Gündəm

Nazirlikdə dövlət vəsaitinin mənimsənildiyini sübut edən növbəti sənəd… - FAKTLAR

25-10-2015, 13:02
Nazirlikdə dövlət vəsaitinin mənimsənildiyini sübut edən növbəti sənəd… - FAKTLAR

Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələrində dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi haqda məlumat vermişdik. Hətta bəzi rayon şöbələrinin müdirlərinin aparılan araşdırmalardan sonra vəzifədən uzaqlaşdırıldığını da qeyd etmişdik. Bəzi rayon şöbələrində dövlət büdcəsinin necə talandığını əks etdirən sənədləri də sübut kimi təqdim etmişdik.

Dövlət büdcəsinin məmurlar tərəfindən necə talanmasını Hesablama Palatasının audit yoxlamaları üzə çıxarıb. Və bu haqda mədəniyyət və turizm naziri Əbülfət Qarayevə məlumat verilib. Nazirin göstərişi ilə işdə yol verdiyi nöqsanlara, dövlət vəsaitini mənimsəməsinə görə Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyev, Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədov işdən çıxarılıb. Bundan başqa Ağdam və bir neçə rayon mədəniyyət və turizm şöbələrində aparılan yoxlamalarda da bu cür nöqsanlar üzə çıxıb.

Ən böyük nöqsan elə nazirliyin əsas idarələrindən biri olan Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində də qeydə alınıb.

Musavat.com idarədə dövlət büdcəsindən ayrılan vəsaitin necə mənimsənildiyini, yalan hesabatlarla “silindiyini” sübut edən sənəd əldə edib. Bu sənəd Hesablama Palatasının Kollegiya Qərarıdır.

Hesablama Palatasının 2015-ci il 31 mart tarixli Q-39 nömrəli Kollegiya Qərarına əsasən dövlət büdcəsinin yerli xərclərindən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə və struktur bölmələrinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair audit yoxlamalar həyata keçirilib. Hesablama Palatasının 30 iyul 2015-ci il tarixli Q-115 saylı qərarında göstərilir ki, idarədə təxminən 1 milyon manata yaxın vəsaitin mənimsənildiyi üzə çıxıb.

Belə ki, Kollegiya Qərarının 3.1-ci bəndinə əsasən Hesablama Palatasınn Kollegiyası auditin nəticələrini müzakirə edərək qərara alıb ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 1 nömrəli Maliyyə və İqtisad Regional bölməsi tərəfindən işçilərin Türkiyə Respublikasının İstanbul şəhərində istirahəti üzrə xərc edilmiş 18.018 manat, Xızı rayonunun Altıağac qəsəbəsində treninqin təşkili üzrə xərc edilmiş 36.800 manat, Novruz Bayramı şənliklərinin keçirilməsi üzrə 5850 manat, silinmiş mal-material qiymətlərinin dəyəri üzrə 47.932.4 manat, mərkəzləşdirilmiş xərclər hesabına verilən mal-materialların çatışmazlığı üzrə 152.783 manat, artıq ödənilmiş əmək haqqı üzrə 665.1 manat, artıq ödənilmiş ezamiyyə xərci üzrə 27.204.8 manat vəsaitin nəğd qaydada, 173.553.8 manat dəyərində mal-materialların natura formasında bərpası, 299.634.5 manat dəyərində mal-materialların isə digər uyğun mallarla əvəz edilməsi, muzeylərə alınmış 46.676.8 manat eksponatların əsas vəsait kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əvəzsiz qaydada verilmiş mal-material qiymətliləri üzrə 560.280,0 manat ƏDV-nin uçota götürülməsi nəzərə alınsın.

Sözügedən qərarın 3.2-ci bəndinə əsasən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 2 nömrəli Maliyyə və İqtisad Regional bölməsi tərəfindən artıq ödənilmiş 21.404 manat ezamiyyə xərcinin, silinmiş mal-material qiymətlilərinin dəyəri üzrə 36.820 manat vəsaitin nəğd qaydada bərpası nəzərə alınsın.

Həmçinin qərarın 4.4-cü bəndində qeyd edilib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2011-ci il 17 noyabr tarixli 3-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid tarif-ixtisas sorğu kitabçası”nın tələblərinə əməl edilməklə artıq əmək haqqı ödənilməsinin qarşısının alınması və tarif səhvi nəticəsində artıq ödənilmiş 117.304.8 manat əmək haqqının bərpası istiqamətində zəruri tədbirlər həyata keçirilsin.

Bundan əlavə Kollegiya Qərarının 4.6-cı bəndində İdarənin tabeliyində olan musiqi məktəbləri, mədəniyyət evləri və kitabxanalar üzrə artıq saxlanılmış 108, ştatdankənar işçi adı ilə isə saxlanılmış 32 ştat vahidinin ixtisar edilməsi tapşırılıb.

Hesablama Palatasının Kollegiyasının müvafiq qərarının 5.1-ci bəndinə əsasən Mədəniyyət və Turizm Nazirliyi öz növbəsində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan mədəniyyət müəssisələrində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclər hesabına verilməsi rəsmiləşdirilmiş mal-materialların çatışmazlığı üzrə 66.936 manat, o cümlədən Şaroyev adına 35 saylı Musiqi məktəbi üzrə 11.490 manat, F.Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi üzrə 8510 manat, Bibi Heybət qəsəbə Mədəniyyət evi üzrə 12.000 manat və 5 saylı Uşaq İncəsənət məktəbi üzrə 6586 manat vəsaitin büdcəyə bərpasını təcili təmin etməlidir.

Bundan başqa Kollegiya Qərarının 5.4-cü bəndində qeyd edilib ki, bu qərarla müəyyən edilmiş qanunvericiliyin pozulması halları qısa müddətdə aradan qaldırılmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi təmin edilsin.

Qərarın sonuncu - qeyd etdiyimiz bəndində göstərildiyi kimi, bu qanunsuzluqlara yol verən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Lakin onlar haqda hələlik heç bir tədbir görülməyib.

Hesablama Palatası nazirliyin digər rayon şöbələrində də bu cür nöqsanlar aşkarlamışdı. Hətta həmin şöbələrdə qeydə alınan yeyinti Bakı şəhərinin Mədəniyyət və Turizm İdarəsində rəsmiləşdirilən yeyintidən qat-qat artıqdır.

Nazir rayon şöbələrinin rəislərini cəzalandırsa da, Bakı şəhərinin Mədəniyyət və Turizm İdarəsi ilə bağlı heç bir tədbir görməyib.

Nazirlikdə dövlət büdcəsindən ayrılan vəsaitlərin necə mənimsənildiyini sübut edən sənədləri növbəti yazılarımızda da oxuculara təqdim edəcəyik...

İlkin Muradov,
Musavat.com


Nazirlikdə dövlət vəsaitinin mənimsənildiyini sübut edən növbəti sənəd… - FAKTLARNazirlikdə dövlət vəsaitinin mənimsənildiyini sübut edən növbəti sənəd… - FAKTLARNazirlikdə dövlət vəsaitinin mənimsənildiyini sübut edən növbəti sənəd… - FAKTLARNazirlikdə dövlət vəsaitinin mənimsənildiyini sübut edən növbəti sənəd… - FAKTLAR

Administratorla əlaqə

077 611-55-22

[email protected]