İqtisadiyyat

Elman Rüstəmov istefa veribmiş... - Təfərrüatlar

12-02-2016, 17:13

Ötən il fevralın 21-də baş verən devalvasiyadan sonra Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov istefa vermək qərarına gəlib

O, bu niyyətini ölkə rəhbərliyinin diqqətinə çatdırıb. Amma «baş bankir»ə belə bir addım atmaması ilə bağlı qəti fikir bəyan edilib.

Bu barədə Qaynar.info-ya AMB-yə yaxın mənbələrdən məlum olub.

Məlumata görə, Elman Rüstəmov istefa qərarını devalvasiyadan sonra bütün sərt tənqid və ağır ittihamların ona qarşı yönəlməsinə cavab olaraq qəbul edib: «O, manatın ucuzlaşdırılmasının əleyhinə çıxıb, devalvasiyadan bir neçə gün əvvəlki məlum çıxışı da bununla bağlı olub. Amma sonradan başda maliyyə naziri Samir Şərifov olmaqla hökumətin iqtisadi komandasının bəzi üzvləri «baş bankir»in inadını sındıra biliblər və nəticədə manatın ucuzlaşdırılması haqqında qərar verilib.

Devalvasiyanın yeganə günahkarı kimi də məhz Elman Rüstəmov hədəf seçilib. Bu vəziyyətdə psixoloji gərginlik keçirməyə başlayan AMB «şef»i istefaya getmək qərarına gəlib. Ancaq ölkə rəhbərliyindən müsbət cavab almayıb».

Mənbə bildirib ki, Rüstəmovun istefa istəyinə rədd cavabı verilməsi olduqca həssas situasiyada Mərkəzi Bank rəhbərinin dəyişdirilməsinin daha kəskin fəsadlar yarada biləcəyi ehtimalından irəli gəlib.

Mənbə deyib ki, ötən ilin dekabrında - ikinci və daha kəskin devalvasiya addımından sonra Elman Rüstəmova təpkilərin daha az olması, bu qərarın məsuliyyətinin yalnız AMB-yə deyil, həm də Maliyyə Nazirliyinə yüklənilməsi də məhz «baş bankir»in istefa niyyəti ilə bağlıdır: «Onun istefası indiki vəziyyətdə arzu edilmir.

Buna görə də ikinci devalvasiyadan sonra KİV-də Mərkəzi Bank rəhbərini hətta qorumağa hesablanmış açıqlamalara, iqtisadi təhlillərə də rast gəlindi. Beləliklə də onun yenidən kəskin ictimai qınaq qarşısında qalaraq növbəti dəfə istefa qərarı qəbul etmək fikrinə düşməsinə imkan verilmədi». (PIA)

Administratorla əlaqə

077 611-55-22

[email protected]