İqtisadiyyat

TAP qaz boru kəməri layihəsi müzakirə edilib

25-01-2017, 22:43

Energetika Nazirliyindən Xeberman.com -a verilən məlumata görə, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin iştirakı ilə baş tutan görüşdə zeytun ağaclarının köçürülməsi ilə bağlı irəliləyişlərin olduğu aydınlaşıb. Müvafiq icazənin bu günlərdə Puliya regionunun fitosanitar nəzarəti həyata keçirən qurumu tərəfindən veriləcəyi gözlənilir. Məhz bundan sonra ərazidən zeytun ağaclarının köçürülməsinə başlanacaq.

Layihə üzrə nəzərdə tutulan digər fazalarla bağlı icazələrin vaxtında əldə edilməsi üçün işlər davam etdirilir. Bildirilib ki, İtaliyanın Ətraf Mühit Məcəlləsinə yeni bir maddənin daxil edilməsi üzərində iş aparılır. Bu dəyişikliyə görə, dövlət və milli əhəmiyyətli layihələr üzrə dekretlərin verilməsi məsələsində regional strukturlar tərəfindən maneələr yarandığı təqdirdə bu səlahiyyətlər dərhal Ətraf Mühitin, Dənizlərin və Torpaqların Mühafizəsi Nazirliyinə keçəcək. Bu dəyişikliyin cari ilin may-iyun aylarında qüvvəyə minəcəyi gözlənilir.

Bundan başqa, TAP-ın Milli Paylaşdırıcı Şəbəkəyə birləşdirilməsini təmin edəcək və SNAM şirkəti tərəfindən çəkiləcək San Fokadan Brindiziyə qədər olan kəmərlə bağlı icazələr üçün də Ətraf Mühitin, Dənizlərin və Torpaqların Mühafizəsi Nazirliyi ilə danışıqlar aparılır.

O da məlum olub ki, Puliya regionu tərəfindən TAP layihəsi ilə bağlı vahid icazə sənədi verilərkən regionun maraqlarının nəzərə alınmadığı iddiası ilə Dövlət Şurasına müraciət edilib. Bildirilib ki, iddia əsassız olduğu üçün böyük ehtimalla Dövlət Şurası tərəfindən təmin edilməyəcək və bundan sonra müraciət etməyə yuxarı məhkəmə instansiyası yoxdur.

Görüşdə həmçinin 23 fevral 2017-ci il tarixində Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının III iclasında İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalendanın iştirakının vacibliyi də müzakirə olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]