İqtisadiyyat

Şahin Mustafayev : İranlı sahibkarlar Azərbaycan üzərindən xarici bazarlara çıxa bilər"

24-02-2017, 19:31

İqtisadiyyat Nazirliyindən Xeberman.com-a verilən məlumata görə, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin də iştirak etdiyi görüşdə Azərbaycan-İran iqtisadi əlaqələrinə, xüsusilə də İranın Qərbi Azərbaycan əyaləti ilə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Sonra Urmiyada Azərbaycan və İranın Qərbi Azərbaycan vilayətinin rəsmi şəxslərinin, kənd təsərrüfatı, sənaye, maliyyə, İKT, tikinti və s. sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı ilə biznes forumu keçirilib.

Biznes forumda çıxış edən Ş. Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, son 3 ildə Azərbaycan-İran əlaqələri yeni mərhələyə yüksəlib. Hazırda ölkələrimiz sənaye, energetika, tranzit, səhiyyə, nəqliyyat və s. sahələrdə uğurla əməkdaşlıq edir, avtomobil istehsalı və əczaçılıq sahələrində birgə layihələr reallaşdırılır, ölkələrimizin tranzit potensialının reallaşdırılmasında mühüm əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə işlər görülür. Azərbaycan-İran arasında ticarət əlaqələri genişlənir və 2016-cı ildə ticarət dövriyyəsi 70%-ə yaxın artıb. 2017-ci il üçün beynəlxalq yükdaşımalarında mübadilə edilən icazələrin sayının 10 minə çatdırılması barədə razılığa gəlinib və Azərbaycan bunun artırılmasında maraqlıdır.

Səfər çərçivəsində İran tərəfi ilə birlikdə Araz çayı üzərində reallaşdırılan "Xudafərin və Qız Qalası" layihəsinin icrası ilə tanış olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında imzalanmış "Xudafərin və "Qız Qalası", eləcə də "Ordubad" və "Marazad" sazişləri hər iki tərəfdən qüvvəyə minib. Bu sazişlərin önəminə toxunan İqtisadiyyat naziri "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının birgə istifadəsinin hər iki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmətinin, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərinə sadiqliyinin təzahürü olduğunu vurğulayıb və 2017-ci ilin yanvarında Azərbaycan prezidenti tərəfindən 36 MVt gücündə Ordubad SES-in təməlinin qoyulduğunu bildirib.

Azərbaycanın İranın Qərbi Azərbaycan vilayəti ilə əlaqələrindən danışan nazir Şahin Mustafayev qeyd edib ki, Qərbi Azərbaycan vilayəti ilə əlaqələrin əsası hələ 1992-ci ildə ümummilli lider Heydər Əliyevin Urmiyaya səfəri zamanı qoyulub. O zaman Heydər Əliyev və hazırkı vali Q. Qarabağ Şahtaxtı-Poldəşt körpüsünün açılışında iştirak ediblər. 2007-ci ildə isə prezident İlham Əliyevin iştirakı ilə yeni Şahtaxtı-Poldəşt körpüsünün açılışı olub. 2016-cı ildə açılmış yeni Poldəşt gömrük terminalının iş rejimi 12 saata qədər artırılıb. Bundan başqa, 2015-ci ildə Naxçıvanda İranın Qərbi Azərbaycan əyalətinin istehsal və ixrac sərgisi keçirilib.

Qeyd edilib ki, İranın Qərbi Azərbaycan vilayətinin Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə həmsərhəd olması Naxçıvan Muxtar Respublikası-İran-Türkiyə üçtərəfli əməkdaşlığının inkişafına geniş imkan yaradır.

Ş. Mustafayev bildirib ki, Urmiyalı sahibkarlar Azərbaycanın imkanlarından yararlanmaqla xarici bazarlara çıxa bilər. Həmçinin, Urmiyadakı Maku Azad Ticarət Zonası ilə əməkdaşlıq yaradıla bilər. Neftçala və ya Masallı sənaye zonalarında texnika üçün servis xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq imkanları mövcuddur. Bundan başqa, Urmiya əyaləti ilə birgə üzüm bağının və kişmiş zavodunun yaradılması, kənd təsərrüfatı məhsullarının birgə istehsalı, o cümlədən alma, şəkər çuğunduru, qarğıdalı, pomidor əkini, xurma konsentratı fabrikinin yaradılması, günəbaxan yağının, balın birgə istehsalı, eləcə də şüşə istehsalı, qablaşdırma sahələrində əlaqələrin qurulması imkanları genişdir. İran tərəfi Azərbaycanın peyklərinin xidmətlərindən istifadə edə bilər.

M. Vaezi İran-Azərbaycan əlaqələrinin strateji səviyyəyə çatdığını, ölkələrimizi dərin tarixi, dini və mədəni köklərin birləşdirdiyini qeyd edib. Bildirilib ki, bütün bunlar ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsini dəstəkləyir və digər sahələrdə olduğu kimi, iqtisadi əlaqələrimiz də inkişaf edir. M. Vaezi bildirib ki, Azərbaycan prezidentinin viza rejiminin sadələşdirilməsi barədə bu yaxınlarda imzaladığı sərəncam ölkələrimiz arasında əlaqələri daha da genişləndirəcək. M. Vaezi iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də iş adamları arasında əlaqələrin inkişafına dair fikirlərini bölüşüb, dünya bazarına çıxmaq üçün İranın Azərbaycanın tranzit imkanlarından istifadə edəcəyini vurğulayıb.

İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağ xalqlarımızı tarixi köklərin, eyni dinə mənsubluğun bağladığını, Azərbaycan və İran regionları arasında əlaqələrin genişləndiyini, iş adamları arasında əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Azərbaycana bu yaxınlarda səfər etdiyini xatırlayan Q. Qarabağ səfər zamanı Bakıda, Qəbələdə və Naxçıvan Muxtar Respublikasında bir sıra görüşlər keçirdiyini, əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycanla turizm, kənd təsərrüfatı, sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür və iş adamları bu imkandan yararlanmalıdır. İranın Qərbi Azərbaycan vilayətinin iqtisadiyyatı barədə məlumat verən Qurbanəli Səadət Qarabağ kənd təsərrüfatının, xüsusilə də meyvəçiliyin inkişaf etdiyini qeyd edib, azərbaycanlı sahibkarları bu sahədə əməkdaşlığa, eləcə də Maku Azad Ticarət Zonasının imkanlarından yararlanmağa dəvət edib.

Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov və Urmiya Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının sədri Həsən İntizar çıxış edərək iş adamları arasında əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışıblar.

Biznes forum çərçivəsində AZPROMO və Urmiya Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası arasında əməkdaşlığa dair qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Azərbaycan nümayəndə heyəti İranın Qərbi Azərbaycan vilayəti şirkətlərinin istehsal etdiyi məhsulların nümayiş etdirildiyi sərgi ilə tanış olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]