İdman

"İmperator”un çöküşü və ya Fatih Terimi-Arda Turan qalmaqalı

10-10-2016, 21:36
DÇ-2018-in seçmə mərhələsində III turun oyunlarına start verilib. Xəbər verdiyimiz kimi, I qrupda Türkiyə İslandiya ilə qarşılaşıb və məğlub olub. Oyunun birinci hissəsinin 42-ci dəqiqəsində İslandiyanın futbolçusu Qudmunson ilk qolu Türkiyə millisinin qapısından keçirib. 44-cü dəqiqədə Findboqason ikinci topu Türkiyə komandasının qapısına vurub: 2-0.

Bu məğlubiyyət Türkiyə mediasının "balta”sını bir daha Fatih Terimə qarşı çevirməsinə səbəb olub. Belə ki, günlərdir Türkiyə KİV-ləri Fatih Terimin millinin heyətinə əsas futbolçuları çağırmaması, ən əsas da "Barcelona"da yaxşı mövsüm keçirən Arda Turanın heyətə alınmaması ilə bağlı tənqid edir. 

İstər Türkiyə, istərsə də İspaniya mediası Ardanın heyətə alınmamasına məntiqli səbəb göstərə bilməyib. Ortada isə müxtəlif şayiələr var. Onların ən çox həqiqətə yaxın olanı, Arda ilə Fatih Terimin münasibətləridir. İddia edilir ki, Fatih Terim Arda ilə olan münaqişəsinə görə heyətə çağırmayıb.

İspaniya mətbuatı yazır 

İspaniyanın məşhur "Marca" qəzeti "Arda Turan yaxşı bir səviyyədə olmasına baxmayaraq milli komandasına çağırılmır" başlığı altında bunları yazıb: "Fatih Terim "Atletico Madrid"dən "Barcelona"ya gəldikdən sonra ən yaxşı dövrünü keçirən Ardanı heyətə almır və onu ikinci dəfə heyətdən kənarda saxlayıb. Onunla yanaşı, Burak Yılmaz, Səlçuq İnan, Gökhan Gönül və Caner Erkin kimi digər önəmli futbolçular da heyətə alınmayıb".

"Fatih Terim Ardanı heyətə almamaqda davam edir" başlığını atan "El Mundo Deportivo" qəzeti isə "Türkiyə milli komandasının başında Fatih Terim olduqca Ardanın milli formanı geyməsi çətin görünür. "Barçalı" futbolçunu ikinci dəfə heyətdən kənarda saxlayan Terim, yaxşı oyun sərgiləyən dövrdə belə, Ardanı heyətə almadı", - deyə yazıb.

Türkiyə mediası isə müxtəlif başlıqlar altında yazılar dərc etdi və etməyə də davam edir. Medianın iddiasına görə, problem Fransadakı Avropa Çempionatını uğursuzluqla başa vurduqdan sonra başlayıb.  

Türkiyə millisi Avropa Çempionatında göstərdiyi nəticəyə görə, UEFA-dan 500 min avro mükafat alıb. Həmin mükafat Fatih Terim tərəfindən bütün futbolçular arasında bərabər paylaşılıb, bir nəfərdən başqa - Burak Yılmaz... Terim Buraka mükafat verməyib. Hə, mükafat bu səviyyədə olan oyunçular üçün onsuz da azdır. Amma bütün oyunçulara ödənişin edilməsi, sadəcə Burak Yılmazın pul almaması millidə problem yaşadıb. 

İddialara görə, Burak bu məsələni Ardaya danışıb. Şəxsi həyatında və karyerasında problemlər yaşayan B.Yılmaz üçün bu, 3-cü bir zərbə olmuşdu. Arda bu söhbətdən sonra axşam yeməyində Terimə bunları deyib. Onun "Bu verdiyiniz qərara görə içiniz rahatdırmı" sualı Terimi qıcıqlandırıb və mübahisə böyüyüb. 

Mübahisə digər futbolçuların araya girməsi ilə bitib. Amma günün sonunda mətbuat konfransında birlikdə iştirak edən ikili arasında soyuqluq açıq-aşkar hiss edilib. Terimin "Mən bu məsələni belə qoymaram" dediyi də iddia edilir. 

Fatih Terimin Burak Yılmaz barəsində "Fransa hesabı aparırıq, komandanın ən əhəmiyyətli oyunçularından biri qalxıb, Çinə gedir. Gedə bilər... Bunu da anlayaram, amma ən azından müəllimi olaraq bizim də bir fikrimizi almalı, xəbər verməli idi " - deyə öz ətrafına şikayətləndiyi də iddia edilir. 

Burak Yılmaz DÇ-2018-in seçmə mərhələsi öncəsi Antalyaya gələrək, orada villa icarəyə götürüb. Heyətə salınmadığını öyrənən kimi dərhal sakit şəkildə Çinə geri dönüb. Bu, ona növbəti psixoloji zərbə olub. 

Fatih Terim isə mediaya məsələ ilə bağlı bəzən sərt reaksiya verib. Bəzən isə ümumiyyətlə danışmayıb. Sadəcə, bir dəfə jurnalistlərin suallarına cavab verərkən bu sözləri dilə gətirib: "Arda, Burak, Səlçuk və digərlərinin heyətə alınmaması üçün yetərincə səbəb var. Sadəcə mükafat, pul məsələsini önə çəkmək olmaz. Hər şeydə geriyik, sürətdə, hücumda, zərbələrdə, texnikada və s. Mən içəridə baş verənləri çölə daşıyacaq adam deyiləm. İndi bu barədə çox danışmaq olmaz, hələlik olmaz". 

"Komandaya çağırmadığım futbolçularla bağlı suallara cavab verməyəcəm"

Fatih Terim DÇ-2018-in seçmə mərhələsində son 3 oyun ərzində jurnalistlərin, "Arda Turan nə zaman geri dönəcək" sualından bir yolla qaçmağa çalışıb. O, bu addımı şəxsi prinsiplərinə görə atmadığını bildirib: "Mən heyəti müəyyənləşdirərkən məsələnin şəxsi olmadığını dilə gətirmişəm. Məni planlarının önündə görənlərə, süni yolla mənfi təsir etməyə çalışanlara nə dəvət etdiklərimi, nə etmədiklərimi, nə də özümü qurban verərəm. Futbolçularımızın hamısı bu ölkənin övladlarıdır. Baş verənlərə baxmayaraq, kiməsə haqsızlıq edilməsinə seyrçi qala bilmərəm. Türkiyə futbolunun gələcəyi üçün hər kəsi sağlam düşüncəyə dəvət edirəm. Birliyə ehtiyacımız var.

Komandaya çağırmadığım futbolçularla bağlı suallara cavab verməyəcəm. Oyunçularımı qorumaq mənim vəzifəmdir. Meydana çıxacaq futbolçulara haqsızlıq etmək istəmirəm. Bu uşaqlara sahib çıxın, onlar bizim övladlarımızdır. Ömər Toprakı baş verən bir hadisədən sonra komandaya çağırmadım. O arada zədələr də oldu. Bu gün isə Ömər bizimlədir. Mənim kiminləsə şəxsi problemimin olması mümkün deyil. Mən Antalyada problemin mükafatla bağlı olmadığını dedim. Çağırmadığım futbolçulara bunun səbəbini izah edirəm. Məsələn, Caner Erkinə səbəbi dedim, rahatladı. Hasan Ali indi yaxşı formada olsaydı, bəlkə də Caneri yenə çağırmayacaqdım".

Terim medianın yazdıqlarına belə reaksiya verib: "Mətbuatı və futbol ictimaiyyətini diqqətlə izləyirəm. Yazılanlardan, deyilənlərdən xəbərim var. Oyunlar öncəsi sifarişlə yazılan yalan xəbərlərə görə əsəbiləşməyimi, partlamağımı, ağzıma gələni deməyimi gözləyirsiniz. Amma mən bu planların bir parçası olmayacam. Əxlaqsız, haqsız və qaralayıcı ifadələrə, sifarişli yazılara görə çox məyusam. Çirkin ittiham və iddiaların hamısı ilə tək-tək mübarizə aparacağımıza əmin ola bilərsiniz. Bir atalar sözünü xatırmatmaq istəyirəm: Göz odur ki, dağın arxasını, ağıl odu ki, başına gələcəyi görsün. Mənim uzun müddət əvvəl gördüyüm həqiqətləri indi görməyə başlayıblar”.

Ərdoğan da məsələyə qarışıb

Türkiyə prezidenti Ərdoğanın mövzuyla əlaqədar olaraq Fatih Terimdən xüsusi xahişi olub. İkilinin rəsmi tədbir zamanı görüşü olarkən, Ərdoğan Terimə bunları deyib: "Yığma komandaya bəzi oyunçuların seçilməməsi mənfi gündəm yaradır. Bu cür polemika həm milli komandanı, həm də federasiyasını yorar. Çox çətin bir Dünya Kuboku macərasına başlayırıq. Arda Turan kimi bir ismə komandamızda ehtiyac var. Onunla əlaqədar qərarınızı nəzərdən keçirmənizi xahiş edirəm".

Çox yox, yaxın keçmişə geri dönək. Arda Turan cəza səbəbindən "Barcelona"da 6 ay boyunca futbol oyana bilmədi. Bu cəza bitdikdən sonra Ardanın fiziki cəhətdən hazır olmaması ispan mediasının onu tənqid etməsinə səbəb olmuşdu. 

Bu zaman onu ilk olaraq Fatih Terim müdafiə etmişdi: "Arda sahibsiz deyil. O, orada oynamasa belə, mən onu milli komandaya dəvət edərəm. Arda "Barselona”da bir ulduzdur. İspaniya mətbuatı əsassız olaraq onu sərt tənqid edir. Heç olmasa, özümüz ona sahib çıxaq. Ardaya əzab verməyə haqqımız yoxdur. "Barselona”da 6 ay məlum səbəbdən oynamasa da, mən onu bütüm vacib matçlarda meydana buraxdım”. 

Terim bununla ilk dəfə deyil ki, ulduz futbolçuları siyahısından silir. Məşqçilik karyerası ərzində həm çalışdırdığı klublarda, həm də milli komandada bir çox tanınmış simanın adını siyahısından silib. Terimin eqosu ona hər zaman problem yaradıb. Nə qədər "Şəxsi münasibətləri işlərimə qarışdırmıram" desə də, bu, elə deyil. 

Hakan Şükürün idman yazarı Osman Tamburacıya müsahibə verməsi iki tanınmış sima arasında gərginliyi başlatmışdı. Terimlə Şükürün ulduzları heç vaxt barışmayıb. Sadəcə, komandanın uğuru naminə bir-birilərinə qarşı səbirli davranıblar. Təcrübəli mütəxəssis AÇ-2008-ə "kral” ləqəbli hücumçunu aparmamaqla ciddi şəkildə tənqid hədəfinə çevrilmişdi.
 
Predraq Miyatoviç – Terim "Fiorentina”nın "sükanı arxası”na keçdiyi ilk gündən Miyatoviçlə anlaşa bilməyib. Cütlüyün arası heç vaxt yaxşı olmayıb. Serbiyalı ulduz futbolçu daha sonra türkiyəli mütəxəssis barədə bunları deyib: "Komanda şəklində müdafiəyə çəkilmək və hücuma çıxmaq kimi axmaq oyun anlayışı var”.
 
Bülənt Qorxmaz – Terimin ilk dönəmində "Qalatasaray”ın uğurlarında böyük pay sahibi olan əfsanəvi kapitan, çalışdırıcının ikinci dönüşü zamanı gəncləşdirmə siyasətinin qurbanına çevrilmişdi. Sevimli komandasından bu cür uzaqlaşdırılmaq "Bakı”nın sabiq baş məşqçisində inciklik yaratmışdı.
 
Yıldıray Baştürk – Terim Türkiyə millisini çalışdıranda Baştürkə az şans verirdi. "Ştutqart”da olarkən keçmiş yarımmüdafiəçi AÇ-2008-ə aparılmamış və bu barədə belə demişdi: "Əgər AÇ-2008-ə getsəydim, həm dünya, həm də Avropa çempionatında iştirak etmiş nadir oyunçulardan biri olacaqdım. Çempionlar Liqasının finalında oynamış ilk türk futbolçusuyam. Mövsüm ərzində Avropa çempionatı üçün hazırlaşdım. Seçmə mərhələ görüşləri zamanı da "18-lik”də yer alırdım. Çağırılmadığımı görəndə üç gün ağladım”.
 
Andrea Pirlo – "İmperator” "Milan”da işlədiyi qısa müddətdə Pirlo ilə arasında mətbuata sızacaq gərginlik olmadı. Ancaq son illər İtaliya futbolunun "kral”ı sayılan futbolçu çap olunan son kitabında həmin dövrü yada salıb və Terimi tənqid edib: "Fatih çox diqqətçəkən və qanunlara allergiyası olan qəribə bir insan idi. İlk gündən "Milan”da uzun müddət qalmayacağı bəlli idi. Qısa müddət sonra da qovuldu”.
 
Hakan Ünsal İngiltərədən "Qalatasaray”a döndükdən sonra ikinci "Cim-Bom” dönəmi uğursuz nəticələnən oyunçulardan biri oldu. Ünsal həmin dövrlə bağlı belə deyib: "İngiltərə kimi rahat yeri tərk edib, "Qalatasaray” və Fatih Terim üçün geri döndüm. Bu fədakarlığın qarşılığında komandadan uzaqlaşdırılmağım məni üzdü”.
 
Milan Baroş – Fatih Terimin işindən narazılıq bildirən əcnəbi futbolçulardan biri də Baroş olub. Çexiyalı hücumçu "Qalatasaray”dan ayrıldıqdan sonra bunları demişdi: "Onunla bağlı yaxşı heç nə xatırlamıram. Terimin möhtəşəm məşqçi olduğunu deyirdilər. Ancaq birlikdə çalışdıqdan sonra həqiqəti gördüm. Dünyada ondan güclü olan kifayət qədər məşqçi var”.

Görünən budur ki, bu siyahıya Arda Turan və digər oyunçuların da adı salınacaq. Qeyd edək ki, Fatih Terim Türkiyə millisində illik 3.2 milyon avro pul qazanır.

Məhəmməd Türkmən,
Musavat.com 

Administratorla əlaqə

077 611-55-22

[email protected]