İdman

"Şahruddinin milliyə çağırılması haqsızlıqdır" -Fərhad Vəliyev

5-03-2017, 00:01
"Sumqayıt"ın qapıçısı Fərhad Vəliyev Topaz Premyer Liqasının XXI turunda "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları oyundan sonra müsahibə verib. Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, 37 yaşlı qolkiper ilk öncə uğursuz matç haqda düşüncələrini bölüşüb.

- Oyun "Qarabağ"ın üstünlüyü ilə keçdi. Bu, hesabda da öz əksini tapdı. Belə oyun haqda çox şey danışmaq olmur.

- Qapına təyin edilən penalti epizoduna daha yaxın idi. Qayda pozuntusu vardı?

- Az-maz çəkmə vardı. Ancaq penalti veriləcək qədər kobudluq yox idi. "Qarabağ" öz gücünü göstərdi. Bizim isə bu rəqiblə oyunumuz son vaxtlar nədənsə almır. Elə bil ki, "Qarabağ"la matçda futbolçularımız öz formalarından uzaq düşürlər.

- Son vaxtlar yaxşı oyun göstərsən də, milliyə dəvət almadın. Bu haqda nə deyə bilərdin?

- Dəvət gözləyirdim. Düşünürdün ki, çağırılacağam. Ancaq baş məşqçi heyəti açıqlamazdan öncə müsahibəsində bildirmişdi ki, Avro-2020-ni düşünür. Ancaq hazırda DÇ-2008-ə düşmək şansımız var. Azərbaycan yığmasına nəticə lazımdır. Buna görə təcrübəli qapıçı kimi milliyə dəvət olunacağımı gözləyirdim. Yenə də bu, baş məşqçinin qərarıdır. O, gənclərə üstünlük verib.

- Əsas qapıçı Kamran Ağayevin olmadığı vaxtda "Qarabağ"da ehtiyatda qalan Şahrudin Maqomedaliyevin çağırılması, sənin kənarda qalmağın haqsızlıq deyilmi?

- Əlbəttə, haqsızlıqdır. Çox millilərə baxanda görürsən ki, təcrübəli qapıçılara güvənirlər. Şahrudinə gəlincə, U-21 yığmasının qapıçısı idi. Milliyə namizəd idi, onu da çağırdılar.

- "Sumqayıt" qış fasiləsindən daha yaxşı oyun göstərir, xallar qazanır. Növbəti turlarda Avroliqa uğrunda mübarizə aparacaqsınız, yoxsa?

- Əlbəttə, Avroliqaya düşmək bizim üçün çətin olacaq. Dördüncü pillədən düşmüşük. Çalışacağıq ki, həmin pilləyə qayıdaq. Turnir cədvəlində bizə yaxın rəqiblərdən "İnter" və "Kəpəz"lə səfərdə oynayacağıq. Məqsədimizə nail olmaq üçün bu matçlarda maksimum xal qazanmağa çalışacağıq.

- Baş məşqçiniz Samir Abasov oyundan sonra mətbuat konfransında bildirib ki, komandası hələ Avroliqaya düşmək səviyyəsində deyil. Doğrudanmı bu, belədir?

- Əlbəttə, çox çalışmalı, çox oyunlar keçirməliyik ki, Avroliqaya düşəndə böyük hesabla uduzmayaq, ölkəmizi layiqincə təmsil edək. Bir yerdə çox oynamalı, ciddi hazırlaşmalıyıq ki, məqsədimizə çataq. Avroliqanı yox, çempionatın sonunda 4-cü pillədə qərarlaşmağı düşünürük.

- Son 2 matçda öz oyununuzu göstərə bilməyərək uduzursunuz. Nəsə problem var?

- Xeyr, heç bir problemimiz yoxdur. Sadəcə, son oyunda əsas müdafiəçimiz Rail Məlikov zədə səbəbindən kömək edə bilmədi. Qalan futbolular matça ciddi hazırlaşmışdılar. Komandadan belə zəif oyun gözləmirdim.

Administratorla əlaqə

077 611-55-22

[email protected]