Gündəm

Daha bir məmur hədəfdə - komitə sədri ilə bağlı gizli dosye!

14-11-2015, 15:32
Daha bir məmur hədəfdə - komitə sədri ilə bağlı gizli dosye!

Azərbaycanda iri məmurlara qarşı cəzalandırma dalğasının hədəfindəki növbəti yüksək çinli şəxsin kimliyi məlum olub. Bu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. Bu barədə Qaynar.info-ya hökumətə yaxın dairələrdəki etibarlı mənbədən məlum olub.

xeberman.com saytının qaynar.info ya istinadən bildirilir ki, İbrahimov haqqında kompromatlar toplanır və onun barəsindəki gizli dosyedə həm komitə sədrinin özü, həm də yaxınları barədə olduqca ilginc bilgilər var.

Məsələn, Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun təsisçisi olduğu, faktiki olaraq isə komitə sədrinin himayə etdiyi “Sahil D” tikinti şirkətinin bir çox vətəndaşı aldatması göstərilir. Bu işlərin bir çoxu məhkəmə müstəvisinədək uzanıb. Sahib İbrahimovun bir qayda olaraq, qardaşının hökumətdəki mövqeləri hesabına hakimlərdən öz xeyrinə qərarlar çıxarmağa çalışdığı da üzə çıxıb.

Bundan başqa Nazim İbrahimovun nəzarətindəki daha bir tikinti şirkətinin - "STS" MMC-nin də külli miqdarda ziyan vurmaqla dələduzluq etdiyi barədə faktlar məlumdur. Qeyd edək ki, həm “STS”, həm də “Sahil D” şirkətləri ilə bağlı Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsi də yoxlamalar aparıb və belə hallar təsdiqini tapıb.

Nəticədə ötən il hər iki şirkətin direktoru olan Məzahir Cəfərova qarşı bir neçə maddə ilə cinayət işi qaldırılıb. O, Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və pulu ödənmiş mənzilləri saxta sənədlərlə təkrar müxtəlif şəxslərə satmaqla ittiham olunurdu. Etibardan sui-istifadə etmə və aldatma yolu ilə 4 milyon 458 min manat ələ keçirməsində təqsirləndirilirdi.

Həm də komitə sədrinin qaynı olan M.Cəfərov bu il iyunun 20-də Bakı şəhəri Həsən Əliyev ünvanındakı mənzilində aslımış vəziyyətdə tapılıb. Onun intihar etdiyi bildirilib.

Nazim İbrahimovla bağlı dosyedə onun “biznes imperiyası” ilə bağlı digər qaranlıq məqamlar da əks olunur. Xüsusilə Komitənin xərcləmələrində qeyri-şəffaflığa, şişirtmələrə yol verildiyi, nəticədə müxtəlif dövlət tədbirləri üçün nəzərdə tutulan həmin vəsaitlərin şəxsi biznesə yönəldildiyi iddia olunur. Başqa bir iddiaya görə, İbrahimov rəhbərlik etdiyi qurum xətti ilə xarici ölkələrdə keçirilən tədbirlərin maliyyə yükünü bir çox hallarda həmin ölkələrdəki imkanlı azərbaycanlıların üzərinə yükləyib, əvəzində isə bunun üçün nəzərdə tutulan dövlət vəsaiti mənimsənilib.

İddiaya görə, hazırda Diasporla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycanın xaricdəki nüfuzlu diaspor təşkilatlarının bir çoxu arasında ciddi soyuqluq və narazılıq var. Bunun kökündə də məhz Nazim İbrahimovun qurumunun qeyri-şəffaf fəaliyyəti dayanır.

Bildirilir ki, komitə sədri ilə bağlı geniş kompromat dosyesi onun vəzifədən uzaqlaşdırılması, hətta hazırda bir çox nazirliklərdə həyata keçirilən daha sərt cəza tədbirlərinin adıçıkilən komitəyə də sıçraması kifayət qədər realdır.

Qaynar.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]