Gündəm

Azərbaycanın vitse-prezidenti hansı işi görəcək?

21-02-2017, 23:47
Bu posta namizəd yalnız prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilə bilər

Azərbaycanın birinci vitse prezidenti hansı səlahiyyətlərə malikdir? İstiPress-in məlumatına görə, bu post ötən ilin 26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsində - referendumla təsdiqlənib.

Konstitusiyaya əlavə və dəyişikliklərə əsasən, Azərbaycanın birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

Azərbaycan Respublikasının prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar prezidenti seçkiləri keçirilir və bu halda yeni prezident seçilənədək prezident səlahiyyətlərini birinci vitse-prezident icra edir. Dəyişikliklərə görə, hər hansı səbəbdən Birinci vitse-prezident prezident vəzifələrini icra edə bilməzsə, bu səlahiyyət vitse-prezidentə veriləcək.

"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktında vitse prezidentin vəzifələri aşağıdakılar kimi müəyyən edilib:

Maddə 1031. Azərbaycan Respublikasının vitse-prezidentləri

I. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

II. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

Maddə 1061. Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı

I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.

II. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

III. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

IV. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər.”.

Maddə 1081. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.”.

Maddə 1101. Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi

Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]