Gündəm

Şirkət sahibi olan biznesmen icra başçıları - SİYAHI

7-04-2017, 23:10
Ölkə qanunvericiliyi dövlət məmurlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı, vəzifə səlahiyyətlərinin verdiyi imkanlardan istifadə edərək, özünə hər hansı şirkət yaratmağı və şirkətə hamilik etməyi qəti qadağan edir.

Lakin buna baxmayaraq, bu gün Azərbaycanda yüzlərlə dövlət məmuru var ki, faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Onların arasında icra başçıları da az deyil.

Düzdür, rayon rəhbərləri bu fəaliyyəti rəsmi şəkildə həyata keçirmirlər. Rəsmi sənədlərdə onların adı keçmir. Amma həmin şirkətlərdə biznesmen-başçıların razılığı olmadan “bir quş belə uça bilməz”.

ANV dünyanın ən böyük elektron axtarış sistemi olan – google-də çıxan informasiyalara və indiyə qədər dövrü mətbuatda dərc olunan məqalələrə əsaslanaraq, biznesmen icra başçıları ilə bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki:

"Volkswagen”, "Audi”, "Seat”, "Porsche” avtomobil markalarının ölkəmizdə rəsmi dileri olan şirkət Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyeva məxsusdur. Onun bununla yanaşı göydələn inşa edən tikinti şirkətinə, dükanlar şəbəkəsi və şadlıq evlərinə sahib olduğu deyilir.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun paytaxtda tikinti biznesi ilə məşğul olduğu deyilir. Onun Yasamal rayonu ərazisində yerləşən "Real Hospital” adlı özəl klinikası da var. Bu hospitalın əsasən uroloji problemlər istiqamətində ixtisaslaşdığı, onlarla həkimi öz ətrafında birləşdirdiyi iddia olunur.

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov Qax rayonunda əksər müəssisələri özündə birləşdirən "Uluyurd” şirkətinin faktiki sahibidir. Bu şirkət rayonda "El Resort beş ulduzlu otel, "Yaşıl park”, "Ulu”, "İmproteks”, "Ballı bulaq”, "Qafqaz” ” Eden” park hotel, "Səngər qala” istirahət mərkəzləri, "Şəfa” istirahət və müalicə ponsionatı, "İlisu” ponteonatı və "Ulu Dağ” turizm mərkəzlərini özündə birləşdirir.

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dövlət idarəçiliyinə təşrif buyurana qədər biznes fəaliyyəti ilə məşğul olub. Bakı şəhərində "Xal-xal" kommersiya şirkətinin direktoru olmuş icra başçısının hazırda bir sıra şirkətlərə faktiki sahiblik etdiyi deyilir. Bu sırada turizm şirkətinin olduğu, müxtəlif ölkələrə, o cümlədən müqəddəs ziyarətgahlara səfərlər təşkil etdiyi iddia olunur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]