İdman

Millimizin futbolçusu Ukrayna klubunda

25-06-2016, 18:42

Paşayev Ukraynada doğulsa da, atası azərbaycanlıdır.

«Qəbələ»dən ayrılan Pavel Paşayev ölkəni tərk edib. ANS PRESS-in məlumatına görə, yenidən legioner həyatı yaşamaq qərarına gələn millimizin üzvü artıq özünə yeni klub tapıb.

28 yaşlı müdafiəçi yenidən Ukraynada çıxış edəcək. Belə ki, o, «Stal» klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Razılaşmaya əsasən, Pavel qarşıdakı 2 ildə Premyer Liqada çıxış edən Dneprepetrovsk təmsilçisinin formasını geyinəcək. Bu ilin fevralında «Qəbələ»yə keçən Paşayev əvvəllər «Dnepr», «Krivbas» və «Karpatı» klublarında çıxış edib. Ukraynanın U-15, U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında çağırılan Paşayev 2009-cu ildə bu ölkənin millisində 2 oyun keçirib. Bu ildən isə o, əsas milli komandamıza dəvət alır. 28 yaşlı Pavel Paşayev Ukraynada doğulsa da, atası Vaqif azərbaycanlıdır. O, 6 il əvvəl Ukrayna millisi ilə Slovakiya və Serbiya yığmalarına qarşı oynasa da, bunlar qeyri-rəsmi görüşlər olub.

Qeyd edək ki, əslən azərbaycanlı olan Pavel Paşayev keçən il may ayında AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini qeyd etmişdi, bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Ukrayna Futbol Federasiyası bildirmişdi ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb. Bundan sonra AFFA onun müvafiq qaydalara uyğun olaraq millimizdə çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət ünvanlamışdı.

Artıq FIFA müraciəti cavablandırıb. FIFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Pavel Paşayevin FIFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahibdir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]