İqtisadiyyat

Banklar dollar satışını dayandırır

9-11-2016, 16:39

Ekspertlər bildirirlər ki, banklar tələb olunan valyutanı bazara çıxara bilmirlər, çünki...

 

Ölkə bankları yenidən dollar satışını dayandırıblar. Bildirilir ki, bankların əksəriyyəti dollar satmırlar. Bankların bir hissəsi isə limitlə dollar satışı həyata keçirirlər. Ekspertlər dollar satışından imtinanın səbəblərini musavat.com-a açıqlayıblar.
 
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasımda bildirib ki, son günlər dollara olan tələbat kifayət qədər sürətlə artıb: "Amma Mərkəzi Bankın və Neft Fondunun imkanları məhduddur, artan tələbatı sona qədər ödəyə bilmirlər. Keçirilən son hərracda tələb təklifdən üç dəfə çox olub. Yəni bankların valyutaya tələbi Mərkəzi Bankın təklif etdiyi valyutadan üç dəfə çox olub. Rəsmi məzənnə hərraclarda 1,68 səviyyəsinə yaxınlaşıb. Bu, bir daha göstərir ki, valyutaya kifayət qədər böyük tələb var. Bu tələb gözlənilən idi. Çünki hər ilin sonunda büdcə xərcləmələrində də artım baş verir. Qarşıdan yeni il bayramı gəlir, idxal mallarına tələb artacaq. İdxal mallarına tələb artdıqca, valyutaya tələb artacaq. Ənənəvi olaraq, yeni il bayramlarında Azərbaycan vətəndaşlarının az bir hissəsi xarici ölkələrə gedir. 

Bu səfərlər öncəsi həmişə valyutaya tələb artır. Bu da indiki dövrdə valyutaya tələbin artmasına səbəb olub. Banklar bunu çatdıra bilmir. Bankların ehtiyatları kifayət qədər məhduddur ki, tələb olunan valyutanı bazara çıxara bilmirlər. Bu bankların özlərində də ciddi problem var. İlin sonunda bir çox banklar xarici kreditorlar qarşısında olan öhdəliklərini yerinə yetirib borclarını bağlamalıdırlar. Borclarının bağlanması problem olduğu, hətta özləri valyutaya ehtiyac duyduqları üçün hərracda əldə etdikləri valyutanı bazara çıxarıb satmaq istəmirlər. Çünki öz ehtiyacları üçün lazımdır. Bütün bu problemləri bir-birinin üstünə gəldikdə, indiki şərait yaranır və banklar valyuta satmaqdan imtina edirlər”. 

Qeyd edək ki, bir çox ekspertlər bəzi banklar tərəfindən dollar satışına yenidən məhdudiyyətlərin tətbiq olunmasını bank sektorunda sistemdaxili  problemlərin nəticəsi kimi izah edirlər. Bildirilir ki, milli valyutanın  məzənnəsi uzunmüddətli, strateji baxımdan hansı səviyyədə olması əsasən tədiyyə balansı və digər mühüm makroiqtisadi göstəricilərlə bağlıdır. 

Hökumətin iqtisadi siyasətində prioritet istiqamət isə həmin makroiqtisadi göstəricilərdə struktur cəhətdən müsbət dinamikanın formalaşdırılmasından ibarət olmalıdır. Ekspert Fikrət Yusifov musavat.com-a bildirib ki, bu, bəzi bankların daxili problemləridir. Onun fikrincə, ölkə üzrə valyuta bazarında durum sabitdir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]