Gündəm

Allahşükür Paşazadənin anti-Qərb mesajlarında gizli kod - Pərdəarxası

8-05-2017, 21:45
Azərbaycan hakimiyyəti Qərbin neoimperiya siyasətinə gizli-aşkar etiraz etməkdədir

Iqtidar bunu birbaşa olaraq bəyan etməsə də, ayrı-ayrı dövlət rəsmilərinin çıxışlarında, deputatların, din xadimlərinin açıqlamalarında sezilir.

Rəsmi Bakı islamafobiya il mübarizədə olduğunu gizlətmir və prezident İlham Əliyev də çıxışında vurğulayıb.

Lakin hakimiyyətin Yaxın Şərqdə baş verən hadisələrə görə Qərb dünyasını qınaması bir qədər təhlükəli tendensiyalardan xəbər verir.

Tarixi təcrübə göstərir ki, ABŞ və Qərbin xarici siyasətini tənqid edən, ərəb dünyasındakı terrorda onları ittiham edən dövlətlərlə gərginlik yaşanır.

Avropa Şurası ilə açıq savaşa gedən rəsmi Bakı ərəb dünyasındakı qanlı olayarda da Qərbi suçlayır.

Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Platformunun panelindəki çıxışında deyib ki, Əfqanıstan, İraq, Liviya, Suriya, Yəməndə baş verən iğtişaşlar Qərb dövlətlərinin siyasətinin bəhrəsidir.

Şeyxin ilk açıqlaması deyil ki, belə danışır. O hər zaman Avropanı ittiham edir. Bunun da kökü bəllidir. Çünki Azərbaycan müstəqillik illərində müntəzəm olaraq Qərbin ikili standartları ilə üz-üzə qalıb.

Vaxt keçdikcə aydın olub ki, bu yanaşmanın kökündə müxtəlif xarici dairələrin, xüsusilə ABŞ-ın geosiyasi və strateji maraqları durur.

ABŞ-da bəziləri düşünürlər ki, Azərbaycanın öz dövlətçilik, milli maraqları ya ümumiyyətlə olmamalı, ya da Vaşinqtonun cızdığı çərçivədən kənara çıxmamalıdır. Yəni rəsmi Bakı yalnız tapşırıqlar yerinə yetirməlidir.

Ulus.Az xəbər verir ki, bəzi dairələrin fikrincə Azərbaycan təbii sərvətlərinin bölgüsünü və ixracını Vaşinqtonda müəyyən edilmiş qaydada həyata keçirməlidir.

Onlar hesab edirlər ki, Azərbaycanın xarici siyasəti Amerikanın istək və arzuları ilə tam uyğunlaşdırılmalı, ayrı-ayrı ölkələrlə münasibətlərinin konturları Dövlət Departamenti tərəfindən təyin edilməlidir.

Hakimiyyət seçimi hüququ Azərbaycan xalqına deyil, Ağ Evə məxsus olmalıdır. Bu, tamamilə yanlış düşüncə tərzidir.

Azərbaycan artıq əyani şəkildə sübut edib ki, müstəqil dövlət olaraq daxili və xarici siyasətini, beynəlxalq əlaqələrini özü müəyyənləşdirir və bunun üçün hansısa güc mərkəzinin, kənar qüvvənin məsləhətlərinə ehtiyac görmür.

Azərbaycanın milli sərvəti - enerji potensialı ilk növbədə Azərbaycan dövlətinin inkişafını və Azərbaycan xalqının rifahını təmin etməli, sonra isə həm regional tərəqqiyə, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verməlidir.

Bəlkə buna görə ABŞ-ın bəzi dairələri belə fikirləşməyə başlayıblar ki, Azərbaycan artıq Qərbi və onun dəyərlərini “inkar etmək” yolunu tutub.

Guya Azərbaycan nə Avropa məkanına inteqrasiyada maraqlı deyil, nə də Vaşinqton və onun müttəfiqləri ilə əlaqələrini inkişaf etdirmək istəyir.

Ancaq belə deyil. Azərbaycan bir tərəfdən aydın şəkildə göstərib ki, öz strateji seçiminə, vəzifə və öhdəliklərinə sadiqdir.

Digər tərəfdən isə hamıya nümayiş etdirib ki, müstəqil bir dövlət kimi dünya siyasətinin bütün aktorları ilə əlaqələrini bərabərhüquqlu əməkdaşlıq çərçivəsində qurmaq əzmindədir və heç bir halda öz milli maraqlarına real təhlükə yaradan addımlar atmayacaqdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]