İdman

DÇ-2018: Azərbaycan yığmasının bəzi statistik göstəriciləri açıqlanıb

14-11-2016, 22:19
DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin dünən başa çatan IV turundan sonra yarışın statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması bəzi göstəricilərdə ya ilk, ya son "onluq”da yer alıb, bəzən isə "onluq”dakı yerlərə şərik çıxıb.
 
Millimizin arxada qalan matçlardakı intizamı daha çox diqqət çəkir. Belə ki, Robert Prosineçkinin yetirmələri 4 matç ərzində cəmi 27 dəfə qayda pozuntusuna yol verib.
 
Komandamızın bu "alman intizamı” Avropada 2-cidi. Yığmamız yalnız qrupdakı Almaniyadan geri qalır. Bundestim cəmi 21 dəfə fola yol verib. 3-cü olan Belçika isə 33 dəfə qayda pozuntusuna məcbur olub. 54 komanda arasında ən intizamsız olan Moldova isə 79 dəfə hakimi fit çalmağa vadar edib.
 
Yunanıstan və Şotlandiya kimi millimizə qarşı da 60 fol gerçəkləşdiriblər. Komandamız bu göstəricidə 9-cu yerə şərikdi. Portuqaliya isə rekord sayda – 68 qayda pozuntusuna məruz qalıb.
 
Cəmi 5 sarı vərəqə alan milli bu göstəricidə 8-14-cü yerlərə şərik olan 7 komandadan biridi. Almaniya hamıdan az – 1, Lüksemburqla Bosniya və Herseqovina hamıdan çox – 14 xəbərdarlıq alıb.
 
Millimiz seçmə mərhələdə qırmızı vərəqə almayan 39 komandadan biridi. Cəzalanan 15 yığma arasında antirekord Maltaya məxsusdu – 3 qırmızı.
 
Yığmamız künc zərbələrində də ön sıralardadı. Prosineçkinin yetirmələri Hollandiya ilə eyni sayda – 26 künc zərbəsi yerinə yetirib. Komandamız bu göstəricidə 10-cu yerə şərikdi. Portuqaliya (41) hamıdan öndə, Andorra və Cəbəllütariq (hərəyə 4) son pillədədi.
 
Millimizin qapısı önündə 27 künc zərbəsi vurulub. İtaliya, Lüksemburq və Cəbəllütariqlə eyni göstəriciyə malik komandamız 7-ci yerə şərikdi. San-Marino (50) hamıdan çox, Danimarka (2) hamıdan az belə halla üzləşib.
 
Cəmi 2 qol vuran futbolçularımız yalnız 5 komandadan çox fərqlənib. Yığmamız məhsuldarlıqda 43-49-cu yerlərdədi. Belçika 21 qolla 1-cidi. Kosovo, Malta, Andorra, San-Marino və Lixtenşteyn isə hərəyə 1 dəfə fərqləniblər.
 
Qeyd edək ki, digər göstəricilərdə millimiz orta sıralardadı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]