İdman

'Qəbələ' klubunun prezidenti: Çempionla mübarizə aparırdıq və var gücümüzlə vuruşduq

3-10-2016, 00:31
"Bu bizim üçün çox mühüm oyun idi. Çempionla mübarizə aparırdıq və var gücümüzlə vuruşduq. Deyərdim ki, meydanda əsl savaş idi. Bizim üçün ən vacib olan 3 xalı qazandıq".

"Report" xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun prezidenti Tale Heydərov Azərbaycan Premyer Liqasının ilk dövrəsinin son turunda "Qarabağ"la ev oyunundan sonra (2:0) verdiyi açıqlamasında bildirib.

Klub rəhbəri daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Əsas rəqiblərinizdən birini məğlub etdiniz. Buna əsasən demək olarmı ki, "Qəbələ" bu mövsüm çempion olacaq?

- Əlbəttə, məqsədimiz çempion olmaqdır. Ən böyük rəqibimiz isə "Qarabağ"dır. Bu komanda üzərində qələbə bizi məqsədimizə doğru aparmağa daha da yaxınlaşdırır. Lakin gələcəkdə çoxlu sayda oyun var. Ona görə də nəsə demək hələ tezdir.

"Qəbələ"nin əsas rəqibinin "Qarabağ" olduğunu dediniz. Bunu digər rəqiblərinizə yuxarıdan aşağı baxmaq kimi dəyərləndirmək olarmı?

- Xeyr, digər güclü komandalar da var. Gördüyünüz kimi, çox gərgin mübarizə gedir. Lakin bu fikri demək təbiidir. Çünki "Qarabağ" artıq neçənci dəfədir ölkə çempionu olur, bizim kimi Avroliqanın qrup mərhələsində çıxış edir. Ona görə də, ən böyük rəqibimizdir. Lakin biz hər oyunda qələbə qazanmağa çalışır, hər oyuna ciddi yanaşırıq. Yalnız bu formada çempion olmaq mümkündür.

Hər iki komanda 3 gün öncə Avropa Liqasında II tur matçına çıxdı. Sizcə, həmin oyunlar "Qarabağ"la "Qəbələ"nin çıxışlarına təsir göstərdi?

- Əlbəttə, hər iki komanda çox çətin oyunlar keçirdi və qısa fasilədən sonra bir-biri ilə üz-üzə gəldi. Əlbəttə, bu amil oyuna təsirsiz ötüşmədi. Amma məncə, hər iki komanda meydanda böyük əzmlə mübarizə apardı. Lakin ola bilsin, futbolçularda yorğunluq var idi.

Almaniya "Maynts"ı ilə oyunda öndə olduğunuz halda, uduzmağınız sizə necə təsir göstərdi?

- Çox məyus olduq. 2:1 hesabı ilə öndə olduğumuz halda, daha 2 top buraxaraq uduzduq. Bilirdik ki, "Maynts" çox güclü komandadır. Zəif komanda ilə mübarizə aparmırdıq. Özümüzü bir növ qələbəni əldən vermiş komanda kimi hiss etdik. Çalışacağıq ki, gələcəkdə daha mübariz çıxış edərək, qələbə qazanaq.

Sizə elə gəlmədi ki, "Qəbələ" ikinci hissədə meydana yalnız müdafiə olunmaq üçün çıxmışdı?

- Ola bilsin, elə görünürdü. Yaxud baş məşqçimizin tapşırığı idi. Bunu deyə bilmərəm. Amma əlbəttə, ikinci hissə "Qarabağ"ın üstünlüyü, hücumları şəraitində keçdi. Ancaq əsas odur ki, biz qalib gəldik.

80-ci dəqiqədən etibarən tamaşaçılar tribunaları tərk etməyə başladılar. "Qəbələ"nin azarkeş problemini aradan qaldırmaq üçün hansı planları var?

- Məncə, bu, "Qəbələ"nin fanatları ilə bağlı məsələ deyil. Təəssüf ki, azərbaycanlı tamaşaçılara xas xüsusiyyətdir. Fikrimcə, bununla bağlı daha çox təbliğat aparılmalıdır. Oyun 90 dəqiqə davam edir. Azarkeşlər nəinki oyunun başa çatmasını gözləməli, hətta futbolçuları paltardəyişmə otağınadək yola salmalı, alqışlamalı, təşəkkürlərini bildirməlidirlər. Məğlub olduqları təqdirdə isə futbolçulara ruh yüksəkliyi verməlidirlər. Yəni, bu, bir təbliğat işidir.

Avropa Liqası matçlarını Qəbələdə keçirə bilmirsiniz. Gələn mövsümədək öz stadionunuzu beynəlxalq standartlara uyğun vəziyyətə gətirməyi düşünürsünüzmü?

- Bəli, planda var. Biz istəyirik ki, stadionu lazımi tələblərə uyğun quraq. Ümidvarıq ki, gələn mövsümədək bunu edəcəyik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]