İqtisadiyyat

General qızının 8 milyonluq dələduzluq piramidası...

7-07-2016, 13:44

Yaxud MTN-nin şantaj və ölüm maşınına meydan oxuyan yəhudi iş adamı kim olub?

Saytımızda ləğv edilən MTN-nin hazırda azadlıqda olan generallarından birinin qızının Dubay şəhərində iş və mənzil arzusunda olan xeyli sayda azərbaycanlı sahibkara milyonlarla manat məbləğində «pul atdığından» bəhs etmişdik.

Bu gün moderator.az-a məlum olayla bağlı yeni təfərrüatlar daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, general qızı sahibkarlardan pul almaq üçün konkret vasitəçilərin köməyindən istifadə edib ki, bu vasitəçilərdən biri onun Ceyran adlı rəfiqəsi olub:

«Sabiq generalın qızı atasının nüfuzu və özünün Dubaydakı əlaqələrindən istifadə edərək azərbaycanlı sahibkarların BƏƏ-lə bağlı mənzil və iş arzularını gerçəkləşdirə biləcəyi ilə bağlı əminlik hissi formalaşdırır, bu məsələdə vasitəçilərin köməyindən iştirak edirdi. Bu məsələdə general qızına yaxından kömək edən şəxslərdən biri isə onun yaxın rəfiqəsi, Ceyran adlı şəxs olub. İş adamlarının bir çoxundan pullar məhz bu şəxs tərəfindən alınaraq general qızına ötürülüb. Mümkün qədər pul toplamaq üçün daha bir neçə şəxsin vasitəçiliyindən istifadə edən və buna görə onları səxavətlə mükafatlandıran çinovnik qızı özünəməxsus dələduzluq piramidası formalaşdırır. Bu piramidanın başında dayanan əlçatmaz, ünyetməz şəxs kimi onunla yalnız vasitəçilərin köməyi ilə təmas qurmaq mümkün olub».

Mənbənin sözlərinə görə, sahibkarların inamından sui-istifadə edən general qızı «bir nəfəsə» 8 milyon dollar məbləğində pul mənimsəyib:

«Asan yolla milyonlara sahib olmağı qarşısına məqsəd qoyan «xeyirxah qız» vasitəçilərin köməyi ilə qısa müddət ərzində 8 milyon dollar məbləğində pul yığmağa nail olur. Bundan sonra öz qurbanları ilə əlaqəni kəsərək bu vəsaitin bir hissəsini özünün və atasının Dubaydakı biznesinə sərf edir. «Qazandığı» pulların bir hissəsi ilə isə Dubay həyatının gözəlliklərini yaşayan, öz əyləncələri üçün gen-bol pul xərcləyən general qızından narazılığını dilə gətirən şəxslər isə qısa müddətdə MTN tərəfindən susdurulur».

Bilgili qaynağın sözlərinə görə, həmin dönəmdə general qızına yalnız bir nəfər sona qədər müqavimət göstərir ki, bu da yəhudi əsilli iş adamı olur. Bu şəxs və onun kimliyi haqqında qarşıdakı günlərdə oxuculara ətraflı məlumat verməyə çalışacayıq.

Mövzunu davam etdirəcəyik.

Anons:

1. MTN generalı yəhudi iş adamını niyə susdura bilməyib?

2. Azərbaycanla əlaqəsini üzən iş adamları öz pullarını almaq üçün hansı vasitələrdən istifadə edib?

3. General qızının Dubay dələduzluğundan xəbər tutan Eldar Mahmudov general nə məsləhət görüb? 

Administratorla əlaqə

077 611-55-22

[email protected]