İqtisadiyyat

Mehman Sadıqovun fəaliyyəti dövlət maraqlarına uyğun deyil

6-09-2016, 01:41
Tovuz Gömrük İdarəsinin əməkdaşları və rəhbərliyi tərəfindən, yol verdikləri qanun pozuntusu barədə ölkə rəhbərliyinin məlumatlandırılması faktına qarşı açıq-aşkar etinasızlıq nümayiş etdirilir. Eyni mövzuya dair ardıcıl olaraq iki tənqidi material, "Qırmızı Körpü”də şəhid ailəsinin də hüquqları pozuldu” və "Qırmızı körpü” gömrük keçid məntəqəsindən dövlətə xəyanət” başlıqlı iki məqalə dərc etmişdik. Əslində bu yazılarda toxunduğumuz problemlər Tovuz Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən "Qırmızı körpü” gömrük keçid məntəqəsinin bərbad fəaliyyətini əks etdirən iki müxtəlif epizod kimi, ayrı-ayrılıqda araşdırıla bilər. Digər tərəfdən isə, mahiyyət etibarı ilə hər iki epizod biri digərindən doğan, və ya biri digərini tamamlayan faktlar kimi də qiymətləndirilə bilər. Bu günkü araşdırmamızda da biz məsələnin məhz belə qoyuluşunun daha obyektiv yanaşma olduğunu isbatlamağa çalışacağıq. Beləliklə, xatırlatdığımız birinci yazı ("Qırmızı Körpü”də şəhid ailəsinin də hüquqları pozuldu”) Ağstafa rayonu, Vurğun qəsəbə sakini Eyyubov Vahid Nəsib oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanlanmış şikayət teleqramının redaksiyamıza təqdim olunmuş mətn surəti əsasında hazırlanmışdı. Həmin teleqramda "Qırmızı körpü” gömrük keçid məntəqəsinin fəaliyyətində qabarıq formada müşahidə olunan korrupsiya hallarında və digər ciddi nöqsanlardan bəhs edilirdi. Dövlət başçısına ünvanladığı teleqramda Vahid Eyyubov göstərmişdi ki, o, 24 avqust 2016-cı il tarixində özünə məxsus olan 05 BC 388 nömrə nişanlı QAZ 53 markalı avtomobillə Ağstafa rayonu, M.Allahverdiyev küçəsi, ev 64 ünvanında yaşayan şəhid ailəsi Qurbanova Ofelya Rəşid qızının Gürcüstan Respublikasının Lilo bazarından qızı üçün aldığı cehizlik ev əşyalarını, həmçinin Məhərrəm və Nurlan adlı daha iki vətəndaşın şəxsi istifadə üçün aldıqları məişət əşyalarını (müvafiq sənədlər təqdim olunmaqla) "Qırmızı körpü” kömrük məntəqəsinə gətirib. Maşındsa hər bir vətəndaşın adına bir ədəd televizor, bir ədəd soyuducu, bir ədəd paltaryuyan, bir ədəd tozsoran olub. Lakin gömrük məntəqəsinin əməkdaşları heç bir qanuni əsas olmadan, həm avtomobili, həm də vətəndaşlara məxsus məişət əşyalarını məntəqədə saxlayıblar. Bu barədə Vahid Eyyubovun teleqramında deyilir: "Rəis Mehman Sadıqovun göstərişi əsasında mənə məxsus olan avtomobili "Qırmızı körpü” məntəqəsində möhürləyib saxlayıblar. Halbuki, Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən hər bir vətəndaş xarici ölkədən şəxsi istifadə üçün 1500 (min beş yüz) dollar dəyərində əşya alıb gətirə bilər. Mehman Sadıqov özü bilərəkdən 305 saylı qərarın əksinə gedərək bizi incidir...” Artıq qeyd etdiyimiz kimi, gömrük məmurlarının bu dəfəki özbaşınalıqlarından sadəcə bir nəfər deyil, eyni vaxtda bir neçə vətəndaşın hüquqları pozulmuşdur ki, bunların da arasında şəhid ailəsinin olması vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Təbii ki, hüquqları pozulmuş vətəndaşların sayı artdıqca, yuxarı instansiyalara ünvanlanan şikayətlərin də sayı artır. Belə ki, hüquqları pozulmuş Ofelya Qurbanova, eləcə də Ağstafa rayonu, Vurğun qəsəbə sakinləri Məhərrəm Rzayev və Nurlan Əsgərli də öz növbələrində başlarına gələnlərlə bağlı ölkə rəhbərliyinə şikayət teleqramı ünvanlamışlar. Bu müraciətdə də Vahid Eyyubovun təqdim etdiyi faktlar tamamilə təsdiq olunur: "Mən, şəhid ailəsi Qurbanova Ofelya və Ağstafa rayonu Vurğun qəsəbə sakinləri Rzayev Məhərrəm və Əsgərli Nurlan, yol xərcimiz az olsun deyə, birləşərək Vurğun qəsəbə sakini Eyyubov Vahid Nəsib oğlundan xahiş etdik ki, ona məxsus olan 05 BC 388 nömrə nişanı olan QAZ-53 markalı maşınla bizə kömək etsin. O da sözümüzü eşitdi və təmənnasız olaraq 24.08.2016-cı il tarixdə bizi məişət əşyaları almaq üçün Gürcüstan Respublikasının LİLO bazarına apardı... Gürcüstandan qayıdan zaman "Qırmızı körpü” gömrük məntəqəsində növbə rəisi Səid müəllimə aldığımız malların sənədlərini təqdim etdik. O, bizim təqdim etdiyimiz sənədlərin saxta olduğunu bildirərək onları qəbul etmədi. O, bizdən soruşdu ki, nə üçün bütün əşyaları bir maşınla eyni vaxtda gətirirsiniz, bir-bir ayrı-ayrı maşınlarla gətirmirsiniz? Biz ona dedik ki, xərcimiz az olsun deyə birləşib bir maşın tutmuşuq. Doğrudanmı o, başa düşmür ki, bu yolla gətirilən əşyanın yol pulu onun özündən çox olar? Cavabında o, bizi incidərək 5-6 saat kömrük məntəqəsində saxladı, sənədlərimizi üstümüzə ataraq maşınımızı möhürlədi və bildirdi ki, kimə istəyirsiniz şikayət edin, mən bu maşını və malları buraxmayacağam. Biz də məcburiyyət qarşısında Sizə müraciət etdik. Xahiş edirik ki, bizə kömək edəsiniz”. İndi də gəlin hadisələrin hansı yönümdə inkişaf etdiyini izləyək. Dünən redaksiyamıza Ofelya Qurbanova tərəfindən imzalanmış və yenidən Ölkə Prezidenti İlham Əliyev cənablarına, eləcə də Dövlət Kömrük Komitəsinin sədri cənab Aydın Əliyevə ünvanlanmış daha bir müraciətin surəti daxil olub. Bu ərizədə də yuxarıda artıq təqdim etdiyimiz hallar təkrar qeyd olunduğundan, müraciətin mətnini tam dərc etmirik. Yalnız müəyyən çıxarışlarla, diqqəti "Qırmızı körpü” gömrük məntəqəsi əməkdaşlarının sonrakı hərəkətlərinə yönətmək istəyirik. Görün bu barədə ərizədə nə yazılıb: "...26.08.2016-cı il tarixində göndərdiyimiz teleqram 16:30-da Prezident Administariyasının ümumi şöbəsi tərəfindən alınmışdır. ...01.09.2016-cı il tarixində Vahid Eyyubova zəng edərək sürücünü və biz vətəndaşları şəxsi istifadə üçün gətirdiyimiz əşyaların götürülməsi üçün Tovuz Gömrük İdarəsinə dəvət etdilər. Biz dəvəti hörmətlə qəbul edərək getdik. Adlarını bilmədiyimiz gömrük əməkdaşları bizə hörmətsizlik edərək, lağ etdilər və dedilər: "Nə qanun? Biz sizinlə belə etməsək, onda hamı gedib ev əşyalarını xaricdən gətirər...” Onların bu hərəkəti birbaşa moniopoliyaya şərait yaratmaq olur. Bu isə, cənab Prezidentin moniopoliyanın aradan qaldırılması çağırışına ziddir. Biz vətəndaşlar Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun neqativ və hörmətsiz əməkdaşlarına izahat verməkdən imtina edərək, Respublika səviyyəsində bizim maşının və mallarımızın qanunsuz saxlanması səbəblərini araşdırmaq üçün komissiya təşkil olunmasını tələb edirik. Cənab Prezidentə ünvanladığımız şikayət ərizəsinə və teleqramlara məhəl qoymayan Mehman Sadıqov və onun tabeliyində olan əməkdaşlar öz çirkin mövqelərindən geri çəkilməyərək, sürücünün maşınını özünə verməkdən və bizim şəxsi istifadə üçün aldığımız ev əşyalarını özümüzə qaytarmaqdan imtina edirlər... Cənab Prezident! Biz vətəndaşlar Sizin xarici və daxili siyasətinizi dəstəkləyirik! Sizdən artıq dərəcədə xahiş edirik ki, müxalif fikirli gömrrük məmurlarının biz vətəndaşlara və xalqa qarşı qanun pozuntularına yol vermələrinin qarşısını alasınız və sərt tədbirlər görülməsi üçün Respublika Prokurorluğuna bu işi araşdırnaq barədə göstəriş verəsiniz”. Göründüyü kimi, gömrük idarəsi və gömrük keçid məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən dövlət qurumlarının əməkdaşları və rəhbərliyi tərəfindən, hətta yol verdikləri qanun pozuntusu barədə ölkə rəhbərliyinin məlumatlandırılması faktına qarşı belə açıq-aşkar etinasızlıq nümayiş etdirilir. Əslində bir o qədər də inandırıcı səslənmir, elə deyilmi? Amma, bax elə məhz bu məqamda yuxarıda xatırlatdığımız ikinci yazıda ("Qırmızı körpü” gömrük keçid məntəqəsindən dövlətə xəyanət”) təqdim olunmuş faktları yada salmaq lazımdır. Həmin yazıda isə qeyd olunmuşdu ki, bəzi hallarda "Qırmızı körpü” gömrük keçid məntəqəsində cərəyan edən hadisələr, sanki kimlərinsə qəsdən Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək, həmçinin vətəndaşları hakimiyyətdən narazı salmaq kimi qara niyyətini büruzə verir. Lakin bu məntəqənin fəaliyyətində müşahidə olunan və dövlət maraqlarının ziddinə yönələn halların burada yer alması əslində təəccüb doğurmamalıdır. Əgər nəzərə alsaq ki, bu gün "Qırmızı körpü” gömrük keçid məntəqəsində xidmət edənlərin arasında ailə üzvləri dövlətə xəyanətdə ittiham olunan şəxslər də var, bu zaman məntəqədə baş verənlərə artıq tam fərqli prizmadan baxmaq olar. Məqalədə biz vurğulamışdıq ki, əlimizdə olan dəqiq məlumata görə, "Qırmızı körpü” gömrük keçid məntəqəsinin əməkdaşlarından birinin qardaşına qarşı məhz dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülüb. Həmin şəxs həbs olunub və hazırda faktla bağlı istintaq aparılır. Bu şəxsin qardaşı isə, məhz Mehman Sadıqovun himayəsində olmaqla, bu gün də birbaşa dövlətimizin sərhəddində, "Qırmızı körpü” gömrük keçid məntəqəsində oturaraq, həm dövləti, həm də xalqı talamaqda davam edir. Beləliklə, bütün bu deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov özünün və rəhbərlik etdiyi qurumun fəaliyyətini heç də dövlət mənafeylərinin təmin olunması prinsipləri əsasında qurmayıb. Hələlik, biz bu fəaliyyətin əslində kimlərin maraqlarına xidmət etməsi barədə konkret fikir yürütmək istəmirik. Amma bir həqiqəti vurğulamaq mütləq lazımdır. Əgər, kimliyindən asılı olmayaraq, hər hansı bir subyektin maraqları dövlətimizin mənafeyi ilə ziddiyyət təşkil edirsə, bu zaman bir dövlət məmurunun həmin maraqların təmin olunmasına səy göstərməsi, həqiqətən də dövlətə xəyanət kimi qiymətləndirilə bilər... Materialda adı keçən bütün tərəflərin öz mövqeyini bildirmək hüququ var.
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]