İqtisadiyyat

“Bəzi bankirlərin də cəzalandırılacağı gözlənilir”

9-12-2016, 18:04

"Bir müddət öncə "qara bazar”da əməliyyatların dayandırılması tənzimləyicilər tərəfindən banklarda yoxlamaların aparılması ilə əlaqədar idi”. Bu barədə   bank sektorundakı mənbə bildirib.

Həmsöhbətimiz qeyd edib ki, monitorinq nəticəsində hansı bankların "qara bazar”ı dollarla təmin etdiyi üzə çıxıb: "Bunlardan bəzilərinin adları artıq məlumdur. "Qara bazar”ı dollarla təmin etdiyinə və əldə olunan vəsaitin bir qismini ölkədən çıxardığına görə, iki bankir artıq işini itirib. Bunlar "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Elmar Məmmədov və "Azər Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Fərhad Adıgözəlovdur. "Qara bazar”la özünəməxsus qaydada əməkdaşlıq edən bəzi bankirlərin də cəzalandırılacağı gözlənilir”.

Qeyd edək ki, dekabrın 2-də "Azər Türk Bank” ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. İclasda bankın İdarə Heyətinin sədri Fərhad Adıgözəlov tutduğu vəzifədən uzaqlaşdırılıb. Müşahidə Şurasının qərarı ilə Xalid Əhədov bankın İdarə Heyətinin üzvü seçilib. Həmçinin İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə edilib.

Dekabrın 8-də isə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının növbədənkənar toplantısı keçirilib. Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Əhədov isə bankın İdarə Heyətinin üzvü seçilib və İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə olunub.

Həmin gün "Azər Türk Bank” ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. Xalid Əhədovun səlahiyyətlərinə xitam verilib, İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq Orxan Hüseynova həvalə edilib.

Qeyd edək ki, həm "Azərbaycan Beynəlxalq Bankı” ASC, "Azər Türk Bank” ASC dövlət banklarıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]