Gündəm

Bakıda “komendant saatı” elan olunub?

16-10-2015, 22:45
Polisin reydlərə başladığı xəbəri yayılıb: rayon maşınlarının sürücüləri gün ərzində “ələ keçərsə”... “Paytaxtda gəzməyə görə” tətbiq olunan cərimə isə nə qanunda var, nə də qərarda
Bakıda yol polisi reydlərə başlayıb. Bakuws internet portalı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, 3 gündür başlayan reydlər rayon qeydiyyatı olan avtomobillərə görə keçirilir. Reydlər zamanı gündüz saatlarında küçələrdə hərəkət edən rayon qeydiyyatlı avtomobillər saxlanılır. Sürücülər cərimələnir və maşın dərhal cərimə meydançasına aparılır. İdarədən bildiriblər ki, rayon qeydiyyatı olan avtomobillər paytaxtda saat 20:00-dan səhər saat 07:00-a qədər hərəkət edə bilərlər. Əks təqdirdə şəhərdə rayon nömrəsi ilə olan avtomobillər saxlanılacaq.

"Bizim Yol" qəzeti əməkdaşının apardığı araşdırmada Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının (YHTK) qərarına əsasən rayon avtomobillərinin şəhərə daxil olmasında tətbiq olunan məhdudiyyət və qadağanın Konstitusiya və qanunlara zidd olduğu ortaya çıxmış, bunun üçün konkret maddələrə istinad etmişdik. Məhdudiyyət qanunlara söykənmir, qərar ilk növbədə Konstitusiyanın 25-ci, "Bərabərlik hüququ", 28-ci, "Azadlıq hüququ", 29-cu, "Mülkiyyət hüququ", 148-ci, "Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar", 149-cu, "Normativ hüquqi aktlar" maddələrinə, "Yol hərəkəti haqqında" Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə, YHTK-nın hüquqi statusu və səlahiyyətlərini müəyyənləşdirən Nazirlər Kabinetinin 1999-cu il 11 avqust tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə ziddiyyət təşkil edir. "Yol hərəkəti haqqında" Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə görə, yol hərəkəti yalnız yollarda təmir və ya abadlaşdırma işləri görüldükdə; təbii fəlakət, qəza və ya digər fövqəladə hadisə baş verdikdə; yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün təhlükə yarandıqda; hava-iqlim şəraiti xeyli pisləşdikdə; qanunvericiliklə müəyyən edilmiş hallarda kütləvi tədbirlər həyata keçirildiyi zaman müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər. Qanunda xüsusi məhdudiyyət və qadağanın müvəqqəti olduğu vurğulanır və söhbət konkret yollarda hərəkətə məhdudiyyət və ya qadağadan gedir. Qaydalar daimidirsə, qanuna dəyişiklik edilməlidir.
Yuxarıda saytın yazdığından belə məlum olur ki, artıq rayon maşınları Bakıda hərəkət zamanı saxlanılarsa, sahibi cərimələnir və maşın cərimə meydançasına aparılır. Əslində cərimə məbləği nə qədərdir? Cərimə tətbiq edilirsə də, tərtib olunan protokolda hansı qanuna istinad edilir? Bir sürücünün vəzifəsi "Yol hərəkəti haqqında" Qanuna əməl etmək, qanundan irəli gələn öhdəlikləri pozmamaqdır. Qanunvericilikdə rayon avtomobillərinin Bakıda hərəkətini məhdudlaşdıran və ya qadağan edən konkret maddə yoxdur, heç dolayısıyla da buna işarə edilmir. İnzibati Xətalar Məcəlləsinin (İXM)13 və 14-cü fəsilləri (151-ci maddədən 168-ci maddəyə qədər) yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara həsr olunub. Ancaq o cərimələr bizim bildiyimiz klassik qayda pozuntularına aiddir, sərəncamla tənzimlənən yeni məhdudiyyət və qadağa burada əksini tapmayıb. Cərimələr əsasən yol nişanlarının tələblərinə əməl etməmə; yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma; təhlükəsizlik kəmərləri, motodəbilqələr, işıq cihazları və səs siqnallarından istifadə qaydalarının pozulması; piyada keçidində piyadaya yol verilməməsi; keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi; idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi; idarə etmək hüququ olan və ya olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi; nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən avtomobilini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsi; sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə olan şəxsə verməsi; svetoforlar və nizamlayıcının işarələrinə riayət edilməməsi; sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınması; yol nişanları və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulması; sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsi; piyadaların hərəkətinə maneə yaradılması; üstün hərəkət keçidi olan nəqliyyat vasitələrinə yol verilməməsi; nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması; sərxoşluq vəziyyətinin müayinəsindən boyun qaçırma; nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması; dayanma, durma və parklanma qaydalarının pozulması; nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi; təhlükəli yüklərin daşınması qaydalarının pozulması; yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması və s. hallara görə tətbiq olunur. İXM-də rayon avtomobillərinin gündüz saatlarında paytaxt daxilində hərəkətinə daimi qadağa (artıq gündüz saatları barədə məhdudiyyət demək olmaz) və qadağanın pozulmasından irəli gələn hər hansı cərimə növü nəzərdə tutulmur. Belə çıxır ki, sabah NK yol hərəkəti qaydalarını sərəncamlarla idarə edə bilər.

Klassik hakimiyyətlər bölgüsü hər kəsin əməl etməsi məcburi olan ümumi qaydaları qoyan parlament, bu qaydaları icra edən icra hakimiyyəti orqanı və qaydaların tətbiqindən yaranan mübahisələri həll edən məhkəmə orqanının olmasını və bir-birindən ayrılmasını nəzərdə tutur. Bəzən hakimiyyət orqanları özlərinə aid olmayan səlahiyyətlərdən istifadə edirlər. Tutaq ki, parlament icra funksiyasını üzərinə götürür, müəyyən bir hadisəni araşdırmaq üçün təhqiqat komissiyaları qurur, məhkəmə orqanları plenum qərarları ilə qayda qoyur, icra hakimiyyəti orqanı normativ aktlarla qayda qoyduqları kimi, inzibati cəza verməklə məhkəmə funksiyasını yerinə yetirirlər. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında aşağıdakı formada təşkil edilir: qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir; icra hakimiyyəti Prezidentə tabedir; məhkəmə hakimiyyətini məhkəmələr həyata keçirir.

Keçən məqalədə də dedik ki, qanunvericilik sistemi Konstitusiya, referendumla qəbul edilmiş aktlar, qanunlar, fərmanlar, Nazirlər Kabinetinin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlarından ibarətdir. Sıralamada NK 5-cidir, onun qərarları Konstitusiya, referendum, qanunlar və Prezident fərmanlarından sonra hüquqi qüvvəyə malikdir. İXM-nin 165-ci, "Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi" maddəsində göstərilir ki, "yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə fiziki şəxslər qırx manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir". Burada müvəqqəti məhdudlaşdırmadan söhbət gedir və qərarı icra etməyən sürücü ilə bərabər yol hərəkətini özbaşına məhdudlaşdıran şəxsə üç yüz manatadək cərimə tətbiq olunur. Belə çıxır ki, bu müddəa baş nazirin müavini Abid Şərifova cərimə nəzərdə tutur.

Baş Dövlət Yol Polisi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev "Bizim Yol" əməkdaşının suallarına cavab verərkən bildirdi ki, bölgələrdən şəhərə daxil olan avtomobillər cərimələnmir, məhdudiyyət onların girişinədir: "Burada söhbət rayon avtomobillərinin şəhərə girişinə qadağadan getmir, söhbət yalnızca hərəkətin məhdudlaşdırılmasından gedir. Müəyyən olunmuş vaxt ərzində şəhərdəki nəqliyyat sıxlığının azaldılması məqsədilə atılan addımdır. Bu səbəbdən də rayon qeydiyyatında olan sürücülərə müraciət olunub ki, səhər saat 7-dən axşam saat 9-a qədər şəhərə giriş etməsinlər ki, paytaxtda sərbəst hərəkət mümkün olsun. Bu gün yanğınsöndürən avtomobillər, təcili tibbi yardım maşınları, polis və digər xilasetmə avtomobilləri nəqliyyat sıxlığı ucbatından hadisə yerinə gedib vaxtında çata bilmirlər. Qərar nəqliyyat sıxlığının aradan qaldırılması, insanların həyat və sağlamlığının, mülkiyyətlərinin qorunması, ümumilikdə təhlükəsizliyin təmin olunması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən qəbul edilib və rayon qeydiyyatı olan nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulub. Bakı şəhərindəki nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət olmasa da, biz yenə şəhər sakinlərinə müraciət edirik ki, zərurət yaranmadan şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər. Girişə məhdudiyyət qoyulursa, sözsüz ki, onun hərəkətinə də məhdudiyyət tətbiq edilir. Əgər rayon qeydiyyatında olan avtomobillərin müəyyən vaxt çərçivəsində girişinə məhdudiyyət varsa, gündüz vaxtı da şəhər daxilində hərəkət etməməli, onlar üçün ayrılan vaxt intervalında şəhərə çıxmalıdırlar. Həmin zaman çərçivəsində də öz işlərini görə bilərlər. Əks halda nəqliyyat sıxlığının qarşısını almaq olmaz".

Cənab Əliyev dedi ki, məhdudiyyət tələbini pozmaqla bağlı qanunvericilikdə hər hansı sanksiya yoxdur: "Amma sürücülər polisin qanuni tələbinə əməl etmədikdə cərimələnə bilərlər. Polisin qanuni tələbinə yerində əməl edilməlidir. Məsələn, sürücü polisin göstərişi ilə avtomobili saxlamasa, ya da cərimə meydançasına getməkdən imtina etsə, o halda cərimələnə bilər".

Təbii ki, bu, sürücülərə protokol yazmaq üçün polisə bəhanə verir. Şəhərdə hərəkətə görə qanunvericilik bir sanksiya nəzərdə tutmadığından sürücüləri cərimə gözləmir. Baş naizirin müavininin imzaladığı qərarda da avtomobillərin Bakı daxilində hərəkətinə yox, şəhərə girişinə məhdudiyyət qoyulur. Buna qədər də DYP-dən rayon maşınlarının paytaxtda hərəkətinə qadağa olmadığı barədə bəyanatlar səslənmişdi. O açıqlamadan bu yana qanunvericilikdə hər hansı dəyişiklik yoxdur, yeni bir sərəncam da imzalanmayıb. Avtomobil sahibləri cərimələnirlərsə də, bu, əsası olmayan bir "sanksiya"dır və ortada hər hansı protokol varsa, bu işə məhkəmədə baxılmalıdır. Qeyd edim ki, yeni qaydalar heç Baş Dövlət Yol Polisi, DİN-in web-saytlarında belə yerləşdirilməyib. Bütün bunlar qanundan kənar deyilsə, qərar özü qanunları pozmursa, hüquq-mühafizə orqanları onları niyə öz internet resurslarında yerləşdirib, sürücüləri təlimatlandırmırlar?

bizimyol.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]