İqtisadiyyat

MƏRKƏZİ BANK DOLLAR ALVERİNƏ BAŞLAYIR! – Elman Rüstəmovdan ŞOK açıqlama

14-01-2017, 20:55

MƏRKƏZİ BANK DOLLAR ALVERİNƏ BAŞLAYIR! – Elman Rüstəmovdan ŞOK açıqlamaBu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun da iştirak etdiyi görüşlə bağlı "APA-Economics”in əldə etdiyi məlumata görə, AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb: "Xırda detallar həllini tapdıqdan sonra tam üzən məzənnə rejiminə keçid tam baş tutacaq”.

Bankirlər isə "APA-Economics”ə bildirib ki, tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişəcək. O da bildirilir ki, banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunacaq. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcək.

Tam üzən məzənnə rejiminə keçidin isə vaxtı hələlik məlum deyil.

Onu da qeyd edək ki, Elman Rüstəmovun bu açıqlaması hakimiyyətin bu il maliyyə bazarında sabitliyin yaranmasına istiqamətlənən siyasət həyata keçirəcəyi ilə bağlı gözləntilərlə ziddiyyət təşkil edir. Belə ki, dünən Prezidentin imzaladığı fərmanla bu il üçün Neft Fondundan Mərkəzi Banka 7,5 mlrd. manatadək məbləğdə transfert həyata keçirilməsində əsas məqsədin makroiqtisadi sabitliyin təmin edilməsi olduğu göstərilib.

İqtisadçı ekspertlər də belə böyük məbləğdə vəsaitin Neft Fondundan Mərkəzi Banka ötürülməsinə qərar verilməsini hökumətin tam üzən məzənnə rejiminə keçməkdən imtina etməsi və dolların kəskin yüksəlməsinə imkan vermək niyyətində olmaması ilə bağlayırdılar. İl ərzində ayrılması nəzərdə tutulan vəsaitin təxminən valyuta bazarının illik kəsirinə bərabər olması da bununla izah edilirdi.

İqtisadiyyatdakı problemləri aradan qaldırmaa da, dolların məzənnəsinin tam sərbəst buraxılmasının yaratdığı risklər (iqtisadiyyatdakı böhran daha da dərinləşə, bank sistemi tam çökə bilər) əslində belə bir qəraın verilməsini başadüşülən edirdi.Hökumətin daha ciddi sosial-iqtisadi gərginlikdən qaçmaq üçün dolların məzənnəsini ən azı bugünkü səviyyədə sabit saxlamaq niyyətində olduğu düşünülürdü.

Ancaq Elman Rüstəmovun bugünkü açıqlaması bu gözləntiləri şübhə altına alıb. Banklar üçün valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizinin ləğv olunması, onlara dolları istədiyi qiymətə satmaq imkanı verəcək. Nəzərə alsaq ki, Azərbaycanda banklar kiçik bir qrup oliqarx-məmurun nəzarətindədir, onda onlar üçün Mərkəzi Bankdan ucuz aldıqları dolları razılaşaraq iş adamlarına və vətəndaşlara xeyli baha qiymətdən satmasında hər hansı problem olmayacaq.

Hələ onu demirik ki, bu prosesdə Mərkəzi Bankın rəhbərliyinin də birbaşa iştirak edəcəyi şübhə doğurmur. Daha dəqiqi, onlar da öz "payını” almaqla dövlətin valyutasını banklara ucuz verib, baha satdıracaqlar. Belə bir qərarın verilməsi hökumətin maliyyə bazarında sabitlik yaratmaq deyil, Neft Fondunun pulu ilə valyuta alveri həyata keçirmək niyyətində olduğunu göstərir.

Onu da nəzərə alsaq ki, Mərkəzi Bank publik şəxsə çevrilib, özü-özünü maliyyələşdirməlidir, deməli valyuta bazarında iştirakdan qazanc əldə etmək istəyi təbii hesab olunacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]