Gündəm

Güllələnmiş mətbuata vurulan şillənin iziylə...

15-04-2017, 23:10
Güllələnmiş mətbuata vurulan şillənin iziylə...Azərbaycanda deputatların əksəriyyətinin təyin olunduğunu kim bilmir ki?! Sadəcə, bunun vizual təsdiqi Gülər Əhmədovanın Elşad Abdullayevlə məlum videosu oldu.
Azərbaycanda jurnalistlərin qətlə yetirilməsi, döyülməsi, həbs olunması, təqib edilməsi də kim bilmir ki?! Sadəcə, bunun da növbəti təsdiqi Yasamalın icra başçısı İbrahim Mehdiyevin jurnalist Fərqanə Novruzovaya vurduğu şillə idi.
Anaxeber.Az yazır ki, bu illər ərzində Azərbaycan mediasının başına nələr gəlməyib, kimlər işgəncə məruz qalmayıb. Xüsusən də 2005-ci ildən mətbuata qarşı repressiya aparatı var gücü ilə işə düşüb.

Hər şey isə 2005-ci ilin martın 2-də başına çaxılan güllə Elmar Hüseynovun qətli ilə başladı. Bu hadisə Azərbaycan mətbuatının güllələnməsi idi.
Ondan sonra başından vurulmuş medianın başına şabaş səpməyə başladılar. E.Hüseynovun qətlə yetirilməsi ilə tənqidçi medianın qara günləri başladı.
Bu qətl həm də jurnalistlərə daxili senzuranı gücləndirdi. Yazarlar və reportyorlar ehtiyatlı olmaq məcburiyyətində qaldılar.
Amma mətbuata basqı 2006-da daha sərt xarakter almaqda davam etdi. Bahəddin Həziyevin başına torba keçirib döydülər, üstündən maşınla keçdilər. Təsadüf nəticəsində sağ qalan baş redaktorun bu günə kimi bir ayağı şikəstdir.
2007-ci ildə isə böyrünə bıçaq soxulan Aqil Xəlil indi həbsdə olan MTN-nin odioz generalı Akif Çovdarovun hücumuna məruz qaldı.
General tərəfindən boğularaq döyülən jurnalist güclə canını qurtara bilmişdi ki, bir neçə gün sonra öyrədilmiş Strekalin adlı homoseksual tərəfindən bıçaqlandı.
Həkimlər tərəfindən həyatı xilas olunan A.Xəlil ölkədən getməli oldu. Ondan əvvəl Fikrət Hüseynlini oğurlayıb döymüşdülər. Aydın Quliyevin oğurlanması, Üzeyir Cəfərovun qanına qəltan edilməsi mediaya basqıların davamıydı.



Sonra növbə həbslərə keçdi: Qənimət Zahid, Mirzə Sakit, Eynulla Fətullayev, Əvəz Zeynallı, Pərviz Həşimli tutuldu. Mətbuata açılmış müharibə isə bitmək bilmirdi.
Xədicə İsmayıl, Emin Milli də həbsdən keçdilər, Emin Hüseynov vətəndaşlıqdan məhrum edildi, blogger qardaşı Mehman Hüseynov həbsdədir.
Bu illər ərzində keçmiş nəqliyyat naziri Ziya Məmmədovun adamları tərəfindən reportyorlar - Elmin Bədəlov, Anar Gəraylı, Fərahim İlqaroğlu döyülüblər. Hazırda Seymur Həzi, Fikrət Fərəməzoğlu həbsdə olan jurnalistlərdir.
Anaxeber.Az yazır ki, Elmar Hüseynovla jurnalistin öldürülməsi son qoyulduğu ümid edilirdi.
Lakin Rafiq Tağının bu günə kimi üstü açılmayan qətli, futbolçu Cavid Hüseynovun (artıq azadlıqdadır və meydana çıxır) qohumları tərəfindən döyülərək öldürülən Rasim Əliyev jurnalistlərin ölüm eskadronu ilə üzbəüz dayandığını göstərdi.
Yəni, təhlükə heç də sovuşmayıb və hər an istənilən tənqidçi media nümayəndəsinə sui-qəsd ola bilər. Ona görə də beynəlxalq media və hüquq təşkilatlarının siyahısında Azərbaycan qeyri-azad mətbuatı olan ölkələrlə bir cərgədədir.

Baxmayaraq ki, jurnalistlər üçün müsabiqələr elan olunur, KİVDF tərəfindən maliyyə ayrılır, mənzillər tikilir, bütün hallarda E.Hüseynovla başından güllələnmiş mətbuat hələ də özünü döyüş səngərində hiss edir. Müharibə bitməyib, azad söz isə ən ağır günlərini yaşamaqdadır.
Mətbuata başa saldılar ki, qaydaları və sərhədləri biz müəyyən edirik, siz isə həmin dairənin içində dövrə vurursuz, qırmızı xətti keçənlərin aqibəti yaxşı olmayacaq. İllər, təcrübə, zaman, baş verənlər hamısı gözümüzün qabağındadır. Sanki hər şey dünən olubmuş kimi...
İndi medianın vəziyyətini belə xarakterizə etmək olar: sındırılıb əzilmiş, qol-budağı vurulmuş, bir tikə çörəyə möhtac edilmiş, ələbaxımlı və neosenzura şərtləri ilə fəaliyyət göstərməyə razılaşmış bir durum...
Hələ bu illər ərzində onlarla jurnalist təqib olunub, məhkəməyə verilib, prokurorluğa çağrılaraq dindirilib, nazirlər, deputatlar, ayrı-ayrı məmurlar tərəfindən təhdid edilib, ələ alınıb, şantaj edilib.
Hazırda ölkədə “Azadlıq.info”, “Meydan.tv” və “Azadliq.org” elektron media versiyalarına giriş bloklanıb.
Çap mediası ən ağır dövrünü yaşayır, qəzetlərin satışı xərclərini belə ödəmir. Qəzet köşklərində isə qəzetdən başqa hər bir məhsulu tapmaq mümkündür.
Jurnalistlərin sorğuları vaxtı-vaxtında, doğru-düzgün cavablandırılmır, məmurlar mətbuatı saymır, əksər deputatlar və nazirlər mediadan qaçır, xeyli sayda jurnalist ölkəni tərk etməli olub.

Kəsəsi, Azərbaycan mediası 2017-ci ilə tamamilə zəiflədilmiş bir vəziyyətdə gəlib çıxıb. Ona görə də jurnalist F.Novruzovaya Yasamalın icra başçısının vurduğu şillə bu baş hadisələrin yanında nədir ki?! Bu şillə hələ illər əvvəl çaxılmış güllənin davamıdır...
P.S. Yasamalın icra başçısına heç bir cəza verilməyəcək. O, cəzasızlıq mühitində özünə arxayındır. Media da paramparça vəziyyətdədir və həmrəylik olmadığı üçün bu məsələdə yekdilliklə dəstəkdən söhbət gedə bilməz.
P.S.S. Gözü çıxmış qardaşdan çoxlarımız ibrət götürmüşük. Azərbaycan jurnalistləri çox qorxudulub və açığı hamımız qorxuruq. Çünki bizi müdafiə edəcək heç bir qüvvə yoxdur.
Yalnız közərməkdə olan bir lampa, əriməkdə olan bir şam kimi azad sözü qorumaq, bir misqal da olsa gələcək nəsillərə ötürənə qədər az-çox mövcudluğu saxlamaqdan başqa çarə qalmır, qalmır...
AnaXeber.Az
Turan

Administratorla əlaqə

077 611-55-22

[email protected]