İqtisadiyyat

Elman Rüstəmovun nəhəng holdinqi çökür - yenilənib

7-10-2016, 01:22
Elman Rüstəmovun nəhəng holdinqi çökür - yenilənib
Səba ASC bəzi işçilərini özhesabına məzuniyyətə göndərməsi ilə bağlı qərarına açıqlama verib. Şirkətdən bildirilib ki, quş əti, süd məhsulları, dərin emal, əkinçilik məhsulları istehsal edən 5 müəssisədən ibarət Səba Açıq Səhmdar Cəmiyyətində 1150 işçi çalışır. Şirkətin əsas istehsal istiqaməti olan quş əti istehsalı müəssisəsinin ziyanla işləməsinə baxmayaraq, 9 aylıq birləşmiş hesabata görə, Səhmdar Cəmiyyəti 2 milyon manatdan yuxarı mənfəət əldə edib.

Xammal və materialların qiymətinin qalxması səbəbindən ziyanla çalışan quş əti istehsalı müəssisəsini rentabelliyə çıxarmaq məqsədilə, şirkət inzibati xərclərin azaldılması qərarına gəlib. Bu da quş əti istehsalında çalışan işçilərdən 50 nəfərin öz hesabına 3 aylıq məzuniyyətə göndərilməsi qərarı olub. Quş əti istehsalı müəssisəsinin 500 manatdan yuxarı əməkhaqqı alan inzibati heyətinin maaşı isə mənfəətə bağlı sistemə keçirilib. Şirkətdən bildirilib ki, Səba quş əti istehsalı sahəsində 800 nəfərdən yuxarı işçi çalışır.  Ötən 9 ayda müəssisənin rentabelliyinin düşməsinə baxmayaraq, 1 nəfər də işdən azad edilməyib.
 
Öz hesabına məzuniyyətin vaxtının belə müəyyənləşdirilməsi məsələsinə də şirkət aydınlıq gətirib. Səhmdar Cəmiyyətdən bildirilib ki, Nazirlər Kabinetinin ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələrinə dəyişikliklərlə bağlı 23 sentyabr 2016-cı il tarixli qərarı şirkətin satış həcminə yaxın vaxtlarda müsbət təsir göstərəcək. Bu da quş əti istehsalı müəssisəsinin yaxın aylarda rentabelliyə çıxmasına və Səba-nın özhesabına məzuniyyətə göndərilmiş işçilərinin yenidən öz iş yerlərinə qayıtmasına səbəb olacaq.

***

Broyler toyuq istehsalı ilə tanınan «Səba» ASC 60 əməkdaşını ödənişsiz məzuniyyətə göndərib.

Bu barədə şirkətin adının çəkilməsini istəməyən əmakdaşı "Turan”-a bildirib. Onun sözlərinə görə, oktyabın 1-də iclas keçirilib və elan edilib ki, bu, istehsal ziyanı ilə bağlıdır.

Bundan başqa, işləyən əməkdaşların maaşı 40% azaldılıb.

Qeyd edək ki, ASC-nin sədri Fuad Ələkbərov dəfələrlə edilən zənglərinə cavab verməyib.

Sentyabrda KİV «Səba» ASC-də gözlənilən ixtisarlar barədə yazmışdı. Amma o vaxt Fuad Ələkbərov informasiyanı təkzib etmiş və bu xəbəri fitnəkarlıq adlandırmışdı.

"SƏBA" ticarət nişanı hazırda "Dəvəçi Broyler" ASC, "Biləsuvar Aqro" MMC və "Qarabağ Taxıl" MMC, "Baku Food Company” MMC və " Dəvəçi Broyler Dərin Emal” MMC şirkətlərini birləşdirir.

Holdinqin təsisçiləri Baku Investment company, MMC  (37%) Azərbaycan İnvestisiya Şirkəti ASC (25%) və 10 nəfər fiziki şəxs. Holdinqin əsas donoru Bank Respublikadır.

Bank Respublika Quliyevlər ailəsinə məxsusdur. Bankın səhmdarlar strukturu belədir. Səhmlərin 16,7%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 8,3%-i isə "Sparkassen International Development Trust" şirkətinə, 16,67%-i Natiq Saday oğlu Quliyevə, 15,18%-i Elçin Saday oğlu Quliyevə, 14,53%-i Sevda Saday qızı Quliyevaya, 14,36%-i Saday Əsəd oğlu Quliyevə, 14,07%-i Mariya Heydər qızı Quliyevaya, qalan 0,19%-i isə 9 fiziki və 3 hüquqi şəxsə məxsusdur.

Bununla belə, mediada yayılan və hələ də təkzib olunmayan məlumatlara görə bankın gerçək sahibi Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdur.

Qeyd edək ki, maliyyə böhranı bu banka da ciddi təsir göstərib. "Bank Respublika" ASC-nin işçilərinin sayı 2015-ci ildə 61 nəfər azalaraq 696-dan 635-ə düşüb. Bu barədə Bankın ötən ilin yekunu ilə bağlı hesabatda bildirilir.
 
Hesabat əsasən, "Bank Respublika"da ilin ilk rübündə işçilərin sayı dəyişməyib. II rübdə 18 nəfər Bankı tərk edib və işçilərin sayı 678-ə enib. III rübdə 8 nəfər "Bank Respublika"ya işə qəbul olunub. Manatın təkrar devalvasiyasının baş verdiyi IV rübdə isə Bank 51 nəfəri işdən çıxarıb.

Görünən budur ki, maliyyə böhranı baş bankirin himayə etdiyi nəhəng holdinqi də çökdürməkdədir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]