İqtisadiyyat

«Ayan» MMC-nin fəaliyyətində ciddi nöqsanlar mövcuddur

24-02-2016, 19:06
Şirkətin istehsal etdiyi «Qızıl Quyu» limonadlarının tərkibi insan orqanizmi üçün zərərlidir.

Son dövrlər istehlakçıların hüquqlarının pozulması adi hal alıb. Alıcılara keyfiyyətsiz və vaxtı keçmiş məhsulların verilməsi bəzən ciddi fəsadlara yol açır. Qanun pozuntuları daha çox ərzaq məhsulları ilə bağlı olur. Yəni bu sahədə fəaliyyət göstərən istehsalçılar istehlakçılara istifadə müddəti başa çatmış məhsulları yeni adı altında təqdim edərək onların hüquqlarını tapdalayırlar. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunda isə yazılır ki, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal haqqında satıcının təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir.

İstehlakçıların həyatının, sağlamlığının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala aid tələblər normativ sənədlərlə müəyyən edilir. İstehsalçı istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal haqqında istehsalçının təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Qeyd edək ki, aidiyyəti dövlət strukturları, o cümlədən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi vətəndaşlara keyfiyyətsiz məhsul satan şirkət və mağazalar haqqında lazımi qaydada tədbirlər həyata keçirir. Amma buna baxmayaraq, problemlərin kökünü birdəfəlik kəsmək hələlik mümkün deyil. Fəaliyyətində müxtəlif nöqsanlar olan şirkətlərdən biri də «Ayan» Məhdud Məsuliyyətli Cəmiyyətidir (MMC). Məlumat üçün bildirək ki, MMC 2005-ci ildə yaradılıb. Sahibkarlığın inkişafına yaradılan dövlət dəstəyindən istifadə edən cəmiyyət rəhbərliyi şirkətin istehsal etdiyi məhsulları bazara daxil etməyi bacarıb. Belə ki, «Ayan» MMC-nin istehsal etdiyi «Beloçka» tumları qısa zaman ərzində bazarda özünə yer tuta bilib. Sonradan müəyyən problemlərin ortaya çıxması, daha dəqiq desək «Beloçka» tumlarının tərkibinin keyfiyyətli olmaması şirkətin bazarını necə deyərlər «öldürüb». İflas həddinə çatan şirkətin rəhbər şəxsləri bazara yeni məhsul çıxarmaq axtarışında olublar. Nəhayət, onlar istəklərinə çatıb. Paytaxt dükanlarının bir çoxunda vitrinlərə düzülən və bəh-bəhlə reklam olunan «Qızıl Quyu» limonadları məhz adıçəkilən şirkətin məhsuludur.

Araşdırmalar nəticəsində öyrəndik ki, MMC limonad istehsalına bir neçə il öncə başlayıb. Və bazarda özünə yer tutmağı bacarıb. Bu mövzuya müraciət etməyimizin səbəbi qarşıdan yay fəslinin gəlməsidir. Bildiyimiz kimi, yay aylarında insanların sərinləşdirici sulara olan tələbatının artması bəzi işbazlar üçün rahat zəmin yaradır. Heç bir qanuni əsası olmadan fəaliyyət göstərən sexlər keyfiyyətsiz su istehsal edərək vətəndaşlara təqdim edir. Təəssüf ki, tərkibində kiməyi qatqılar olan bəzi sular və limonadlar insanların sağlamlığına ciddi ziyan vurur. Əldə etdiyimiz məlumatlarda vurğulanır ki, «Qızıl Quyu» limonadlarının tərkibi keyfiyyətli deyil. «Yeyinti məhsulları haqqında” Qanuna görə, məhsulun tam tərkibi onun üzərində göstərilməlidir. Suyun saxlanma müddəti, buraxılma tarixi etiketdə yazılmalıdır. «Qızıl Quyu» limonadlarının istehsalı zamanı isə qanunun tələblərinə əməl olunmur. Deyilənə görə, bu limonadların hazırlandığı sexlərdə antisanitariya şəraiti baş alıb gedir və standartlara riayət edilmir. Onu da bildirək ki, spirtsiz içkilər 0-20 dərəcə temperaturda saxlanmalıdır.

Meyvə şirələri və ekstraktları 0-10 dərəcə, şəkər əlavə edilmiş şirələr 0-20 dərəcə, şərbət, mors və quru konsentratlar 12-20 dərəcə temperaturda saxlanıla bilər. Qazlı içkilərin saxlanma müddəti 30 gündən 6 aya, diabetiklər üçün içkilər və süni mineral sular 15 günə, bütün növ düşes limonadları 20 günə, təbii mineral sular 4 aydan 1 ilə, meyvə-giləmeyvə şirələri 1 ilə, qazlı içki konsentratları 2 ilə, meyvə nektarları ən çoxu 9 aya, feyxoa nektarı ən çoxu 6 aya qədər saxlanıla bilər. Məlumata görə isə, «Qızıl Quyu» limonadları nəzərdə tutulan vaxtdan daha çox saxlanılır və dükanlara paylanır. Həmçinin limonadların orqonoleptiki, fiziki-kimyəvi göstəriciləri normalara cavab vermir. Müvafiq qurumların nümayəndələri MMC-nin fəaliyyətini yoxlasa, neqativ halların olub-olmadığı üzə çıxar. İrəli sürülən ittihamları aydınlaşdırmaq üçün «Ayan» MMC-nin 408 36 96 nömrəli telefonuna zəng vursaq da, dəstəyi qaldıran olmadı. Buna baxmayaraq, qarşı tərəfin də münasibət bildirmək hüququ var. (serhed.info)

Administratorla əlaqə

077 611-55-22

[email protected]