İqtisadiyyat

"Parabank"dakı 40 milyonluq qalmaqalla bağlı prezidentə ŞOK MÜRACİƏT

3-06-2016, 13:56
"Parabank"dakı 40 milyonluq qalmaqalla bağlı prezidentə ŞOK MÜRACİƏT"Parabank”la "Kia-Motors” MMC-nin səs-küylü 40 milyonluq cinayət işi ilə bağlı həbs olunan sabiq bank əməkdaşı Ülvi Kazımovun anası Maya Kazımova, yenidən Prezident İlham Əliyevə müraciət edib.

Arqument.Az xəbər verir ki, M.Kazımova oğlu ilə birlikdə sözügedən iş üzrə həbs edilən daha bir nəfərin – Yaşar Mehdiyevin təcridxanadakı qəfil və müəmmalı ölümündən sonra oğlunun həyatının təhlükədə olduğunu bildirib: "Oğlum Kazımov Ülvi Elçin oğlunun həyatı üçün hər an təhlükə gözlənilir. Belə ki, həmin bu iş üzrə oğlumla bir yerdə qanunsuz həbs olunmuş, ağır xəstəliyi olmayan Yaşar Mehdiyev 21.05.2016-cı il tarixində, Bakı İstintaq Təcridxanasında qəflətən ölüb. Mən bir ana kimi, oğlumun həyatının təhlükədə olmasından narahatam.

Əgər oğlum Kazımov Ülvinin başına bir iş gələrsə, bunun "KİA Motors AZ” MMC-nin rəhbəri Səxavət Səfərov tərəfindən həyata keçirilməsinin mümkün ola biləcəyini bildirirəm. Çünki Abbasov Fərhadın "Parabank”ın Nəsimi filialında "özü-özünə” 8 bıçaq zərbəsi vuraraq, guya "intihar” etməsi, Mehdiyev Yaşarın Bakı İstintaq Təcridxanasında qəflətən müəmmalı ölüm faktları məni belə düşünməyə vadar edir”.

M.Kazımova Prezidentdən oğlu Kazımov Ülvi Elçin oğlunun təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyati qurumlara tapşırıq verməsini xahiş edib.

Xatırladaq ki, sözügedən cinayət işi ilə bağlı mətbuatda dəfələrlə yazılar dərc olunub. Cinayət işinin başlanmasına səbəb kimi "Parabank”ın "Nəsimi” filialının bunkerində "Kia Motors” MMC-nin qeydiyyata salınmayan, dövlətdən gizlədilərək saxlanılan 40 milyona yaxın vəsaitinin olması, onun qeyri-qanuni dövr etdirilməsi və bu pulun müəyyən hissəsinin yoxa çıxmasından sonra bir nəfərin müəmmalı şəkildə ölməsi göstərilir.

Məlumatlarda bildirilirdi ki, "Kia Motors Az” MMC-nin rəhbəri Səxavət Səfərov qohumluq əlaqələrində olduğu "Parabank”ın "Nəsimi” filialının rəhbəri Bəhruz Mirzəyevlə sövdələşərək, qeyd olunan məbləğdə vəsaitini heç bir sənədləşdirmə aparmadan bankın xəzinəsində saxlamaqla, vergi uçotundan gizlədib.

Məlumatlara görə, "Parabank” ASC-də dəfələrlə audit yoxlamaları aparılan zaman bankın xəzinəsinin bunkerində böyük qutulara yığılmış "Kia Motors Az” MMC-nin gizlətdiyi pul baratları aşkar olunsa da, bu barədə heç bir tədbir görülməyib, sənədləşdirmə aparılmayıb.

Lakin manatın birinci devalvasiyasından sonra banklarda aparılan sistemli yoxlamalar zamanı "Parabank”ın illərdir apardığı qanunsuz əməlləri ifşa olunub və bununla bağlı Bakı Şəhər Prokurorluğunda 120046164 №-li cinayət işi açılıb. İstintaq zamanı məlum olub ki, "Kia Motors Az” MMC-nin bankda saxladığı vəsaitin 680 min manatı 2012-ci ildə yoxa çıxıb.

Mayın 21-də isə 3 aydır ki, "KİA Motors Az” MMC-nin iddiası əsasında həbs olunmuş Yaşar Mehdiyev dünyasını dəyişib. Onu da bildirək ki, Yaşar Mehdiyev "Parabank” və "KİA Motors Az” MMC-nin adı keçən səs-küylü 40 milyonluq qalmaqala görə həbs olunan 3 nəfərdən biridir. Onun ölümü bu işdə ikinci müəmmalı ölüm faktıdır. Bundan əvvəl "Kia Motors Az” MMC-nin sahibi Səxavət Səfərovun etibarlı adamı kimi "Parabank”ın "Nəsimi” filialına təyin etdiyi Abbasov Fərhad Cəfər oğlu da müəmmalı şəkildə intihar etmişdi.


Maya Kazımova bütün qeyd olunanlara görə, qanunsuz şəkildə həbs edilmiş oğlu Ülvi Kazımovun həyatı üçün hər an təhlükə gözlənildiyini bildirib. O, cinayət işinin istintaqının Bakı Şəhər Prokurorluğunda qanunsuz, sifariş əsasında aparıldığını iddia edir. Bakı Ağır Cinayətlər məhkəməsində hakim Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi ilə işin qeyri-obyektiv araşdırıldığını və məhkəmə prosesi yekunlaşmadan, oğlunun həbs edildiyini bildirir.

Mehdiyev Yaşarın Bakı İstintaq Təcridxanasında qəflətən müəmmalı ölümü Maya Kazımovada hazırda həbsdə olan oğlunun taleyi barədə haqlı narahatlıq yaradıb: "Mən bir ana kimi, oğlumun həyatının təhlükədə olmasından narahat olaraq, Sizi bu barədə məlumatlandırıram”.

Arqument.Az

Administratorla əlaqə

077 611-55-22

[email protected]