İqtisadiyyat

Azərbaycanda niyə biznes ombudsmanı yoxdur?

4-03-2016, 13:40

Oqtay Haqverdiyev: «Bu funksiyasını yerinə yetirən qurumlar var»

Son zamanlar Azərbaycanda baş verən iqtisadi və siyasi hadisələr fonunda sahibkarların incidilməsi və onların işlərinə süni maneə yaradanların olduğu ictimaiyyətdə geniş müzakirələrə səbəb oldu. Elə bu müzakirələr əsnasında Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının yanında Apelyasiya Şuralarının yaradılmasına başlanılıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov şura ilə bağlı açıqlamasında bildirib ki, burada məqsəd sahibkarlar, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən mərkəzi icra hakimiyyəti, yaxud da yerli icra hakimiyyəti orqanlarının verdiyi qərarlardan, onların hərəkətsizliyindən daxil olan şikayətləri araşdırıb qərar qəbul etməkdir.

Dünyada bir sıra ölkələrdə, o cümlədən şimal qonşumuz olan Rusiyada ayrıca olaraq sahibkarların hüquqlarını qorumaq, onlara qarşı yaradılan maneələri araşdırıb müvafiq addımların atılması üçün biznes ombudsmanı fəaliyyət göstərir.

Bəs Azərbaycanda nə üçün belə bir qurum yaradılmır?

Məsələ ilə bağlı musavat.com-da danışan Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisad elmləri doktoru Oqtay Haqverdiyev bildirib ki, əslində Azərbaycanda ombudsman funksiyasını yerinə yetirən qurumlar var: «Azərbaycanda adı fərqli olsa da sahibkarların işinə nəzarət funksiyasını yerinə yetirən qurumlar hər zaman olub. Xarici ölkələrlə müqayisə etsək, bir çox sahələrdə bu kimi halları görmüş olarıq. Məsələn, Rusiyada uşaq ombudsmanı var, ancaq bizdə belə adlanmır. Bizdə bunun adı komitə gedir.

Yəni funksiya baxımından demək olar ki, eynidir. Azərbaycanda ombudsman demək olar ki, əsasən insan haqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir. Xaricdə olan ixtisaslaşdırılmış ombudsmanlar isə konkret olaraq öz sahəsi üzrə məşğul olur. Onlar sahələri üzrə bütün şikayətlərə baxırlar və açıq şəkildə harada hansı neqativ halın baş verməsini açıqlayırlar. Bunun funksiyası ondan ibarətdir. Azərbaycanda da qeyd etdiyim kimi, ad fərqli olsa da, funksiya etibarı ilə eynilik təşkil edən qurumlar yox deyil. 

Məsələn, götürək Hesablama Palatasını. Hesablama Palatasının funksiyası büdcə vəsaitlərinin necə və hara istifadə olunmasını araşdırıb üzə çıxarmaqdır. Sonra bu qurum qeydlərini ya Milli Məclisə, ölkə başçısına, yaxud da hüquq-mühafizə orqanlarına verir ki, bu da əslində ombudsmanın funksiyası ilə eynidir. Sadəcə olaraq, yaxşı olardı ki, Azərbaycanda konkret sahələr üzrə işlər bir qədər dərindən aparılsın».

Administratorla əlaqə

077 611-55-22

[email protected]