İqtisadiyyat

Hökumətin üzən məzənnədən imtina etməsi mümkündür? – Ekspert rəyi

31-08-2016, 23:37

Əkrəm Həsənov: "Azərbaycanda üzən məzənnə yoxdur. Manatın məzənnəsi əvvəlki kimi inzibati yolla müəyyən olunur”

 


"Ya yenə kəskin devalvasiya olacaq və dollar artıq yeni yüksək məzənnə ilə satılacaq, ya da Neft Fondu xaricdəki aktivərini satıb ölkəyə dollar gətirib cari məzənnə ilə satacaq”

Bu sözləri PİA.AZ-a hökumətin üzən məzənnədən imtina ediləcəyi və kəskin devalvasiyaya gedəcəyi  ilə bağlı yayılan məlumatları şərh edərkən bank üzrə ekspert Əkrəm Həsənov bildirib.

Xəbər verdiyimiz kimi dünəndən başlayaraq bir çox banklar dollar satışını dayandırıblar. Satışın dayandırılmasının səbəbini banklar izah etməkdə çətinlik çəkiblər və bildiriblər ki, bu "bankın daxili qərarıdır”. Bir neçə bankdan verilən xəbərə görə isə bütün növ xarici valyutanın satışını dayandırıblar. Onu da qeyd edək ki, dünən hərracda 29 kommersiya bankı Dövlət Neft Fondunun satışa çıxardığı 50 milyon dolları alıb. Qeyri-rəsmi məlumata görə, tələbat təklifdən xeyli yüksək olub.

Bəzi KİV-lərdə isə hökumətin üzən məzənnədən imtina ediləcəyi və kəskin devalvasiyaya gedəcəyi  ilə bağlı məlumatlar dərc edilib. Bu iddialar barədə nə demək olar? Ümumiyyətlə hökumətin üzən məzənnədən imtina etməsi mümkündürmü və bu baş verərsə, ölkənin maliyyə bazarına necə təsir edə bilər?

Bu suallarla PİA.AZ-ın əməkdaşı bank üzrə ekspert Əkrəm Həsənova müraciət edib. Ekspert qeyd edib ki, bankların dollar satışını dayandırması qara bazarı fəallaşdırıb və belə vəziyyət təbii ki, çox davam edə bilməz. Bu yaranmış problem yaxın günlərdə həll olunmalıdır:



Əkrəm Həsənov: "Növbəti kəskin devalvasiya banklar üçün ciddi problem olacaq”.


"Əvvəla, Azərbaycanda üzən məzənnə yoxdur. Manatın məzənnəsi əvvəlki kimi inzibati yolla müəyyən olunur. Yəni Mərkəzi Bankın iradəsi ilə. Buna görə də imtina ediləsi bir şey yoxdur. Sadəcə Mərkəzi Bank banklara hazırda tələb olunan qədər dollar satmır, buna görə də banklar da müştərilərinə dollar satışını ya tam dayandırıb, ya da məhdudlaşdırıb. Nəticədə gözlənildiyi kimi qara bazar fəallaşıb. Belə vəziyyət təbii ki, çox davam edə bilməz. Bu yaranmış problem yaxın günlərdə həll olunmalıdır. Yəni dollar satışı davam etdirilməlidir. Bu zaman 2 variant mümkündür: 

1) Ya yenə kəskin devalvasiya olacaq və dollar artıq yeni yüksək məzənnə ilə satılacaq; 

2) Ya da Neft Fondu xaricdəki aktivərini satıb ölkəyə dollar gətirib cari məzənnə ilə satacaq.

İkinci halda valyuta ehtiyatlarımız kəskin azala bilər. Buna görə də ehtimal edirəm ki, Neft Fondu və Maliyyə Nazirliyi buna etiraz edir və birinci variantı təklif edirlər. Əksinə, Mərkəzi Bank 2-ci variantı təklif edir, çünki növbəti kəskin devalvasiya banklar üçün ciddi problem olacaq. Yəni dollar kreditlərini qaytarmaqda əhali onsuz da çətinlik çəkirlər, bundan sonra daha da çətin olacaq”.

Nərminə UMUDLU

Administratorla əlaqə

077 611-55-22

[email protected]