Gündəm

Fazil Mustafaya sərt cavablar

15-02-2017, 15:31
Cavid Cabbarlı: “Agent olmağımla bağlı əlində faktlar varsa…”

Sərdar Cəlaloğlu: “Fazil bəyin qüdrəti çatırsa...”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın illər öncə ölkə iqtidarı barədə dedikləri sosial şəbəkələrin gündəmindən düşmür. Buna səbəb VİP sədrinin müavini, jurnalist Cavid Cabbarlının deputatın köhnə yazılarını, müsahibələrini öz facebook səhifəsində tirajlamasıdır.

F.Mustafa “Yeni Müsavat”ın ötən sayında məsələyə münasibət bildirərək, C.Cabbarlı ilə bağlı ağır ittihamlar səsləndirib.
Fazil Mustafaya sərt cavablar
Cavid Cabbarlı

Deputatın ittihamları ilə bağlı VİP sədrinin müavini qəzetimizə bunları dedi: “Bu ittiham sıradan bir vətəndaş tərəfindən olsaydı, narahat olardım. İxtisasca hüquqşünas olan, lakin bir cümlə də hüquqdan yazmayan deputatın məni başqa ölkənin agenti olmaqda ittiham etməsi çox gülünc görünür. Bu adam aşığın sözü qutaranda “dalay-dalay” etdiyi kimi “agent- agent” deyir. Sanki buna başqa söz öyrətməyiblər. Mənim agent olmağımla bağlı əlində faktlar varsa, niyə lazımi orqanlara təqdim etmir? Nə zamansa mən bu məsələdə ittiham olunsam, bu adam da cinayəti bilib gizlətdiyi üçün müttəhimlər kürsüsündə oturmalıdır. Bu adam zatən həyatının məlum bir hissəsi barədə heç nə danışmır. Eyni zamanda müqəddəsləri də təhqir etməkdən çəkinmir. Mən də həmin dövrü bir cümlə artırıb-azaltmadan dərc edirəm. Biz onu debata dəvət elədik ki, bu məsələ gündəmdən çıxsın. O bizə söz vermişdi ki, fevralın 2-də ölkəyə qayıdıb debat məsələsinə nəzər salacaq. Lakin bizim əlaqə saxlamaq cəhdlərimizə baxmayaraq, hələ ki, bir xəbər yoxdur. Bu adam bir neçə il əvvəl yazdıqlarının yenidən gündəmə gətirilməsini reklam sayırsa, niyə narahatdır? Siyasi mövqeyini dəyişən təkcə bu adam deyil. Ölkədə belələri çoxdur. Lakin həmin şəxslər öz işləri ilə məşğul olur və əksəriyyətin hesab etdiyi müqəddəsləri təhqir etmirlər. düşünürəm ki, yazdıqlarının indi üzə çıxması onu çox narahat edir. Biz bu narahatçılığı davam etdirəcəyik və ən azı həftədə bir ya iki keçmiş yazısını dərc etməklə, onu pulsuz reklam edəcəyik. Hesab edirəm ki, onun bu cür canfəşanlığı FETÖ-çuluqda adının hallanmasına görədir. Çalışır ki, bu günə qədər FETÖ-çuluqda ittiham olunduğu üçün diqqəti yayındırsın”.



F.Mustafa tərəfindən əqli problemi olmaqda ittiham edilmiş Sərdar Cəlaloğlu da deputatla bağlı sərt danışdı: “Onun nə özündən böyüyə, nə də kiçiyə hörməti var. Əgər Fazil bəyin qüdrəti çatırsa, özünün dediyi kimi, fəlsəfə doktorudursa, dindən kitab yazırsa, məqaləmi götürüb təhlil eləsin, mənim ağılsız, əqli cəhətdən problemimin olduğunu sübut eləsin. Küçə uşağı kimi onun danışığı nə daşıdığı saxta mandata, nə də yaşına uyğundur. Özündən böyüyə ağılsız deyir. Deyir ki, guya Qurana fəlsəfə yazdığımı demişəm. Bu necə mümkün ola bilər? İndiyə qədər dini məsələlərlə bağlı mətbuatda çox çıxış etmişəm. Birinə götürüb Fazil bəy cavab yazsın. Məqalələrimizi analiz edib, ağılsızlığımı sübut eləsin. Açığı, onun ritorika üslubuna, əxlaqına uyğun cavab vermək istəmirəm. Quran haqqında kitab yazanda Allahın izni olmadan mümkün deyil. Mən bu kitabı yazmaq istədiyimi deyəndə o zaman Əli Əlirzayev və Vaqif Hacıbəyli eynilə Fazil kimi mənə hücum etmişdilər. Guya bəzi adamların icazəsi olmadan Quran haqqında yazmaq olmaz. İndi də görünür, Fazil Mustafa özü üçün belə yüksək status müəyyən edib. Onu deməyindən belə çıxır ki, kimsə Quran haqqında nəsə desə ağılsız, amma Fazilin icazəsi ilə nəsə söyləsə, ağıllı olar. Bunlar qeyri-ciddi yanaşmalardır. Fazil bəyə demək istəyirəm ki, çox gözəl kitab yazıram, bu müsəlman dünyası üçün bir hədiyyə olacaq. Quranın şanına, şöhrətinə uyğun şəkildə yazacam. Ona görə də istəmirəm ki, tələsik çap etdirəm. Yaxınlarda Allahın köməkliyi ilə başa çatdıracam. Fazilə onu demək istəyirəm ki, kitabım çıxanda oxuyar, o zaman bu günlər barəmdə deputat, siyasətçi kimi dedikləri barədə düşünsün. O, 4-5 kitab yazıb. Əgər dindən kitab yazmaq əqli problemdirsə, o zaman onun əqli çatışmazlığı var. İndiyə qədər minlərlə insan Quran barədə kitablar yazıblar. Fazilin deməyindən belə çıxır ki, bunların hamısı ağılsızdır. Mən özümü nə Fərabidən, nə İbn Sinadan, nə də başqalarından aşağı sayıram. Onlar yaza bilərlər, amma mən niyə yox? Mən özümü alim sayıram. Əgər alim olmaq Fazilin gözündə əqli qusurdusa, bu başqa söhbətdir. Alimliyimi başqa sahələrdə də göstərmişəm. Yazım Nobel mükafatında gizli səsverməyə qədər gedib çıxıb. Fazil bəyin dediklərinin mənə heç bir aidiyyatı yoxdur. Çox yanlış danışır. Elmdə mən dünya səviyyəsinə çıxmışam. Nobel mükafatına iddiali kimi danışıram. İnanıram ki, kitabım İslam dünyasına analoqu olmayan kitab olacaq. Fazil bəy də bu kitabdan bəhrələnəcək. Onun dediklərinə fikir verməyin. Biriləri işləyir, bekarlar onların işini tənqid edirlər. Fazil bəy burada ikincilərdəndir”.

Cavanşir ABBASLI

Administratorla əlaqə

077 611-55-22

[email protected]