Gündəm

Ramiz Zeynalov Qarabağ döyüşçüsünü xəstəxanalıq etdi

18-02-2017, 20:28
Ramiz Zeynalov Qarabağ döyüşçüsünü xəstəxanalıq etdiTəhqir edilən döyüşçü xəstəxanaya yerləşdirilib; Zərərçəkmişin qızı baş verən hadisəni danışdı




Son günlər ölkədə baş verənlər bir məsələni yenidən aktuallaşdırdı. Bildiyiniz kimi ölkə başçısı Prezident İlham Əliyev bütün müşavirələrində xalqa xidmətin vacibliyini vurğulayır. Dəfələrlə şahidlik etmişik ki, ölkə başçısı müşavirələrdə “Məmurlar xalqla adam kimi davranmalıdır”, “Vəzifəli şəxslər xalqın ayağına getməlidir”, “Mən harınların arxasında duranları cəzalandıracam”, “Xalqla kobud rəftar edən məmurlar ciddi cəzalanacaq” kimi fikirlər səsləndirib.

Son günlər isə bu mənzərə daha aydın şəkildə göründü. Məsələn, Cəbrayılın icra başçısı Mahmud Quliyev vətəndaşı təhqir etdi və sübut etməyə çalışdı ki, “köpəyoğlu” sözü söyüş deyil. Yaxud Siyəzənin icra başçısı haqlı etirazını bildirən vətəndaşları ekstremist adlandırdı, bu adamların dərdlərini dinləmək əvəzinə, onları təxribat törətməkdə ittiham etdi.

Lənkəranın icra başçısı isə əhalinin etirazını “bir qrup içkili adamın səs-küy salması” kimi təqdim etdi. Skrom.Net xəbər verir ki, vətəndaşı təhqir edən məmurların sırasında DİN-in BDYPİ rəisi Ramiz Zeynalovun da adı var. Belə ki, Qarabağ Müharibəsi veteranı, məcburi köçkün və II qrup əlil Abbaslı Şamil Məhəmməd oğlu 9 saylı MERO rəisi Tariyel Məmmədovun vəzifə səlahiyyətləri aşaraq ona yaratdığı problemlərdən şikayət etmək üçün zərərçəkmiş qismində BDYPİ rəisi ilə görüşmək üçün ona zəng edib. Ramiz Zeynalov veterana saat 17:00 üçün idarəyə gəlməsini və onun qəbul edəcəyini bildirib.

Zərərçəkmiş vətəndaş Şamil Abbaslı rəisin dediyi saatda rəisə zəng vurub idarədə olduğunu bildirir. BDYPİ rəisi isə vətən uğrunda sağlamlığını fəda etmiş vətəndaşa “Rədd ol burdan səni qəbul etmirəm” deyib təhqir edib. Bu haqda saytımıza zərərçəkmiş Ş.Abbaslının qızı keçmiş deputatlığa namizəd Həcər Abbaslı deyib.

H.Abbaslının sözlərinə görə, gördüyü təhqiramiz münasibətdən mənəvi sarsıntı keçirən Qarabağ əlili ürək tutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti stabil ağır olaraq qalır: “Niyə bu adamlar ölkə başçısının hədələrindən qorxmurlar, niyə vətəndaşla lazımsız əşya kimi davranırlar, niyə bu harın məmurlar məsuliyyət hissini itiriblər? Axı bunlara bu ixtiyarı kim verib? Atam hazırda Gəncə şəhər xəstəxanasında yatır. Vəziyyəti orta-ağırdır. Mən atamın yanındayam. Bakıya qayıdan kimi bu məsələ ilə daha ətraflı məşğul olacağam.

“Prezident İlham Əliyev hər zaman çıxışı zamanı icra başçılarını, məmurları sərt tənqid edib. Onları vətəndaş-məmur münasibətlərində diqqətli olmağa çağırıb: «İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə».

Amma əfsuslar olsun ki, Ramiz Zeynalov kimi məmurlar bundan nəticə çıxarmırlar. Ümid edirik Cənab Prezident özü bu məsələyə müdaxilə edəcək və atamı bu hala salan Ramiz Zeynalovun qanuna müvafiq qaydada cəzalandırılmasına göstəriş verəcək. Artıq məsələ ilə bağlı Prezidentə müraciət də ünvanlamışıq”.

Xatırladaq ki, Ramiz Zeynalov DİN strukturlarında 1976-cı ildən – təxminən 40 il öncə işləməyə başlayıb. 1994-cü ilin avqust ayından isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Deməli, indiki vəzifəsində də 23 ildir oturub. Bu 23 ildə dünya xəritəsi bir neçə dəfə dəyişsə də, R.Zeynalov nə özü, nə vəzifəsi, nə də iş üslubu dəyişməyib.

Skrom.Net

Administratorla əlaqə

077 611-55-22

[email protected]