məsələnin daha aydın olması üçün Quranla yanaşı həm də Tövrat və İncilə də müraciət etdim. Sözü uzatmadan birbaşa mətləbə keçək;

Tövrat və dağ.

Tövratda buyrulur: "Və Allah dedi: Həqiqətən mən səninlə olacağam.Mən səni (peyğəmbər olaraq) göndərdiyimə işarə olaraq, sən qövmünü (sənə inananları) Misirdən çıxardığın zaman, bu dağ üzərində Allaha ibadət edəcəksən. (Tövrat: Çıxış, bab: 3;12)

 

Dağ bir növ təsdiqdir.Hələ qədim zamanlardan bəri dağ bir növ işarə və böyüklüyün əzəməti sayılıb.Bu məsələ o qədər insanların arasında geniş yayılıb ki, Allah da o insanların dili ilə onlarla danışır və buyurur: "...Mən səni (peyğəmbər olaraq) göndərdiyimə işarə olaraq, sən qövmünü (sənə inananları) Misirdən çıxardığın zaman, bu dağ üzərində Allaha ibadət edəcəksən. (Tövrat: Çıxış, bab: 3;12)”

Bu məsələ ta Hz Muhəmmədin (s) zamanına qədər davam etdi ki, buna yenə toxunaram.

 

İncil və dağ.

 

İsa dağa çıxdı. (Matta 17:1-13, Luka 9:28-36)

 

Barnabas İncilində də Məryəm oğlu İsanın Zeytun dağında Allaha ibadət edərkən peyğəmbərlik verildiyi nəql olunur. (Barnabas İncili 10-cu bölüm)

 

Təsadüfi deyil ki, yəhudilərə görə onların xilaskarı da bu dağdan çıxacaq.

 

Dağ və Quran.

"Dağ” sözü Quranda təxminən 49 dəfə keçir. Bu yöndə olan ayələr əsasən üç qismdir. 1.Dağlar Allahın qüdrət və əzəmətidir. 2.Dağlar insanlar üçün bir nemətdir. 3.Dağlar bəzən insanın ölümünə səbəb olur.

 

1.Dağlar Allahın qüdrət və əzəmətidir:Allahın yaratdığı heç bir şey təsadüf deyil.Quranda dəfələrlə dağların Allahın qüdrəti olduğu deyilir. Nümunə üçün bir ayəyə baxaq. Nəhl sürəsində buyrulur: "Və yer (zəlzələ ilə və öz oxu və günəş ətrafındakı hərəkətinin pozulması nəticəsində) sizi titrətməsin deyə, onda möhkəm və sabit dağlar saldı. Və həmçinin çayları və yolları bəlkə (dünyəvi məqsədlərinizə və Allahın əzəmətinə) yol tapasınız (deyə qoydu).” (Nəhl sürəsi 15)

Ayənin izahı: 1. Dağlar yerin tarazlıqda və aram qalmasına kömək edir və yerin silkələnməsinin qarşısını alır. Həzrət Əli (ə) dağlar barəsində belə buyurur: "Allah yerin tərpənişini böyük dağlar və möhkəm daşlarla sabitləşdirdi.”( Nəhcul- Bəlağə, x, 91)

2. Dağlar yerdə kök ataraq onun çatlarına yerimişdir.

Yerin iztirabının möhkəm dağlara ehtiyacı olduğu kimi, yer üzü sakinlərinin iztirabının da möhkəm və ilahi insanlara ehtiyacı var. Belə insanlar cəmiyyət üçün aramlıq səbəbidir. Rəvayətlərdə deyilir: "Allah yer əhlini iztirabdan qurtarmaq üçün Peyğəmbər (s) Əhli-beytini yer üzündə sütun qərar vermişdir.” (Təfsiri- Nurus-Səqələyn)

 

Deməli dağ = Peyğəmbər və əhli-beyt = Allahın seçilmiş bəndələri. (Batini dağ)

Yer kürəsinin dağa ehtiyacı olduğu kim, insanların da başqa bir dağa, əhli-beytə ehtiyacı var. Bir cəmiyyətdə peyğəmbər və məsum imam olmazsa o cəmiyyət mənəvi rahatlıq tapa bilməz.

3. İnsanın həyatında dağların mühüm rolu var. Onların qoynunda toplanmış qar kütlələri yazda sular üçün mənbə olur. Dağlar müxtəlif formaya malik olduqlarından müsafirlər üçün yol nişanı kimi istifadə edilir. Bir anlıq təsəvvür edin ki, bütün yer üzü hamardır.Əgər belə olsa həyat üçün çoxlu təhlükələr baş verər ki, dağ olmasa heç vaxt o boşluq dolmaz.Necəki peyğəmbər (s) və imam olmasa onu heç kim əvəz edə bilməz.Onun yerini heç kim- ən böyük alimlər belə verə bilməz.

Deməli dağ = Peyğəmbər və əhli-beyt = Allahın seçilmiş bəndələri. (Batini dağ)

4. Dağlar sabit və möhkəm olduğundan yeri və onun sakinlərini iztirabdan qoruya bilir. Bəli, cəmiyyəti yalnız sabitqədəm və möhkəm şəxs iztirabdan qurtara bilər ki, bu peyğəmbər və imamlardır.

5. Dağlar ilk baxışdan yol üstə maneə kimi görünsə də, əslində yol göstəricisidir. Necəki bəzi zamanlarda insanlar peyğəmbər və imamları qəbul etmək əvəzinə,onların nuru ilə yol getmək əvəzinə bu nuru söndürməyə çalışmışlar. Amma imam onlar üçün maneə deyil rəhmət və bərəkət səbəbi idi. Dağlar həm zahiri, həm də mənəvi hidayət səbəbidir. Zahiri dağlar insanlara dünyada yol göstərdiyi kimi, batini dağlar (peyğəmbər və imamlar da) həm bu dünyada həm də axirətdə insalara yol göstərir. (Dağlar biyabanlarda ən yaxşı yol göstəricisi, eləcə də, allahşünaslıq və Allahın əzəmətinə diqqət yoludur.) Necə ola bilər ki, insanların dünyəvi baxımdan hidayəti (doğru yola yönəldilməsi) üçün əlamətlər müəyyənləşdirən Allah onların mənəvi hidayətinə diqqət yetirməsin? Necə inanmaq olar ki, yerin titrəyişinin qarşısını almaq üçün dağları qərar verən Allah insanların büdrəməsinin qarşısını almaq üçün övliyalar, səbirli və sabit rəhbərlər (Batini dağlar) seçməmiş ola?!

Bütün bunalar bir daha bunu subut edir ki bu düstur heç də elə-belə deyil.

Deməli dağ = Peyğəmbər və əhli-beyt = Allahın seçilmiş bəndələri. (Batini dağ)

 

6.Dağların insan həyatı üçün başqa faydaları da vardır: A) Ən yaxşı bal dağlıq ərazilərdəki arıların balıdır. Bu bal dağ çiçəkləri və otlarından çəkilir. (Arı yuvalarının kənarında yerləşdirilən şəkərdən çəkilən bal – bal keyfiyyətlərinə malik deyildir.)

B) Dağlarda bir çox fayda olduğu bildirilir. Qar saxlaması, yay üçün su ehtiyatı toplanması, hava kütlələrinin dəyişməsindən yaranan sərt küləklərin qarşısının alınması, bitki və canlıların inkişafı üçün münasib mühit yaranması, tikinti üçün müəyyən avadanlıqlar, müxtəlif qiymətli yataqlar uyğun faydalardandır.Dağlar təsadüfən yaradılmamışdır. Onların yaranışı ilahi tədbirə əsaslanır.Dağlar yer üzündəaramlıq səbəbidir. Dağlar olmasaydı, yerdə daxili qazlar səbəbindən şiddətli titrəyişlər yaranardı.Bu titrəyişlər dünyanı viran edərdi və heç bir abadlıq olmazdı. Dağlar arası yollar həm insanları mənzilə çatdırır, həm də onların diqqətini ilahi hikmətə yönəldir. (daha ətraflı bax: Ənbiya sürəsi 31-ci ayənin təfsiri)

Quran subut edir ki "dağlar da canlıdır.” Uca Allah Ənbiya sürəsinin 79-cu ayəsində buyurur: "" Biz onu (həqiqi hökmü) Süleymana anlatdıq. Biz onların hər birinə hökm elm verdik. «Quşlarla birlikdə təsbih etsinlər» deyə dağları Davuda ram etdik. Bu işləri görən Biz idik.”

Dağların təsbihi kiminsə təsbihinin əks-sədası deyil. Dağlar həqiqətən də təsbihdeyir.

Bütün mövcudların, hətta dağların və quşların şüur payı var və onlar Allaha təsbihə məşğuldur.Qurandakı bu cür ifadələr heç də şablon ifadə deyil!

Quran subut edir ki dağlar da daim hərəkətdədir. Uca Allah Nəml sürəsində buyurur: ""Dağları görər və zənn edərsən ki, hərəkətsizdirlər. Halbuki onlar buludlar tək hərəkətdədir. Hər şeyi diqqətlə nizamlamaq Allahın sənətidir. O, gördüyünüz bütün işlərdən xəbərdardır.”

Yer kürəsinin hərəkəti haqqında ilk dəfə italyan alimi Qaliley və polyak alimi Kopernik mə’lumat vermişdir. Bu hadisələr miladın 16-17-ci əsrlərinə təsadüf edir. Qaliley kilsənin təzyiqləri altında tövbə edib öz iddialarından əl çəkdi. Qur’an isə Qalileydən 1000 il əvvəl bir çox ayələrində yerin hərəkəti haqqında xəbər vermişdi. ("Təfsiri-nümunə”)

Kainat hərəkətdədir. Hətta tərpənməz görünən dağlar da hərəkət edir.Dağlar da buludlarkimi sür’ətlə hərəkət edir. Belə bir hərəkətlə yerin aram dayanması ilahi nişanələrdəndir.

Qur’an qiyamət astanasında dağların vəziyyətini müxtəlif şəkillərdə bəyan edir:

1. Zəlzələ, yerin və dağların titrəyişi. ("Muzzəmmil”, 14.)

2. Hərəkət, yerdəyişmə.

3. Parçalanma və qum şəklinə düşmə. ("Vaqiə”, 5, 6.)

Bununla da bildirmək istəyir ki mümkünsüz işlər Allahın iradasi ilə mümkün olur.

Qeyd olundu ki dağlar Allahın qüdrət və əzəmətidir və hidayət (yol tapmaq ) vasitəsidir. Bu barədə ayə və hədislərə işarə olundu. İndi isə batini dağlar haqqında olan bir ayəyə nəzər salaq və birinci hissəni bitirək.

Fatihə sürəsinin 6-cı ayəsində buyrulur: "İlahi bizi doğru yola hidayət elə yönəlt! Nemət verdiyin şəxslərin yoluna...!”

Bu ayənin təfsirində peyğəmbər (s) buyurdu: Günəş vasitəsilə doğru yola hidayət olun.Əgər günəş yoxa çıxsa,ay vasitəsilə hidayət olun,əgər ay yoxa çıxsa,onda Zöhrə ulduzu vasitəsi ilə hidayət olun,əgər Zöhrə ulduzu da yoxa çıxsa,onda bürclərdə olan nurlu ulduzlar vasitəsilə Siratəl-mustəqimə yetişin.

Elə bu zaman soruşdular: Ya Rəsulullah! Söylədiyiniz günəş,ay, Zöhrə ulduzu və bürclərin nurlu ulduzları dedikdə nəyi nəzərdə tutursunuz?

Buyurdu: Günəş özüməm,Əli (ə) aydır,Zöhrə ulduzu Fatimə (s.ə) və Həsən (ə), Hüseyn (ə) isə bürclərin nur saçan ulduzlarıdır. (Şəvahidut-Tənzil – Hakim Həskani, 1-ci cild, səhifə 57)

 

2.Dağlar insanlar üçün bir nemətdir: Yuxarıda (zahiri) dağların faydalarından nümunələr qeyd etdik. İndi isə batini dağlar (imam və peyğəmbər) haqqında da bir nümunə qeyd edək.

Quran buyurur: "And olsun Tur dağına!” (Tur sürəsi 1)

Ayənin İzahı:

 

"Dağ”, "Tur” kəlməsinin mənalarından biridir və biz bunu eşidəndə bütün dağları nəzərdə tuta bilərik. Tur kəlməsinin başqa bir mənası yalnız Həzrəti Musa əleyhis-salamın ibadət üçün getdiyi "Tur” dağına aiddir. Bu dağ Şamla (indiki Suriya) Mədyən arasında yerləşir. Bəzi müfəssirlər buyururlar ki, "Tur” kəlməsi böyük dağ deməkdir.

 

HƏQİQİ TUR İMAM əleyhis-salamdır.

 

"Tur” kəlməsinin batini mənası hər zamanın İmamı deməkdir. Bizim zamanımızda onun həqiqi və batini mənası on ikinci imamımız Həzrət Höccət ibnil Əsgəri Sahibəz-zəman əleyhis-salamdır (11-ci İmamımız İmam Həsən Əsgəri əleyhis-salamın oğlu və on ikinci imamımız İmam Məhdi zəmanəmizin sahibidir.) Yəni necə ki, dağ olmasaydı yer kürəsi parça-parça olardı, eləcə də əgər bir anlıq imam olmasa bütün aləm bir-birinə dəyər. "Nüdbə duasında Allahdan əsrimizin imamının tezliklə zühur etməsini diləyir, ona xitabən deyirik: "Yəbnə Yasinə vəz-Zariyat, yəbnət-Turi vəl-Adiyat” yəni "ey Əliyyibni Əbi Talibin oğlu! Sən elə bir mövcudsan ki, dağ olmasa yer məhv olduğu kimi, sən də olmasan dünya dağılıb məhv olar.” Allah-Taala burada əzəmətli və böyük bir mövcuda and içir.

Deməli dağ = Peyğəmbər və əhli-beyt = İlahi Nemət!

Deməli dünyanın əsl mahiyyəti dağdır!

 

3.Dağlar bəzən insanın ölümünə səbəb olur: Dağ hər nə qədər zahiri və batini faydaları ilə qeyd olunsa da, bəzən isə insanları qorxutmaq, bəzən isə onların ölüm məkanına çevrilib. Diqqət edin! Quran buyurur: "Və yadınıza salın o zamanı ki, sizdən əhd-peyman aldıq və Tur dağını başınızın üzərində saxladıq.”

Ayənin İzahı: Allah İsrail oğullarını qorxutmaq və onlara öz qüdrətini göstərmək üçün Tur dağını onların başları üzərində saxladı.Və onların əksəriyyəti bu möcüzənin qabağında təslim olub səcdəyə düşdülər.

Başqa bir ayə: "Biz Öz nişanələrimizi onlara göstərdik, amma onlar Bizim nişanələrimizdən üz çevirdilər. Onlar dağların qoynunda əmin-aman evlər yonub düzəltdilər. (Amma sonda) sübh çağı ölümcül səs onları yaxaladı.” (Hicr 81-82-83)

 

Dağlar insanları hidayət edir (fayda verir). Amma hamıya yox. Kim ondan faydalansa ona fayda və xeyir verir. İmamlar və Peyğəmbərlər də belədir: Quran buyurur: "Ey iman edənlər! Peyğəmbər sizləri dirildəcək bir şeyə dəvət etdiyi zaman Allahın və onun peyğəmbərinin (s) dəvətini qəbul edin.” (Ənfal 24)

Hər kim bu dəvəti qəbu etməsə o ölüdür. Ölü kimidir. Çünki İslamda diriliyin meyarı yeyib içmək,gəzmək deyil. İslamda diriliyin meyarı imanla ölçülür.Allahdan və onun Rəsulunun yolundan ayrı düşən şəxs ölüdür. Quran buna işarə edərək buyurur: "O adam ki (qəlbi ) ölmüşdü.Biz onu hidayət etdik və onu diriltdik.” (Ənam 122)

Hədis: (Kafirlərə) Baxırsan insan kimi gəzir, yeyir amma ölüdür, gəzir dirilərin içində.

Deməli peyğəmbər və imamları, kim qəbul edib iman gətirsə o səadətə çatar yox bu dəvətdən kim boyun qaçırsa o yolu tapa bilməz. O şəxslər ki batini dağa tabe olmaq əvəzinə onlarla müharibə edir onlar bu vasitə ilə daha çox azğınlığa gedirlər.Və zahirdə ölüdən heç də fərqlənmirlər.

 

Qeyd: Niyə peyğəmbərlər dağa üz tutub?

Cavab: Əvvəla qeyd edim ki yuxarıda dediyim kimi dağlar əvvəlki ümmətlər arasında bir növ işarə və böyüklüyün əzəməti sayılıb.

Peyğəmbər zamanında belə bu zehniyyət insanlarda qalmışdı.Odur ki cahilliyət dövründə ərəblər həcc mərasimindən (İslami həccdən söhbət getmir) sonra dağların üstünə çıxaraq "Mən filankəsin oğluyam,” deyərək öz əməlləri ilə fəxr edirdilər.Bu vasitə ilə öz sahib olduqları gücü nümayiş etdirirdilər. Başqa sözlə desək dağlar bir növ cahilliyyət zamanında özünü cəmiyyətə qəbul etdirmək istəyən insanlar üçün, kibirli çıxışların kürsüsü (minbəri) olub.O zaman sözünü demək istəyən hər kəs bir dağ üstünə çıxararaq öz sözünü çatdırardı. Bu bir növ adət idi. Hətta İslam peyğəmbəri (s) də bəzən çıxış üçün dağın üstünə çıxar və ordan camaata səslənərdi. Bunu deməkdə məqsədim budur ki, dağda baş verən hər hadisə üçün səbəb axtarmaq lazım deyil.

Deməli dağ = Minbər –Kürsü.

Təkəbbürlü insanlar üçün kürsü rolunu oynayan dağ peyğəmbər üçün Təbliğ kürsüsünə, ilahi vəhyin alınma və düşünmə məkanına çevrildi.

 

Hz Musa Tur dağına, Hz İsa Zeytun dağına, Hz Muhəmməd (s) Nur dağına gedərdi.

Səbəbi: Peyğəmbərlərin yaşadığı məntəqələr ümumiyyətlə dağlıq olub.Buna görə də əksər vaxtlarını cəmiyyətdən ayrı olaraq Allaha ibadət etməkdən ötrü dağa gediblər, amma əgər səhralıqda yaşasaydılar mütləq Allaha ibadət etməkdən ötrü səhralığa gedəcəkdilər və onlara gələn vəhylər də səhralarda gələrdi.Deməli həmin məntəqələr dağlıq olduğundan və peyğəmbər də insan cəmiyyətindən ayrılıb tənhalıq və boşluq mühit axtarıb ibadət etdiklərinə görə dağlıq yerdən başqa yerləri olmadığına görə ora üz tutublar.

Yəni peyğəmbərlərin dağa tərəf üz tutması onların düşdükləri mühit ilə əlaqəlidir.Bəzən isə Allahın xüsusi göstərişi ilə dağlara tərəf üz tutublar. (Hz İbrahim kimi)

Bəzən isə onlardan asılı olmayan səbəblərə görə bu belə olub. (Hz Adəm və Həvva kimi)

Bəzən isə çıxılmaz vəziyyətdə dağ sığınacaq rolunu oynayıb. (Peyğəmbərin (s) hicrət zamanı Hira mağarasında gizlənməsi, Əshabi-Kəhfin mağara sığınması kimi)

Bunaları ona görə deyirəm ki, peyğəmbərlərin dağa tərəf üz tutmasını birbaşa dağın gücü ilə, ondakı əzəmət və ya gizli sirlərin mənbəyi kimi təqdim etmək düzgün olmazdı. Dağın mövzumuzla əlaqəsi var. Və bu əlaqəni yuxarıda göstərdim. Lakin yenə deyirəm ki, hər bir "dağ” la bağlı olan məsələdə xüsusi səbəb axtarmaq lazım deyil.

 

QEYD:Quranda olan bütün dağla bağlı ayələr heç də bizim bildiyimiz dağ kimi ifadə olunmur.

Dağ kəliməsi bəzən bənzətmə rolunu oynayır. Məsələn biri deyir: Ürəyimə dağ çəkdin.

Bəzən böyüklüyü göstərmək üçündür. Məsələn deyirik: O dağ kimi insandır.

Bəzən gücü ifadə edir: Məsələn: Arxanda dağ kimi dayanmışam.

Qurandan bir ayəni nümunə üçün qeyd edək: "Musaya vəhy etdik ki, əsanı dənizə vur. Dəniz yarıldı və hər parası böyük bir DAĞ KİMİ DAYANDI. Sonra digər dəstəni (Fir’onun qoşununu) oraya yaxınlaşdırdıq.” (Şura 63-64)

Nəticə.

Apardığım qısa araşdırma nəticəsində bu nətcəyə gəldim ki;

1. Dağ İlahi gücdür.

2. Dağ peyğəmbər və imamlardır.

3. Dağ gücün nümayiş etdirilmə yeridir.

4. Dağ özünü təsdiqin dolayı yolla ifadəsidir.

5. Dağ çağırışdır.

6. Dağ insanların həm maddi həm mənəvi həyatı üçün mühum rol oynayır.

7. Dağ subut və dəlildir.

8. Dağ insanları həm dünya həm də axirətdə hidayət edir. (Bələdçidir)

9. Dağ mənəvi rahatlıqdır.

10. Dağ söz söyləmək üçün kürsüdür.

Dağ sadəcə dağdır

 

Müəllif: Musa Hüseynli /Gənc yazar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]