İqtisadiyyat

Azad Rəhimov «Gillette»ni satmaq qərarı verdi - təfsilat

21-05-2016, 19:18

Kasıblayan nazir məşhur brendin patentini Asiya ölkələrinə 3 milyard dollara təklif edib.

Gənclər və İdman naziri Azad Rəhimov son dövrlər biznesində ciddi sıxıntılar yaşamaqla yanaşı, həm də böhrandan dolayı külli miqdarda pul itirib. Politika.Az xəbər verir ki, nazir üzləşdiyi kasıbçılıqdan dolayı əlindəki bəzi bizneslərini satmaq qərarına gəlib.

Mənbənin verdiyi məlumata görə, Rəhimovun əsas gəlir gətirdiyi biznesi məşhur brend olan «Gillette», yaxın vaxtlarda başqa bir iş adamının əlinə keçə bilər. Politika.Az-a daxil olan məlumatlarda vurğulanır ki, Asiya ölkələri üzrə nümayəndəliyi almış nazir, bunun üçün ilk başdan 1 milyard dollara yaxın pul xərcləyib. Nümayəndəliyi əldə etdikdən sonra isə sözügedən üz təraşı sektorunda ad çıxarmış markadan xeyli gəlir də əldə edib. Amma son dövrlər gəlirlərin aşağı düşməsi və «Gillette»nin rəqiblərinin çoxalması Rəhimovu çətinə salıb. O səbəbdən də bu markanı satmaq qərarına gəlib.

Mənbələrin bildirdiyinə görə, şirkətin Asiya nümayəndəliyini satışa çıxaran azərbaycanlı nazir ona heç də kiçik olmayan qiymət qoyub. Belə ki, Azad Rəhimovun bazara çıxardığı nümayəndəlik 3 milyard dollara satılmalıdır. Düzdür, «Gillette» üçün bu rəqəm elə də böyük deyil. Çünki ciddi markadır və böyük bazarları var. Lakin indiki məqamda ona 3 milyard dolların verilib, verilməyəcəyi sual altındadır. Çünki əksər varlı iş adamları böhranla mübarizə aparır və gəlirlərində ciddi azalma var. Üstəlik, indiki məqamda 3 milyard dolları birdən ödəmək də ayrıca problemdir.

Politika.Az-a çatan məlumatlara görə, şirkətlə bağlı müştərilər var. Amma onların təklifləri Azad Rəhimovu qane etmir. Belə ki, təklif olunan rəqəm 1,5 milyard dollardır. Bu da nazirin təklifindən iki dəfə ucuzdur ki, GİN rəhbəri buna getmək fikrində deyil.

Xatırladaq ki, «Gillette» markası dünyada kişilər üçün bir sıra məhsullar buraxır. Kosmetik vasitələrlə yanaşı, üzqırxanlara qədər hər şeyin istehsalı ilə məşğul olan sözügedən markanın Asiya nümayəndəliyi isə Azad Rəhimovdadır. O, bu imkanı 7-8 il bundan əvvəl əldə edib. Həmin nümayəndəliyin əsas missiyası odur ki, şirkət öz məhsullarını yalnız Azad Rəhimovun nəzarəti altında Asiya bazarına çıxara bilər. Və satılan hər bir məhsuldan nazirə pul çatır. Çünki o, əvvəlcədən külli miqdarda pul ödənişi edib.

Politika.Az xəbərdarlıq edir: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]