İqtisadiyyat

Kredit amnistiyası: Hökumət bağışlamağa risk edəcəkmi?

25-12-2016, 17:44
Kredit amnistiyası: Hökumət bağışlamağa risk edəcəkmi?

Fuad İbrahimov: "Bu borcu olan vətəndaşlara xoş bir surpriz olardı”

Bu günlərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisdə vergi amnistiyası qəbul olundu. Vergi amnistiyasının verilməsində məqsəd sahibkarlara dəstək olmaq və maliyyə durumunu yaxşılaşdırmaqdır. Vergi amnistiyası həm dövlət, həm də özəl sektor olmaqla 44 mindən 700-dən çox vergi ödəyicisini əhatə edir. Bu qanunun birinci maddəsinin tələblərinə görə, vergi ödəyicilərinin, vergiləri vaxtında ödəmədiklərinə görə onlara hesablanmış faizləri silinəcək. 

Digər tərəfdən isə yanvar, fevral, mart aylarında amnistiyanın şərtlərini yerinə yetirən sahibkarlar və fiziki şəxslər vergi yükündən azad olacaqlar. Belə ki, qanun layihəsinin 2-ci maddəsinin tələblərinə görə,yanvar ayında borcunun 30 faizini ödəyənlər borcun 70 faizindən, fevral ayında borcun 50 faizini ödəyənlər qalan 50 faizindən, mart ayında borcun 70 faizini ödəyənlər yerdə qalan 30 faizindən azad olunacaqlar.

Vergi aministiyasının qəbulundan sonra bu dəfə də dollar kreditləri ilə bağlı aministiyanın qəbul olunacağı gözlənilir. Amma ekspertlər bunun mümkünsüzlüyünü bildirirlər. Daha doğrusu hesab edirlər ki, kredit amnistiyası qəbul olunsa belə yetərincə effekt verməyəcək. Qeyd olunur ki, dollar kreditlərinin köhnə məzənnə ilə ödənilməsi məsələsi hazırda gündəmdə deyil. Bu səbəbdən kredit amnistiyasının tətbiqindən söz gedə bilməz. 

"Hökumətin belə bir səlahiyyəti var”



İqtisadçı-ekspert Fuad İbrahimov "Cümhuriyət” qəzetinə bildirib ki, kredit aministiyası baş versə də, biz o effekti əldə edə bilməyəcəyik: 

"Dövlətin, hökumətin hər cür qərarlar verməyə səlahiyyətləri var. O səlahiyyətlər çərçivəsində şübhəsiz ki, bu qərarı da verə bilərlər. Düşünürəm ki, bu kredit borcu olan vətəndaşlara da xoş bir surpriz olardı. Belə bir surprizlə vətəndaşların qarşılaşması başa düşüləndir, bəs bankların aqibəti necə olacaq? Çünki faktiki olaraq bank sistemi çökmək üzrədir. Krediti amnistiyası verilsə, o zaman banklar üçün də dövlət tərəfindən hansısa təzminat həyata keçirilməlidir. Bu məsələni birtətəfli buraxmaq olmaz. Çünki bankların vəziyyəti heç də ürəkaçan deyil. Maliyyə sistemində gedən proseslərdə insanların da inamı itib. Yəni vətəndaşların yükünü də bankların üzərinə qoymaq düzgün deyil”.

Ekspert hesab edir ki, bu məsələdə ortaq məxrəc və alternativ hökumətdən dəstək lazım ola biləcək: "Bu çərçivədə əlbəttə ki, kredit amnistiyası ola bilər. Hər bir qərarın, sərəncamın və işin vaxtında görülməsi lazımdır. Adicə bir misal çəkək. İnsan hansısa xəstəlikdən dünyasını dəyişir. Amma vaxtında üstünə düşülsə, o xəstəlik fəsadsız keçib gedir. Bir də görürsən ki, vaxtını keçirirsən və həkim müdaxiləsinə də ehtiyac qalmır. İndi vəziyyətimizi elə səviyyəyə gətirib çıxarmışıq ki, istədiyimiz effekti verməyəcək. Bəli, vətəndaşların yükü azalacaq. Amma bank sisteminin dirçəlməsi üçün artıq heç bir rolu olmayacaq. O ki qaldı vergi amnistiyasına, bu məsələni dərindən təhlil etsək, görərik ki, bu amnistiya əsasən vergisini tamamilə ödəyə bilməyənlərə aiddir. Yəni ki, "ölü can”lardan söhbət gedir. Çox şirkətlər borca görə bağlanıb, ümumiyyətlə, fəaliyyəti yoxdur.

Onların yiyələri isə Azərbaycandan qaçıb gediblər. Bu yük isə Vergilər Nazirliyinin balansında qalıb, yəni ki, vergi ödəyicisi var. Əslində Vergilər Nazirliyi bununla yükünü üstündən atmış olur. Digər şirkətlər, kimlərə ki, cari borclar yazlılıb, görün onlara vergi borcları yazılıbmı? Onlar vergi amnistiyasına düşürmü? Yox, düşmür...Burada söhbət ölü canlardan gedir ki, o vergilər heç vaxt ödənilməyəcək. Beləliklə də Vergilər Nazirliyi öz yükünü dövlət qarşısında boynundan atmış olur. Hər şey şəffaf getməlidir. Bu qədər ölkə rəhbərliyinə yalan məlumatlar vermək olmaz. Vaxt gələcək bu insanlar ölkə rəhbərliyi qarşısında məsuliyyətə cəlb olunacaqlar”.

Alçina Amilqızı
Cebhe.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]