İqtisadiyyat

Banan niyə kəskin ucuzlaşdı? - Ekspert iki səbəb göstərdi

31-10-2016, 23:21

Ekspert iki səbəb göstərdi - biri inhisarçılığın zəifləməsi, digəri...

 

Son vaxtlar meyvə-tərəvəz bazarlarında ucuzlaşma müşahidə edilir. Kənd təsərrüfatı məhsulları olan kartof, soğan və digər məhsulları nisbətən ucuz qiymətə almaq olur. 

Diqqət çəkən məqamlardan biri də xaricdən idxal edilən bananın kəskin ucuzlaşmasıdır. Belə ki, əvvəllər təxminən 2,50-3 manata satılan bu meyvə indi demək olar ki, yarı qiymətə - 1,5-1,70 qəpiyə təklif olunur. Hətta bəzi yerlərdə 1,2 manata satıldığına da rast gəlmək olur. 

Bəs səbəb nədir? Bəzi ekspertlər bunun səbəbini Azərbaycanda istehsal edilməyən məhsulların ölkəyə idxal xərclərinin aşağı salınması və gömrük sistemindəki islahatlar, monopoliyanın zəifləməsi ilə əlaqələndirir.

İqtisadçı ekspert Natiq Cəfərli isə məsələni bu cür şərh etdi: "Sırf bananla bağlı məsələdə bu, doğrudan da, monopoliya ilə bağlıdır. Əvvəllər banan  Azərbaycanda monopoliyanın simvoluna çevrilmişdi. Ətraf ölkələrdə olan qiymətlərdə ölkəmiz ilə müqayisədə 2-3 dəfə fərq olurdu. İndi isə demək olar ki, qiymətlər eyniləşib. Ən azı Gürcüstan, Türkiyə ilə müqayisə etdikdə qiymətlər bərabərləşib. Bunun səbəbi, təbii ki, monopoliyaların aradan qaldırılması məsələsidir ki, bu, önəmli rol oynadı. İkinci məsələ isə daha qlobaldır. Dünya bazarlarında da bananın qiymətində endirimlər olub. Səbəb xüsusən Latın Amerikasında məhsuldarlığın kifayət qədər yüksək səviyyədə olmasıdır. 2 qutu bananın Ekvadorda satışı 2 dollardan aşağı düşüb. İllərdir ki, dediyimiz məsələdə haqlı çıxdığımız bir daha sübut olunur. Yəni zaman-zaman iqtisadçılar, ekspertlər olaraq bildirmişik ki, Azərbaycanda qiymətlərin yüksək olmasının əsas səbəbi, təbii ki, inhisarçılıqdır”.

İqtisadçı qeyd etdi ki, digər məhsullar üçün də bu cür kəskin endirim gözləmək çətindir: "İndiki dövrdə bu, çətindir. Çünki mövsümi məsələlər də artıq geridə qalır, yerli məhsulların azalması dövrünə qədəm qoyuruq. Və noyabr-dekabr aylarında, əksinə, qiymətlərin daha da artmasını müşahidə edə bilərik. Həmin ərəfələrdə bayramlar gəlir. Azərbaycanda da bayramlardan əvvəl çox pis bir ənənə var, qiymətlər qalxır və bayramdan sonra da həmin qiymətlər qalır, enmir. Yaxın günlərdə ciddi qiymət dəyişiklikləri görməyəcəyik. Çünki yerli məhsullar azalacaq, xaricdən gələn məhsulların da qiymətlərində artım olacaq. Səbəb isə, ən azı son iki həftədə manatın 10 faizə qədər dəyərdən düşməsidir. Bunu da nəzərə alsaq, təəssüf ki, yaxın gələcəkdə qiymətlərdə ucuzlaşma və dəyişiklik gözlənilmir”.

Xalidə GƏRAY

Administratorla əlaqə

077 611-55-22

[email protected]