Gündəm

FIKRƏT FƏRAMƏZOĞLUNUN QIZI VƏ OĞLU RAMIL USUBOVA MƏKTUB YAZDI

3-04-2017, 22:28
Salam, Ramil baba, mən Atanaz Fikrətin qızıyam, 4 yaşım var, mən də Əliyəm, Fikrətin oğlu, 2 yaşım var. Biz hələ yaza bilmirik deyə, anamız bizim dediklərimizi Sənə yazır. Neçə vaxtdır ki, atamızı itirmişik. O, bir gün işə getdi və sonra bir daha evə qayıtmadı. Biz hər gün onu gözləyirik, ama o gəlmir. Deyəsən o da bizi itirib. Anamız bizə həmişə deyir ki, nə vaxtsa itsəniz, qorxmayın, ağlamayın, küçədəki polis əmilərə yaxınlaşıb iydiyinizi deyin, onlar sizi qoruyub, evimizə gətirəcəklər. Ona gorə də biz bu məktubu yazdıq, çünki biz itmişik. Heç kim bizə atamızın yerini demir. Hətta anam da demir. Atamı tapmaq üçün biz bəzi şeylər bilirik, onları Sənə də deyək ki, bəlkə atamızı tapmaqda köməyiniz olar. Yayda atam bizi rayona, nənəmizin yanına aparacaqdı.

Həmin gün biz onu gözləyirdik. Qapı döyüldü. Anam qapını açanda gördük ki, bir neçə nəfər adam evə girmək istəyir. Anam onları içəri qoymayanda, onu itələyib yerə yıxdılar. Evə girib, hər yeri qarışdırıb, bağça disklərimizi, atamın kaqözlarını və komputerini götürüb apardılar. O gün anam çox ağladı və biz də çox qorxduq. Anam deyir ki, o gün bizim evimizə girənlər “oğrular” idi. Nəyə görəsə anam ağlayırdı və onlar da anama gülürdülər və dedilər atamızı harasa aparıblar. Biz onların arxasınca getdik. Amma atamı tapmadıq. Həmin gün anam bizə dedi ki, əgər mən harasa getsəm ağlamayın, bilin ki qaydacam. Deyəsən onlar anamı da bizdən alacaqlar. Biz bilirik ki, Sən polissən və oğruları tutub cəzalandırırsan. Onları tut və cəzalandır. Çünki onlar bizim anamızı çox ağlatdılar. Bir dəfə eşitdik ki, anam telfonla danışanda kiməsə türmədən danışdı. Ramil baba, türmə nə deməkdir? Bəlkə sən türmənin yerini bilirsən? Bəlkə o oğrular atamı türməyə aparıblar?

Biz bağça olmayan günlər anamla bir yerə atanın paltarların, yeməklərin və dərmanlarını aparırıq. Çünki anam deyir ki, ata xəstələnib. Bəlkə ora türmədi və atam ordadır. Əgər türmə atamızı bizdən alıbsa, Sən o pis türməni də cəzalandır. Çünki, anam deyir ki, Sən həm də polislərin atasısan və kimsə Sənin sözündən çıxmaz.

Ramil baba, biz bir dəfə multikə baxanda görmüşdük ki, polis uşaqlara hədiyyə veriridi. Sən də bizə atamızı hədiyyə ver və atanı evə gətir. Çünki biz atamız üçün çox darıxmışıq. Hər gün bağçadan evə gələndə bir-birimizə deyirik ki, bəlkə ata qayıdıb. Ama qapını açanda o, evdə olmur. Deyəsən ata bizi tapmır. Biz bundan sonra hər gün evdə Səni də gözləyəcəyik. Bilirik ki, Sən güclüsən və atanı tapacaqsan. Biz Səni də sevirik, Ramil baba, atamızı tapsanda tapmasan da. Çünki anam deyib ki, polislər insanları qoruyan mələklərdilər. Onlar kimsəni incitməzlər. Sən də bizi qoru və atamızı bizə qaytar. Bir gün böyüyəndə gəlib Səni görəcəyik və Sənə bizim sözümüzü eşitdiyinə görə təşəkkür edəcəyik. İndi yazmaq bacarmırıq ama böyüyəndə yenə Sənə məktub yazacağıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]