Gündəm

QARADAĞIN MİLYONÇU İCRA BAŞÇISI

17-03-2016, 03:00
Süleyman Mikayılov nəzarəti altında olan biznes sahələrindən külli miqdarda qazanc götürür Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Süleyman Mikayılovun adı qalmaqallı hadisələrdən heç vaxt əskik olmur. 

Mətbuat üzərindən aparılan araşdırmalar göstərir ki, bu məmurun fəaliyyətindəki nöqsanlarla bağlı indiyə qədər saysız-hesabsız məqalələr dərc olunub, məlumatlar yayılıb. Xatırladaq ki, bir müddət əvvəl icra başçısının milyonluq yeyintiləri haqda şok məlumatlar yayılmışdı. Həmin məlumatlarda qeyd olunurdu ki, Süleyman Mikayılov hələ Lənkəran İcra Hakimiyyətinin başçısı olduğu zaman keçmiş təhsil naziri Misir Mərdanovla əlaqəyə girərək Bakı şəhəri və 20-dən çox rayonun məktəblərini stol-stulla təmin edib. Prezidentin dəfələrlə məmurlara xəbərdarlıq etməsinə baxmayaraq, biznes fəaliyyəti ilə məşğul olan məmurlarımız özlərinə dəbdəbəli həyat şəraiti yaraqtamla məşğul olurlar. Ki, Süleyman müəllimin də adı onların arasında çəkilir. İddialara əsasən, bu şəxs əlində olan bütün resurslardan yararlanaraq özünə və ailə üzvlərinə böyük biznes şəbəkəsi yaradıb. «Qaradağın icra başçısı neçə illərdir ki, məktəblərdəki sinif otaqlarını stol-stulla təmin edir və Təhsil Nazirliyindəki əlaqələri ilə bu sahədə böyük biznes şəbəkəsi qurub. Hətta icra başçısının yaxın ətrafı, başçı ilə zarafatlaşmaq haqqına sahib olan dostları öz aralarında ona "parta” biznesinin patronu deyə xitab edirlər. İcra başçısı artıq 7 ildir bu biznesdə böyük gəlirlər əldə edir. Onun ilk dəfə bu biznesə Lənkəranda işlədiyi dövrdə başladığı qeyd olunur. Hazırda isə bu sahədə demək olar ki, tam monopoliyaya sahibdir. Məmur Təhsil Nazirliyini təxminən 40 faiz bərk və yumuşaq invertarla təmin edir. Ancaq invertar işinin yaxşı qazanclı olduğunu görən Süleyman Mikayılov 2012-ci ildə özünə Qaradağ rayonunda mebel fabriki açıb. Daha əvvəllər mebeli xaricdən alan Mikayılov indi öz mebel fabrikinin istehsal etdiyi mebeli Təhsil Nazirliyinin müəssisələrinə satır. Həmin mebel fabrikinin tikintisi və istehsalın təmini üçün isə icra başçısı Sahibkarlığa Kömək Milli Fondundan bir neçə milyon manat kredit götürüb. Bir neçə milyon manat vəsaitə xaricdən xüsusi dəzgahlar alıb və həmin fabrikdə əsasən məktəblərin sinif otaqları üçün stol-stullar istehsal olunur. Başçının stol-stulları üçün istifadə olunan xammal və hissələr isə xaricdən, əsasən Rusiyadan, Ukraynadan və Çindən gətirilir. Ucuz qiymətə başa gələn məktəb stol – stulları isə Təhsil Nazirliyinə maya qiymətindən 5-6 dəfə baha satılır», deyə məlumatda vurğulanır. İcra başçısı ilə bağlı başqa bir məqama diqqət yetirək. Belə ki, bir müddət əvvəl Qaradağ RİH-də böyük qalmaqal yaşanıb. Başçı ilə görüşmək istəyən vətəndaşlar görüşə buraxılmadığı üçün insident baş verib: «Həmin şəxslər icra başçısının qardaşı Bağır Mikayılovdan şikayətçi olublar. Onların Bağır Mikayılovdan şikayətçi olmalarına səbəb onların pullarını alaraq geri verməməsi ilə bağlıdır. İcra başçısının qardaşı ayrı-ayrı vətəndaşlara ev tikmələri üçün sərəncam verəcəyinə dair vəd verərək, onlardan müəyyən məbləğlərdə pul alıb. Sonradan isə vədini yerinə gətirməməklə yanaşı, həm də onların pullarını geri qaytarmaqdan imtina edib. Üstəlik, pul sahiblərini təhdid etməkdən də çəkinməyib». Süleyman Mikayılovun daş biznesinin olması barədə də maraqlı məlumatlar yer almaqdadır. Deyilənə görə, icra başçısı bir neçə il əvvəl özünə böyük gəlir gətirən biznes sahəsi qurub. Məlumata görə, icra başçısı rayonda həyata keçirilən yenidənqurma və abadlıq işlərində istifadə olunan üzlük və kubik daşlarını çox ucuz qiymətə, hətta pulsuz almasına rəğmən onu sənədləşdirmədə həddindən artıq baha qiymətə qeyd etdirir: «Rayonda xeyli sayda karyer var və onlardan üzlük və tikinti daşının alınması başçı üçün çox ucuz başa gəlir. Amma buna baxmayaraq, icra başçısı həmin daşları sənədləşdirmədə iki, hətta 4-5 dəfə baha göstərməklə büdcədən ayrılmış pulların bir qismini özünə saxlayır. Belə ki, Qaradağdakı daş karxanalarında hasil edilən əhəng daşının yerində qiyməti 10-15 qəpikdən bahaya başa gəlmir. Amma tikinti zamanı istifadə olunan bu materialların sənədləşdirilməsi 55-60 qəpik göstərilir ki, bu da qiymətin 3 dəfə şişirdilməsi deməkdir. Üzlük daşlarına gəldikdə isə burada qazanc 2 dəfə artıqdır. Çünki emal olunmuş həmin daşların maya dəyəri təqribən 18-20 manata bərabər olur. Amma icra başçısı onları sənədləşdirərkən 33-35 manat civarında göstərir». İcra hakiminin diplomunun saxta olmasına dair də ilginc iddialar səsləndirilməkdədir. Yayılan məlumata görə, icra başçısı 2001-ci ildə Dərbənddə fəaliyyət göstərən ali məktəblərdən birinə pulla daxil olub və orda adı getsə də, özü məktəbin üzünü heç vaxt görməyib: «O, sonradan müəyyən yollarla Bakı Dövlət Universitetinin diplomunu əldə edib. Başçı bu faktı ört-basdır etmək üçün əlindən gələni edir. Hətta onun bu detalı gizlətməkdən ötrü yaxın ətrafına tapşırıqlar verdiyi bildirilir. Sənaye baxımından çox böyük potensiala malik olan Qaradağ rayonunda isə acınacaqlı durum yaranıb. Süleyman Mikayılovun xüsusi qanunları ilə idarə olunan rayonda ciddi sosial-siyasi problemlər hökm sürür. Burada ən böyük sahibkar, iş adamı elə Süleyman Mikayılovun özüdür. Təsadüfi deyil ki, yerli iş adamları hər zaman rayonda yaranan gərgin atmosferdən şikayətçi olublar». Özəl mənbələr isə bildirirlər ki, Qaradağın icra başçısı yarıtmaz idarəçiliyi ilə yuxarılarda özünə qarşı inamı itirib. Bu səbəbdən onun yaxın vaxtlarda görəvindən alınacağı gözlənilir. Qarşı tərəfi də dinləyə bilərik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]