Gündəm / İdman

Azərbaycanın yaxın illərdə evsahibliyi edə biləcəyi beynəlxalq yarışların SİYAHISI

21-06-2016, 19:21
Azərbaycanda keçirilən "Formula-1” Avropa Qran Prisi iki gündür ki, başa çatıb. Yarışda "Mercedes”in pilotu Niko Rosberq qələbə qazanıb. Onun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 48,942 saniyə olub. İkinci yeri "Ferrari”nin pilotu Sebatian Fettel, üçüncü yeri isə isə "Force İndia”nın sürücüsü Serxio Peres tutub. 

Hazırda isə Azərbaycan "Eurovision” mahnı müsabiqəsinə rəqib olan "Youthvision” yarışmasına hazırlaşır. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 22-24 iyun tarixlərində Heydər Əliyev Sarayında keçiriləcək müsabiqədə 20-dən çox ölkə iştirak edəcək. 

Bəs gələcək illərdə Azərbaycanda hansı yarış və müsabiqələr keçiriləcək?

Musavat.com önümüzdəki illərdə ölkəmizdə keçirilməsi gözlənilən beynəlxalq tədbirlərin siyahısını hazırlayıb. 

IV İslam Həmrəyliyi Oyunları (qeyri-rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) 2017-ci ildə 12-22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq. İdman oyunlarında 21 idman növü üzrə 57 ölkənin 6 minə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

"Universiada-2019" - Bakı 2019-cu ildə keçiriləcək yay "Universiada”sına da ev sahibliyi edə bilər. Bunu Rusiya Tələbə İttifaqının rəhbəri Oleq Matıtsin Beynəlxalq Universitet İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclasının yekunları ilə bağlı danışarkən deyib. O, potensial namizədlər arasında İtaliya, Türkmənistan və Azərbaycanın adlarını çəkib. Lakin o, bildirib ki, adını çəkdiyi ölkələr tərəfindən "Universiada-2019"-a ev sahibliyi etmək üçün rəsmi müraciət daxil olmayıb və danışıqlar aparılır.

EURO 2020: UEFA Avropa futbol çempionatı 2020-ci ilin ortalarında Bakı da daxil olmaqla, Avropanın 13 şəhərində keçiriləcək. Bu, UEFA tərəfindən təşkil edilən 16-cı Avropa çempionatıdır. Yarımfinal və final oyunları Londonda, dörddə bir finallar və qrup mərhələsi Münhen, Sankt-Peterburq, Bakı və Romada, on altıda bir və qrup mərhələsi isə Buxarest, Amsterdam, Kopenhagen, Dublin, Bilbao, Brüssel, Qlazqo və  Budapeştdə baş tutacaq.

VIII Yay Hərbi Oyunları - 2023-сü ildə də Azərbaycanda daha bir beynəlxalq yarış keçirilə bilər. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığı ilə Beynəlxalq Hərbi İdman Şurasında (CISM) ölkəmizi təmsil edən nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, general-mayor Natiq Əliyev Şuranın rəsmi nümayəndəsi Nevzat Varol ilə görüşüb. 

Həmin görüşdə Azərbaycanın hərbçi idmançılarının CISM himayəsi altında keçirilən yarışlarda qazandıqları nailiyyətlər və beynəlxalq səviyyəli idman yarışlarını təşkil etmək təcrübəsi nəzərə alınaraq, 2023-cü ildə VIII Yay Hərbi Oyunlarının ölkəmizdə keçirilməsi təşəbbüsü müzakirə olunub. 

Könül İbrahim,

Administratorla əlaqə

077 611-55-22

[email protected]