Gündəm

Qarabağın həll yolu budur – İlham Əliyev

18-02-2017, 05:26
Bəs biz bu münaqişənin həlli yolunu necə görürük? Bu mövqe təkcə bizim baxışlarımıza deyil, həm də bu münaqişənin həlli ilə bağlı beynəlxalq hüquqa əsaslanır. Əvvəla, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, erməni işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır, azərbaycanlılar bütün işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququna malik olmalıdır. Bundan sonra regionda sülh bərqərar olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziyasına müsahibəsində deyib.

“Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir qərar qəbul edilə bilməz. Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Onu da əlavə etmək istərdim ki, dünyada heç bir ölkə, o cümlədən azərbaycanlılara qarşı soyqırımı törətmiş Ermənistan da Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Bundan başqa, ermənilər bizim bütün tarixi abidələrimizi, muzeylərimizi, məscidlərimizi dağıtmışlar. Bu gün Ağdam məscidinin, Şuşa məscidinin dağıdılması erməni vəhşiliyinin açıq-aydın sübutudur. Bu, təkcə Azərbaycanın tarixi irsinə qarşı deyil, eyni zamanda, İslam dəyərlərinə, İslam tarixi irsinə qarşı olan hücumdur. Buna görə də bəzən Ermənistanın bəzi müsəlman ölkələri ilə münasibətlərini möhkəmləndirməyə və ya normallaşdırmağa yönəlmiş cəhdləri çox təəccüb doğurur. Hesab edirik ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan İslam Əməkdaşlıq Təşkilatının qətnamələri Ermənistan ilə münasibətləri inkişaf etdirmək niyyətində olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır”, - İlham Əliyev vurğulayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]