Gündəm

SOCAR-dakı gizli fətullahçı MTN generalının qohumudur

30-10-2015, 18:22
SOCAR-dakı gizli fətullahçı MTN generalının qohumudur

Azərbaycanın dövlət neft şirkətinin Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey Energy”nin icraçı direktorunun birinci müavini, Fətullah Gülən təriqətinə bağlı olduğu deyilən Samir Kərimli bu günlərdə işdən çıxarılan MTN generalının qohumudur.
Samir Kərimlinin MTN-in əks-kəşfiyyat xidmətinin işdən çıxarılan rəisi, general Nizami Şirinovun baldızının oğlu olması haqda azpolitiko.info yazır.
Xəbər verdiyimiz kimi, bu günlərdə Türkiyənin hökumətyönümlü “Sabah” qəzeti “SOCAR Turkey Energy” şirkətindəki fətullahçılar haqda yazıb.
Fətullah Gülənin “paralel dövlət” adı verilən şəbəkəsinin şirkətə yerləşdirdiyi adamlarının köməyi ilə Türkiyənin enerji sektoruna on milyardlarla dollar yatıran SOCAR-da qərarların qəbuluna ciddi təsir imkanı qazandığını yazır. Təriqətin şirkətdəki əsas adamı olaraq isə Samir Kərimlinin adı çəkilirdi.
Virtualaz.org saytına məlum olub ki, Türkiyə hökuməti ölkənin enerji sektorunda irihəcmli investisiyalara malik olan SOCAR-ın fətullahçılardan təmizlənməsi üçün rəsmi Bakının qarşısında məsələ qaldırıb. Hərçənd ki, SOCAR-dan yayılan açıqlamada bildirilmişdi ki, bu iddialar Türkiyədə seçkiqabağı mübarizədə siyasi qüvvələr tərəfindən gündəmə gətirilir və şirkətin işçiləri arasında hansısa təriqətə bağlı olanı yoxdur.
Ancaq məlum olub ki, Samir Kərimli Azərbaycanda fətullahçıların şəbəkəsinə bağlı türk litseyinin məzunu olub, daha sonra ABŞ-da təhsilini davam etdirib. Həmçinin o, MTN-in əks-kəşfiyyat xidmətinin bu günlərdə işdən çıxarılan rəisi Nizami Şirinovun baldızı oğludur.
Samir Kərimlinin atası Arif Kərimov “Hacı Arif” kimi tanınır, Bakıda “Levis” mağazalarının sahibidir.
O da iddia olunur ki, Samir Kərimli Fətullah Gülənin “sağ əli” və vəliəhdi kimi tanınan, “Sema” klinikası Yönətim Kurulunun (İdarə Heyəti) başqanı Mustafa Özcanla da sıx münasibətlərdədir. M.Özcan Bakıdakı “Nil” mağazalar şəbəkəsinin də sahibidir və dəfələrlə Azərbaycanda olub.
Mənbə deyir ki, Samir Kərimli dəfələrlə Mustafa Özcanla Nizami Şirinovun görüşünü təşkil edib. İlk dəfə onlar 2008-ci ildə Bakıda “Excelsior” otelində görüşüblər. Sonrakı illərdə bu təmaslar davam etdirilib.
Samir Kərimlinin “SOCAR Turkey Energy” şirkətinin icraçı direktorunun birinci müavini vəzifəsinə təyin olunmasında da N.Şirinovun rolunun olduğu bildirilir.
avrasiya.net

Administratorla əlaqə

077 611-55-22

[email protected]