İqtisadiyyat

Mənzil bazarının “bazarı” bağlanıb

12-11-2016, 00:51

Ekspertlər mənzillərin qiymətinin düşəcəyini ehtimal edirlər, çünki...

 

Ölkənin, xüsusən də paytaxtın mənzil bazarı ilə bağlı gözləntilər təzadlıdır. Əksər ekspertlər bazardan ucuzlaşma gözləyirlər. Həmçinin gələn il də mənzil və torpaq bazarında ucuzlaşmanın olacağı ehtimal edilir. 

Ekspert Nüsrət İbrahimov musavat.com-a açıqlamasında bildirib ki, mənzillərin qiyməti az da olsa, artıma meyllidir. Həm manatla, həm də dollarla ifadədə qiymətlər artıb. Yaxın iki ayda, ilin sonuna qədər də bu artım müşahidə ediləcək. "Səbəb bir tərəfdən mənzil bazarı üçün mövsümi ayların başlanmasıdır. Digər tərəfdən, manatın dollar qarşısında öz dayanıqlığını itirməsidir. Bunlar mənzil bazarına son nəticədə təsir edir” deyə, ekspert vurğulayıb. Onun sözlərinə görə, daşınmaz əmlak bazarında  qiymətlər avqust ayındakı qiymətlərlə müqayisədə dollar ekvivalentində 4,43 faiz artıb. Manatla ifadədə isə artım 2,76 faiz təşkil edib. Onun sözlərinə görə, təkrar daşınmaz əmlak bazarında da qiymətlərdə artım müşahidə olunub. Daşınmaz əmlakın digər seqmentlərində qiymətlərin ucuzlaşması hələ davam edir. Kommersiya obyektləri bazarında, torpaq bazarında azalma var. Mənzillərin kirayəsi bazarında da azalma müşahidə edilib. 

Ekspert Rəşad Əliyev qeyd edib ki, daşınmaz əmlak bazarında aktivlik müşahidə ediləcək. Bu, "Bank Standard” tərəfindən əmanətçilərə sığortalanmış əmanətlər üzrə kompensasiyaların verilməsi ilə bağlı olacaq. Onun sözlərinə görə, bazarda fəallıq olsa da, bu, qiymət artımına səbəb olmayacaq. Ekspert qeyd edib ki, neftin qiymətlərinin dəyişməsi də vəziyyətə ciddi təsir göstərməyəcək. 

Əksər ekspertlərə görə, gələn il mənzil və torpaq sahələri bazarında ucuzlaşma gözlənilir. Səbəb əhalinin real gəlirlərinin azalması ilə bağlıdır. Ekspertlərin fikrincə, son iki ildə daşınmaz əmlakın qiyməti əhalinin neft bumu zamanı yığımlarının xərclənməsi hesabına azalmırdı. Bildirilir ki, hazırda valyuta bazarında yaranmış gərginlik də ev alqı-satqısına təsir göstərir. Potensial alıcılar və satıcılar qeyri-müəyyən vəziyyətdədirlər. 

Ekspert Vüqar Bayramov isə musavat.com-a bildirib ki, ölkənin mənzil bazarında durğunluq davam edir:"2014-cü  ilin payızından başlayan durğunluq davam edir. Durğunluğun davam etməsi alıcılıq qabiliyyətini aşağı salır. Səbəbi onunla bağlıdır ki, mənzil bazarı artıq rentabelli deyil, gəlir gətirmir. Əvvəlki illərdə vətəndaş pulunu mənzilə qoyurdu, bir il sonra satıb on faiz gəlir  əldə edə bilirdi. Mənzil alıb sonra satmaq cəlbedici, rentabelli idi. Amma artıq 2014-cü ilin ortasından başlayaraq, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə paralel olaraq Rusiyadakı böhranın dərinləşməsi Azərbaycanın mənzil bazarının rentabelliyini azaltdı. Artıq mənzil bazarı rentabelli deyil.  Vətəndaş pulunu mənzil bazarında saxlamağa üstünlük vermir. Digər tərəfdən, manat dəyər itirdikcə, mənzil bazarında qiymət dollar ifadəsində azalır. Nəticədə vətəndaş manatını dollara çevirib gözləməyə daha çox üstünlük verir. Gözləyir ki, manat daha da düşsün, sonra mənzil alsın. 

Nəticədə mənzil almaq istəyənlər azalıb. Təklif isə artıb. Artıq mənzili olan şəxslər satmağa çalışır. Ona görə mənzillərin qiymətinin növbəti aylarda azalacağını və durğunluğun davam edəcəyini gözləyirik. Mənzil bazarında canlanma olmayacaq. Bugünkü qiymətləndirmələr göstərir ki, 2013-cü ilədək Bakıda satılan mənzillərin dörddə birini Rusiyada yaşayan azərbaycanlılar alırdı. Rusiyada yaşanan böhran buna da təsir göstərdi. 

Rusiyada mənzillərin aşağı düşməsi Bakıdakı mənzil bazarına mənfi təsir etdi. Güman olunur iki, mənzil bazarında stabilləşmə və canlanma o zaman yaranacaq ki, manat real bazar qiymətini alacaq. Manatın real bazar qiyməti müəyyən olunduqdan sonra vəziyyət dəyişə bilər. Nə qədər liberal bazar qiymətinə, siyasətinə keçilməyib, mənzillərin ucuzlaşmasının davam edəcəyi gözlənilir. Bu ilin sonunda və gələn ilin əvvəlində mənzil bazarında qiymətlərin azalması müşahidə ediləcək”.

Röya RƏFİYEVA

Administratorla əlaqə

077 611-55-22

[email protected]