İqtisadiyyat

Hökumət 500 milyonluq kredit ala bildi - kim qaytaracaq?

10-12-2016, 10:25

Ekspertlər ciddi borc yükünün gələcək nəsillərin üzərinə yüklənməsindən narahatdırlar...

 


Azərbaycan hökuməti uzun müddətdir ki, borc axtarışındadır. Son olaraq Asiya İnkişaf Bankı (ADB) Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün 500 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait həm də yeni iş yerlərinin açılması üçün xərclənəcək. 

Bankın açıqlamasında deyilir ki, bu, hökumətin 1,4 milyard dollarlıq iqtisadiyyatın təşviqi paketinin genişlənməsinə səbəb olacaq. Kredit ümumilikdə 3,7 milyon insanın, yaxud əhalinin 1/3-dən çoxunun sosial problemlərinin həllinə dəstək verəcək. Həmçinin ADB Azərbaycanda makrofiskal islahatları dəstəkləmək üçün texniki yardım qismində 1,2 milyon dollar ayırıb. "ADB Azərbaycanda dayanıqlı inkişafı dəstəkləyəcək və onun uzunmüddətli olmasına yardım edəcək”, - deyə bankın baş direktoru Şon Sallivan deyib.

Ekspert Rövşən Ağayev bildirib ki, 2017-ci ildə yalnız infrastruktur layihələrini həyata keçirmək üçün hökumət zəmanəti ilə təxminən 2 milyard manatdan bir az çox, 1,3 milyard dollara yaxın xarici kreditlər alınacaq: "Bu kreditlərin bir hissəsi büdcə, yerdə qalan hissəsi iri dövlət şirkətləri vasitəsilə xərclənəcək. Əlavə olaraq, dövlət büdcəsi vasitəsilə investisiya layihələrinə 2.5 milyard manat xərclənəcəyi planlanır”. 

Onun sözlərinə görə, büdcənin investisiya xərclərinin təxminən yarısı 5 təşkilat arasında bölünəcək: "Neft Şirkəti 612,2 milyon manat, ”Azəravtoyol" 290,4 milyon, Dəmir Yolu İdarəsi 130 milyon, Nəqliyyat Nazirliyi 100 milyon, "Azərsu” 95 milyon  manat büdcə investisiyası alacaq. Büdcənin ən böyük sərmayə istiqamətlərindən biri pambıqçılıq olacaq- təxminən 300 milyon manat. Həmin vəsaitin 200 milyon manatı bilavasitə pambıqçılıqla bağlı texnikanın alınmasına, yerdə qalan hissəsi əkin infrastrukturunun qurulmasına sərf ediləcək. Əslində çox doğru olardı ki, bu qədər büdcə vəsaitinin ayrıldığı istiqamət üzrə parlamentə əsaslandırılmış proqram təqdim ediləydi. Qısa müddətdə, büdcə məhduduyyətlərinin kəskinləşdiyi bir dövrdə bu qədər sərmayənin iqtisadi nəticələri necə olacaq, burda hansısa risklər varmı, varsa onu önləmək üçün hansı önləyici tədbir və mexanizmlər işlənib hazırlanıb? Beynəlxalq Bankın 2 milyard dollar yönəltdiyi investisiya layihələri məhz belə şəffaf və əsaslandırılmış yanaşmaların olmadığına görə iflas etmədimi?”
Ekspert Natiq Cəfərli isə musavat.com-a alınan kreditlərin qaytarılması ilə bağlı narahatlığını bildirib: "Burada kredit götürən dövlətdir, dövlət bu kreditlərin qaytarılacağına zəmanət verir. Sabah bu hökumət krediti qaytara bilməyəcəksə, bundan sonrakı hökumət, yəni ümumilikdə dövlət o borcları qaytarmağa məcburdur. Yəni indki Azərbaycan hökumətinin atdığı addımlar yalnız vəziyyətdən qısa müddətdə çıxmağa hesablanıb. Gələcək nəsillərin üzərinə borc yükü qoyulur və hökumət bu haqda düşünmür”. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]