Gündəm

Köçkünlərə külli miqdarda borc yazılır

3-02-2017, 00:22
«Azəriqaz» sayğaclarla barəbər fantastik rəqəmlər təqdim edir
“Qaz İdarəsi deyir, ‘bizlik deyil, SOCAR-lıqdır’, SOCAR-a zəng vururuq, deyir, ‘biz borc yazan deyilik, gedin, qaz idarəsinə deyin’. Qalmışıq ortada. Dünəndən də başlayıblar borcları kartın balansından silməyə”. Mərdəkandakı keçmiş “Kristal” pioner düşərgəsində məskunlaşan köçkünlərin mənzillərinə qaz sayğacları quraşdırılandan sonra ortaya külli məbləğlərdə borc bildirişləri çıxıb. Bu barədə AzadlıqRadiosu-na köçkünlər danışır.

Eyvaz Qasımov deyir, o, qaz borcundan ASAN Xidmətdə olarkən xəbər tutub. Onun sözlərinə görə, ailədə 4 nəfərlik limit ola-ola, 3 min manatdan çox borc yazılıb: “O günlərdə sayğac quraşdırıldı, getdim ki, sənədləşmə edim, orada mənə bir bildiriş verdilər, rəqəmləri görəndə damarımda qanım dondu. Adıma 3 min 60 manat borc yazılıb. Üstəlik, evdə qazla işləyən iki nöqtə olduğu halda dörd nöqtə yazılıb. Yazıblar ki, guya hamamda samovar, kolonka işlədirəm. Gəlsinlər görsünlər, mənim evimdə heç hamam var ki, dedikləri də olsun? Tələb edirəm ki, gəlib yoxlasınlar. O boyda hamam açılıb yığılan çarpayı ha deyil, yığışdırıb hardasa gizlədim”.

Köçkünlər iddia edirlər ki, bu binaya mavi yanacaq vur-tut 1 il 6 aydır verilir. Rəqəmlərsə fantastikdir. Köçkün Valeh İsfəndiyarov deyir, üç nəfərlik limit ola-ola, 2015-dən bu tərəfə onlara 2 min 448 manat 74 qəpik borc yazılıb.

Binada yaşayan azı yetmiş ailənin təqribən 20-si sayğac quraşdırmaqla özləri demişkən, “zibilə düşüblər”. Köçkün Malik Camalovun gözü necə qorxubsa, o və digər köçkünlər sayğac quraşdırılmasının dayandırılmasını tələb ediblər.

Malik Camalov:“Baxdıq ki, sənədləşmə üçün ASAN Xidmətə gedənlərin hamısı rəngləri ağarmış, əsəbi vəziyyətdə qayıdırlar. Ucdantutma hamıya ağıllarına gələn rəqəmləri yazıblar. Guya bu borclar 2000-ci ildən yığılıb. Halbuki, binaya qaz 2015-ci ildən verilib. O vaxtadək yalnız elektrikdən istifadə etmişik. Deyirlər, guya gizli qaz xətləri olub və sairə. Ay başına dönüm, bu qaz özü yoxdursa, evə min dənə xətt çək, nə mənası?”

Sayğac quraşdırmış köçkünləri narahat edən odur ki, fevralın 1-dən başlayaraq həmin borclar yüklənən kartdan çıxılmağa başlayıb.

Köçkünlər yerli icra hakimiyyətinə, “Qaçqınkom”a, yerli qaz idarəsinə müraciət ediblər. Yazılan məbləğlərin araşdırılmasını və silinməsini tələb ediblər. Ancaq hələ ki, nəticə əldə etməyiblər. Demələrinə görə, əgər borclar kartdan tutulmaqda davam etsə, aksiyalara başlayacaqlar.
Xəzər rayon qaz idarəsindən “Qaynar xətt”ə bildirilib ki, köçkünlərin narazılığı araşdırılacaq: “Hər halda, bu rəqəm havadan yazılmayıb. Yenə də araşdırılacaq”. Hüquqşünas Vaqif Alıyev deyir, bu durumda köçkünlər məhkəməyə müraciət etməlidilər: “’Azəriqaz’a rəsmi məktubla müraciət etsinlər, rəsmi cavabı alıb, bildirişləri də əlavə edib ərizəylə ayrı-ayrılıqda məhkəməyə müraciət etsinlər”.


«Qaçqınkom: «300-dən köçkün müavinətdən imtina edib»

Azərbaycan prezidenti İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli fərmanı məcburi köçkünlər tərəfindən onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti uğurlu addım kimi yüksək qiymətləndirilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı kütləvi informasiya vasitələrində gedən müzakirələr, səslənən fikirlər, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə edilən çoxsaylı yazılı və şifahi müraciətlər də bunu bir daha təsdiqləyir. Komitəyə müraciət etmiş bəzi məcburi köçkünlər öz ailələrini dolandırmaq imkanına malik olduqlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, yüksək vəzifədə çalışdıqlarını əsas gətirərək, vahid aylıq müavinətdən könüllü olaraq imtina etdiklərini bildirir və bu vəsaitin daha ağır vəziyyətdə yaşayan soydaşlarımıza verilməsini, aylıq müavinətin məbləğinin gələcəkdə artırılmasına yönəldilməsini təklif edirlər. Komitəyə əraziləri işğal olunmuş 10 rayondan bu günədək 300-dən çox belə müraciət daxil olub. Komitə hər məcburi köçkün rayondan bununla bağlı bir müraciəti də nümunə olaraq yayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]