loading...
Gündəm

YAP “qanuni oğru”lara qarşı-təfsilat

11-01-2017, 10:06

Fazil Mustafa: "Bütün bunlar insanların həm büdcəsinə zərər verir, həm də dini baxımdan doğru deyil”

 


Ölkədə məzarlıqlarla bağlı qanun layihəsi hazırlanıb. Belə ki, Yeni Azərbaycan Partiyası (YAP)  icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov mətbuata açıqlamasında bildirib ki, artıq "Məzarlıqlar haqqında” qanun layihəsi ilə bağlı müvafiq strukturlardan razılıq alınıb və bütün məsələlər demək olar ki, həllini tapıb. 

Onun sözlərinə görə, hazırda qanun layihəsi Prezident Administrasiyasına təqdim olunub. Prezident Administrasiyası təkliflərini verdikdən sonra qanun layihəsi Milli Məclisə təqdim olunacaq və qanunun bu il müzakirəyə çıxarılması nəzərdə tutulur.

Siyavuş Novruzov  bildirib ki, yeni qanun layihəsinə əsasən, bütün məzarlar bərabər formada olacaq, heç bir məzar digərlərindən fərqlənməyəcək, bütün məzarlarda baş daşları, qəbirüstü daşlar eyni ölçüdə olacaq. O, həmçinin vurğulayıb ki, yeni məzarlıqlar yaşayış massivlərindən uzaqda yerləşəcək, o cümlədən su hövzələrindən 300 metr məsafədə olacaq. 

Məzarın qiymətinin minimum əmək haqqının 2 misli dəyərində olması nəzərdə tutulur, yəni təxminən 300 manata yaxın. Bu qiymətə həm məzar yerinin ayrılması, məzarın qazılması, qəbrin üstünün götürülməsi daxil olacaq.

Image result for Siyavuş Novruzov

Məlumdur ki, ölkədə dəbdəbəli baş daşlarını əsasən maddi cəhətdən imkanlı insanlar qoyurlar. Ölkənin qəbiristanlıqlarında hətta üzərində iri türbələr qurulan məzarlara da rast gəlmək olur ki, onların da əksəriyyəti, qeyd etdiyimiz kimi, imkanlı şəxslərin yaxınlarının qəbirləridir. Bundan əlavə, məlum olduğu kimi, "qanuni oğru”lar da dəfn olunan zaman onların məzarları fərqli formada düzəldilir. Heykəllər qoyulur, məzarın kənarlarında geniş ərazi götürülür.

Azərbaycanda bu məsələ ilə bağlı qanun layihəsi indi hazırlansa da, Türkiyədə və digər müsəlman ölkələrdə uzun müddətdir ki, qəbirlər standart qaydada götürülür. Cəmiyyətin adət-ənənələrindən gələn nüansları da nəzərə aldıqda, bu qanun layihəsi işləyəcəkmi? Hökumət bu məsələdə nəzarət mexanizmini hansı qaydada quracaq?

Image result for Fazil Mustafa

Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Fazil Mustafa bildirib ki, qanun layihəsi qəbul olunduqdan sonra hökumət bunun icrasına nəzarət edə biləcək: "Məsələ ilə bağlı yerli icra hakimiyyətlərinə tapşırıq veriləcək. İcra hakimiyyətləri də bu nəzarəti etmək borcludurlar. Çünki məsuliyyət daşıyırlar. Bir məsələ var ki,  Azərbaycan cəmiyyəti hər məsələyə daha çox müqayisə zəminində baxır, insanlar özlərini başqası ilə müqayisə edirlər. İstəyirlər ki, başqası dəyişsin ki, özü də hansısa yaxşıya doğru dəyişiklik etsin. Bu baxımdan,  düşünürəm ki, yaxşı bir nümunə verdikdən sonra, cəmiyyət də onun ardınca gedəcək. İndi kimsə harınlıq, israfçılıq etmək istəyirsə, bu başqa məsələ. Belə hallar da  olacaq. Ancaq bütövlükdə insanların böyük əksəriyyəti bu vəziyyətdən bezib. Heç olmasa, müəyyən standartların olması insanları çətinlikdən  qurtarar və adamlar daha doğru-dürüst, İslam qaydalarına uyğun bu məsələlərə yanaşa bilərlər. Ölkədə ”ehsan qadağası" kimi məsələlərə əməl olunmamasnın səbəbi o idi ki, maarifçilik işi zəif   aparıldı. Eyni zamanda  müəyyən dərəcədə bu qaydaların tətbiqinə nəzarət, maarifçilik də güclü olmalıdır. Hər halda, bunu davam etdirmək insanların özlərinin faydasınadır. Xüsusilə də orta təbəqə, yoxsul insanlar bundan daha çox faydalana bilərlər. Gərək insanlar özləri bir araya gəlib, qərar qəbul edələr ki, bu cür yanaşma, israfçılıq, vəsait xərcləmək olmaz. Bütün bunlar insanların həm büdcəsinə zərər verir, həm də mənəvi cəhətdən, dini baxımdan da doğru deyil".

Image result for Kənan Rövşənoğlu

"Yeni Müsavat”ın dini yazarı Kənan Rövşənoğlu bildirib ki, qəbir yeri üçün 300 manat verilməsi doğru deyil:  "Dində qəbir məsələsi yoxdur. Vacib olan odur ki, bir müsəlman dünyadan köçürsə, o, yuyulsun, kəfənlənsin, meyit namazı qılınsın və üzü qibləyə dəfn olunsun. Eyni zamanda dinə görə, qəbirlər sadə olmalı, çox dəbdəbəli olmamalıdır. Heykəl isə ümumiyyətlə, olmamalıdır və bu qəbul olunan deyil. Burada qəbir qiyməti ilə bağlı məsələ də qeyd olunub. Hesab edirəm ki, dövlətin burada normativ tətbiq etməsi çətin olacaq. Yəni bunun bir standartı yoxdur. Türkiyədə bu məsələni çox rahat şəkildə həll ediblər. AKP hakimiyyəti dövründə bu məsələləri bələdiyyələrə həvalə etdilər. Bütün işləri, cənazə maşını da daxil olmaqla, bələdiyyələr pulsuz şəkildə həyata keçirirlər. Bir nəfərin dəfn olunması təkcə ailəsinin üzərində olmamalıdır. Çünki o, həm də dövlətinin vətəndaşı, nümayəndəsidir. Bu baxımdan, dövlət də heç olmasa onun son mənzilini pulsuz  təşkil etməlidir. Dövlət ölmüş insanına da sahib çıxmalıdır. Bizdə 300 manat standartı bir qədər uyğun deyil. Ümumiyyətlə, torpaq nə üçün satılmalıdır? 300 manat bəzi adamlar üçün böyük puldur. Bunları da nəzərə almaq lazımdır. İslam dinində pulla meyit yumaq da yoxdur. Yaxşı olar ki, dövlət büdcəsindən müəyyən xeyriyyə qurumları yaradılsın və məscidlərdə bu məsələlərlə bağlı insanlara yardım etsinlər. Hər kəsə aydındır ki, qoyulan 300 manatlıq limit də icra olunmayacaq. Məsələn, Yasamal qəbiristanlığında kimsə 300 manata qəbir yeri satmayacaq. Burada başqa bir mexanizm tapılmalı idi”.

Əli RAİS
loading...

Administratorla əlaqə

070- 965-99- 49

yazar313@mail.ru

Dəstək: Nizam Group