Gündəm

“Bizi “Nardaran işi” məhkəməsində girov saxladılar”

17-12-2016, 00:11

“Bizi “Nardaran işi” məhkəməsində girov saxladılar”Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digər təqsirləndirilənləri öz məhkəmələrinə buraxmadılar

"Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırzadə və onunla birlikdə mühakimə olunan şəxslərin vəkilləri deyir ki, onları "Nardaran işi” məhkəməsində girov saxlayırlar. Çünki təqsirləndirilən şəxslər bu vəkillərdən imtina ediblər. Amma Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası imtinanı qəbul etmir və vəkilləri onların müdafiəsini istəməyən şəxslərin məhkəməsində iştiraka məcbur edir.
Dekabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin işi üzrə məhkəmə onların iştirakı olmadan keçirilib. Onların məhkəməyə gətirilməməsinə etiraz olaraq, prosesi izləməyə gələn yaxınları da zalı tərk ediblər.

Hakim cinayət işindəki sənədlərin tədqiqi mərhələsinin başlandığını elan edib və baxış protokolları, ekspert rəyləri, raportlar s. sənədləri elan edib.

Vəkil Yalçın İmanov sənədlərin tədqiqi mərhələsinin bu şəkildə aparılmasına etiraz edib. Deyib ki, Cinayət Prosessual Məcəllədə hər sənəd elan olunandan sonra onun tədqiqi nəzərdə tutulur: "İş materiallarını cild-cild oxumaqla tədqiq olmur. Hər bir sənəd tədqiq olunmalıdı, tərəflər ona münasibət bildirməlidi. Bu, bizim mövqeyimiz deyil, qanunun tələbidi. Siz bizim bütün vəsatətləri rədd etdiniz, əcəb elədiniz. Heç olmasa, qanunun bu tələbinə əməl edin. İndi sizin elan etdiyiniz protokollar bu cinayət işinin qan damarıdı. Onları oxuyub keçməklə iş bitmir”.
Amma hakim fikrini dəyişməyib. Deyib ki, bütün sənədlər elan olunacaq, sonra hansı istənilsə, yenidən ona qayıdıb tədqiq ediləcək.

"Adamlar bizdən imtina edirsə, onları necə müdafiə edək?”

Belə olan halda, vəkillər məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasova etiraz vermək istədiklərini bildiriblər. Bu səbəbdən məhkəmədə fasilə elan olunub.

Fasilədə vəkillər təqsirləndirilən şəxslərlə görüşüblər. Onlar təcridxanadan məhkəmə binasına gətiriliblər, sadəcə, zala buraxılmayıblar.

Fasilədən sonra məlum olub ki, Taleh Bağırzadə, Fuad Qəhrəmanlı da daxil olmaqla, Nardaran işi üzrə təqsirləndirilən şəxslər vəkillərindən imtin edirlər.
Hakimlər kollegiyası isə vəkillərdən imtinanın qəbul olunmaması haqda qərar qəbul edib və məhkəməni davam etdirib.

Vəkillər bu qərarın qanunsuz olduğunu bildiriblər.

"Təqsirləndirilən şəxslər bizi istəmirlər, bizdən imtina ediblər, siz deyirsiniz ki, otur müdafiə elə. Biz necə oturaq?”, – vəkil Yalçın İmanov bildirib.

Vəkil Gülşən Salmanova da deyir ki, məhkəmə bu qərarla onları pis vəziyyətdə qoyur:”Onlar bizdən imtina edibsə, biz onları necə müdafiə edək?”.

Başqa bir müdafiəçi bu qərarı onların "məhkəmədə girov saxlanılması” kimi qiymətləndirib: "Bu, görünməmiş hadisədi. Vəkilləri girov saxlamısınız. Biz indi məcbur qalmışıq ki, özümüzü müdafiə edək. Gülünc vəziyyətə düşmüşük”.

Bundan sonra vəkillər əvvəlcə sədrlik edən hakim Əlövsət Abbasova, ardınca da bütün hakimlərə etiraz veriblər. Lakin etirazların hər ikisi baxılmamış saxlanılıb.
Hakim sənədlərin elanını davam etdirib.

"Bu gün bizi girov saxladılar”

Vəkillər deyir ki, müdafiəçidən imtina etmək təqsirləndirilən şəxsin hüququdu və hakimin bu imtinanı qəbul etməmək səlahiyyəti yoxdur.

"Biz bu gün Nardaran işi məhkəməsində girov saxlanıldıq. Əgər iştirak etməsək, hakim bizim cəzalandırımağımız üçün Vəkillər Kollegiyasına müraciət edəcək. Bizim xidmətimizdən, müdafiəmizdən imtina edən adamların məhkəməsində zorla iştirak etmək isə bizim özümüzə qarşı hörmətsizlikdir. Hakim faktiki qanunun tələbini kobud şəkildə pozdu. Təqsirləndirilən şəxslərin iştirakı olmadan bu cür ağır ittihamlarla məhkəmə keçirməklə yanaşı, həm də onların müdafiə hüququ pozuldu”, – Nemət Kərimli AzadlıqRadiosuna bildirib.
Müdafiəçilər Məhkəmə-Hüquq Şurasına müraciət etmək niyyətindədir.
Məhkəmə dekabrın 19-da davam edəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]