Manat kreditləri niyə qaytarılmır? - ŞƏRH
MilliYol.Az xəbər verir ki, bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov deyib.
Əkrəm Həsənov bildirib ki, həm əhali, həm də sahibkarlar nəinki dollar, həmçinin manat kreditlərini də ödəmir: «Bir qismi maliyyə çətinliyi ucbatından ödəmir. Bir qismi isə bilərəkdən ödəmir».
Ekspertin fikrincə insanlar manatın kəskin devalvasiyasını və nəticədə borclarının heçə çevrilməsini gözləyirlər. Təxmini belə düşünürlər: «Qoy bank məni versin məhkəməyə, məhkəmə prosesini aşağısı 1,5-2 il uzadaram, o vaxta qədər də manat bir neçə dəfə dəyərdən düşər (devalvasiya və inflyasiya olar, qiymətlər və maaşlar artar və s.), lap faizləri və cəriməsi ilə birgə də qaytarsam, ciddi məbləğ olmayacaq. O vaxtadək də əlimə düşəni dollara çevirib gözləyərəm...»
Əkrəm Həsənovun sözlərinə görə, elə banklar da məhz bu səbəbdən hazırda manatla kredit verməkdən yayınır:
«Mərkəzi Bankın yarıtmaz pul siyasəti və bank nəzarəti, eyni zamanda bankların da acgöz və qeyri-peşəkar fəaliyyəti hazırda özlərinə qarşı işləyir və nəticədə ölkənin maliyyə sistemini uçuruma aparır». (MilliYol.Az)