Xeberman.com
loading...
Gündəm

Sədrin oğlunu Bakıda külqabı ilə öldürdülər: cins itlər satırmış - Təfərrüat

11-01-2017, 22:28
Bakıda xaricdən gətirdiyi cins itlərin satışı ilə məşğul olan şəxsi qətələ yetirən şəxs hakim qarşısına çıxarılıb. Qətldə təqsirləndirilən şəxs hadisənin təsadüfən, adi bir mübahisənin üstündə baş verdiyini deyir. 

Ancaq mərhumun ailə üzvlərinin dediyinə və ittihamda yazılanlara görə, qətl əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilib və məqsəd oğurluq olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Fərid Abbasovu qətlə yetirməkdə təqsirləndirilən Vüqar Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib, V.Rüstəmov sərbəst ifadə verib.

Təqsirləndirilən V. Rüstəmov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. Qətli törətdiyini etiraf etsə də, bunu məqsədli şəkildə törətmədiyini və ittihamda yazıldığı kimi evdən oğurluq etmədiyini söyləyib.

Mərhumla tanışlığından danışan V.Rüstəmov bunları deyib: "İş axtarmaq məqsədilə fəhlə bazarına çıxırdım. Fərid Abbasovu da orada tanıdım. O, evindəki elektrik xəttlərini düzəltmək üçün məni evinə apardı. Gündəlik 15 manata evindəki işləri gördüm. Tanışlığımız da buradan oldu. Sonra da biz mütəmadi görüşürdük”.

Əslən Lerikdən olan V.Rüstəmov Rusiya vətəndaşı olduğunu deyib və qeyd edib ki, mərhumla tanışlığından sonra birlikdə ticarətlə də məşğul olublar.

"Mənə dedi ki, sən Rusiya vətəndaşısan. Rusiyadan və Ukraynadan cins itlərin gətirilməsində kömək etməyimi istədi. Satışdan əldə olunan puldan mənə də verəcəyi ilə razılaşdıq. Rusiyada tanışlarım çox idi. Bu barədə oradakı tanışlarıma dedim, kömək istədim. Onlardan itləri ala biləcəyi ünvanları əldə edib, Fəridə verdim. İtləri özü gətizdirir, özü də satdırırdı”.

Qazandıqları pulu yarı bölməli olduqlarını deyən V.Rüstəmov bildirib ki, hadisə baş verən gün aralarında heç bir mübahisə olmayıb. 

"Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında, körpünün altındakı "fəhlə bazarı”nda görüşdüklərini deyən V.Rüstəmov birlikdə Fəridin evinə getdiklərini bildirib: "Yolda Fərid mağazaya girib, nəsə aldı. Evə gəlib birlikdə araq içdik. Qəfildən məni təhqir etdi. Bundan sonra aramızda əlbəyaxa dava başladı. Mən nə qədər yalvardım ki, buraxsın, amma əl çəkmədi. O, məni boğmaq istəyirdi və fiziki cəhətdən də güclü idi. Mübahisə zamanı əlimə külqabı keçdi. Külqabı ilə onun başına vurdum. Neçə zərbə vurduğumu xatırlamıram. Əlimin qan olduğunu gördüm. Əlimi yudum, Fəridin əlini və ağzını skoçla bağladım. Külqabını da zibil yeşiyinə atıb evdən çıxdım”.

Evdən pul və Fərid Abbasovun telefonunu götürmədiyini deyən V.Rüstəmov ittihamla razılaşmadığını söyləyib.

Mərhum Fərid Ababsovun hüquqi varisi, zərərçəkmiş kimi Vahid Abbasov tanınıb.

O, məhkəmə oğlunun oğurluq məqsədi ilə öldürüldüyünü V.Rüstəmovun yalan danışdığını deyib: "Qətl əvvəlcədən planlaşdırılıb. Bu adam yalan danışır. Oğlumun üstündə 5 minə yaxın pulu olduğunu bilirdi. Ona görə də evə hazırlıqlı gəlmişdi. Çantasında skoç, kəndir və beşbarmaq olub. Qətldən sonra qapını bağlayıb gedib. Anası ilə gəlib gördük ki, qapı bağlıdır. Qapını qırıb baxanda meyiti tapdıq. Belə adamların insanlarla ünsiyyətdə olması təhlükəlidir. Xahiş edirəm ona layiqli cəza verəsiniz”. 

Mərhumun anası Sevda Ağayeva isə məhkəmədə şahid qismində ifadə verib. 

O, oğlunun qətldən 6 ay öncə ailəsindən ayrı yaşadığını deyib. Buna səbəb isə ailədaxili münasibətlərdə yaranmış problem olub.

S.Ağayeva da oğlunun tamah məqsədi ilə öldürüldüyünü deyib: "Bir neçə gün ondan xəbər tuta bilmədik. Evinə gəldik. Qapını açıb evə girəndə gördüm ki, oğlum qanın içindədir. O vəziyyətdə tapdıq balamı. Pulunu kitabın içində saxlayırdı, torpaq alacaqdı. Evin hər tərəfi dağılmışdı. Oğlumun bu faciəsindən sonra biz nələr çəkdik. Təsəllimiz o oldu ki, bunu həbs etdilər”.

Məhkəmə prosesi yanvarın 18-də davam edəcək.

Qətl hadisəsi 2016-cı il yanvarın 7-də baş verib. Nizami rayonu, R.Rüstəmov küçəsindəki mənzildə meyiti tapılan Fərid Abbasov 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının sədri Vahid Abbasovun oğludur.

Mərhumun qətlindən sonra onun müxtəlif saytlarda ailə qurmaq üçün qız tapmaq məqsədi ilə elanlar yerləşdirdiyi məlum olmuşdu. Onun elanlarından sonuncusunda isə məlum olub ki, Fərid Abbasov Şərur rayonundan olan 26 noyabr 1995-ci təvəllüdlü Əfsanə adlı bir qızın axtarışındadır. Hətta Əfsanənin tapılmasına vasitəçilik edən şəxsə 700 manat məbləğində mükafatın veriləcəyini də vəd etmişdi. 

İlkin Muradov
loading...

Administratorla əlaqə

070- 965-99- 49

yazar313@mail.ru

Dəstək: Nizam Group