Gündəm

Azərbaycanda İnsan haqlarının durumuna dair sənəd yayımlandı

12-12-2016, 10:15

"Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının Azərbaycanda İnsan haqlarının durumuna dair sənəd hazırlayıb.  

Xeberman.com həmin sənədi təqdim edir:

Mövqe Sənədi

Ümumi vəziyyət. Cari il ərzində ölkədə avtoritarizmin daha da güclənməsi şəraitində insan hüquq və azadlıqlarının bütün sahələrdə mütəmadi olaraq pozulması halları kəskin şəkildə artıb. Icraedici hakimiyyətin mütləq idarəetməsi şəraitində məhkəmə hakimiyyəti tamamilə müstəqilliyini itirməklə yanaşı, prezident aparatının əlində cəza orqanına çevrilib. Hakimiyyət insan hüquq və azadlıqları ilə əlaqədar üzərinə götürdüyü beynəlxalq və regional öhdəliklərdən tamamilə geri çəkilib. BMT-nın "İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”, "İnsan Hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyası” kimi mötəbər beynəlxalq aktların normalarının Azərbaycanda tətbiqi demək olar ki, dayandırılıb. Yadfikirliliyə, siyasi pülüralizmə qarşı dözümsuzluk özünün pik həddinə çatıb. Maddi əngəlləmələr, siyasi repressiyalar və işgəncələr vasitəsilə avtoritar hakimiyyət müxalif siyasi rəqiblərini daim qorxu altında saxlamağa çalışır, onların siyasi fəaliyyətlə məşğul olmasına maneçilik yaratmaqdadır. Siyasi partiya fəallarının mütəmadi olaraq izlənməsi, həbsə atılması ölkədə siyasi məhbusların sayını son 10 ilin ən yüksək həddinə çatdırıb. Ölkədəki insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlarının tərtib etdiyi son siyahıya əsasən siyasi və vicdan məhbuslarının sayı 160 nəfərdən çoxdur. Siyasi partiyaların və müstəqil qeyri-hökumət təşkilatlarının qapalı və açıq məkanlarda sərbəst yığışaraq tədbirlər keçirmək imkanları daha məhdudlaşdırılıb. Hakimiyyətə loyal münasibət bəsləyən qurumlara müxtəlif məkanlarda maneəsiz toplantılar keçirməyə icazə verildiyi halda, mütəmadi olaraq ödənişli şəkildə tədbirlərin həyata keçirildiyi Beynəlxalq Mətbuat Mərkəzində və digər qapalı məkanlarda müstəqil və müxalif qurumlara öz tədbirlərini keçirməyə imkan verilməyib. Bu hal il ərzində bir neçə dəfə təkrarlanıb.

Sərbəst toplaşmaq azadlığı. Əvvəlki illərdə olduğu kimi son 1 ildə də ölkədə mütəmadi olaraq sərbəst toplaşmaq azadlığı müxtəlif üsullarla məhdudlaşdırılıb. Yuxarıda qeyd olunduğu kimi bir sıra vətəndaş cəmiyyəti qurumlarının, o cümlədən Sivil Toplum Platformasının, "Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının, Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin, Milli Şuranın və digər qurumların hakimiyyətin nəzarətində olan müxtəlif müəssüsələrdə, konfrans zallarında o cümlədən Beynəlxalq Mətbuat Mərkəzində və digər yerlərdə qapalı zal tədbirlərinin keçirilməsinə imkan verilməyib. Konstitusiyaya edilən əlavə və düzəlişlərə etiraz edən Demokratik Qüvvələrin Milli Şurasının 11 sentyabrda Bakıda "Məhsul” stadionunda təşkil etdiyi mitinqdən sonra dinc nümayişçilərə qarşı güc strukturları tərəfindən hücum edilib və zorakalıq göstərilib. Referendumla bağlı Milli Şuranın 17 sentyabr mitinqi öncəsi və sonrası dövrdə əksəriyyəti AXCP üzvü olan 250 nəfərdən çox şəxs polis tərəfindən saxlanılıb. Onlardan 27 nəfər inzibati həbs cəzasına məruz qalıb. 5 nəfər cərimə olunub və 5 nəfər işdən çıxarılıb. Bakı şəhərinin müxtəlif yerlərində etiraz aksiyalarının keçirilməsi üçün dəfələrlə müraciət olunsa da hakimiyyət yalnız Yasamal rayonunda "Məhsul” stadionunda mitinq keçirməyə razılıq verib.

İfadə azadlığının vəziyyəti. Ölkədə sərbəst fikri ifadə etmək, tənqidi fikirlər əsəsləndirmək rəsmi inzibati qurumların sərt müqaviməti ilə rastlaşır. İnternetə, sosial şəbəkələrə, o cümlədən facebook- a hakimiyyət tərəfindən ciddi nəzarət var. Tənqidi fikir səsələndirən facebook istifadəçiləri bir çox hallarda təqib və təzyiqlərə məruz qalıblar. Polisə çağrılıb sorğu- sual ediliblər, bəzi hallarda onlara hədə- qorxu gəlinib. Bununla bağlı onlarla faktlar var. 2016- cı ilin 14 oktyabrında Müsavat başqanı Arif Hacılı və Milli Şuranın üzvləri - Gözəl Bayramlı, Nurəddin Məmmədli, Eldəniz Quliyev və Oqtay Gülalıyev DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə çağrılıb. Çağrılanlardan Gözəl Bayramlı, Nurəddin Məmmədli, Eldəniz Quliyev və Oqtay Gülalıyevə mətbuatda və sosial şəbəkədə dindarların hüquqlarının müdafiəsi və "Nardaran işi” ilə bağlı yazdıqları yazılara görə xəbərdarlıq edilib. AXCP sədrinin müavini, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü Fuad Qəhrəmanlı Facebook- da yazdığı yazılara görə haqqında cinayət işi açılıb və həbs edilib. dekabrın 2-də Musavat fəalı Raymonda Əliyeva Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə, orada isə Xətai Rayon Polis İdarəsinə aparılıb. Polis İdarəsində bir neçə saat saxlanıldıqdan sonra onu polislə birlikdə evinə aparıblar və ona məxsus noutbuku götürüblər. Sonra R.Əliyevanı yenidən Polis İdarəsinə aparıblar.
Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov eks- president Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!” şüarını yazdıqlarına görə həbs olunublar. Onlar Polis bölməsində ağır işgəncəyə məruz qalıblar.

Medianın durumu, jurnalistlərin təqibi və həbsi. Son 1 ildə onsuz da pis durumda olan medianın durumu daha da pisləşib. Hakimiyyət əksər media qurumlarını monopoliyaya alıb. Müstəqil və müxalif yönlü mediaya özəl şirkətlər tərəfindən reklam verilməsi yasaqlanıb. Ölkənin əsas aparıcı tənqidçi mətbuat orqanı olan "Azadlıq” qəzetinin nəşri dayandırılıb. Qəzetin baş direktoru Faiq Əmirli "Gülənçi” ittihamı ilə həbs olunub. Jurnalistlər təqiblərə və işgəncələrə məruz qalıblar. Polisə çağrılıb, bəziləri haqqında cinayət işi açılıb, həbs- qəti imkan tədbiri seçilib. İyun ayının 30- da JAM.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu, 22 noyabrda azel.tv saytının baş redaktoru Əfqan Sadıqov həb edilib. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmü ilə realliq.info internet informasiya portalının baş redaktoru Rəhimov İkram Rafiq oğlu və vəzifəli şəxslərin qanunsuzluqlarından dövlət orqanlarına şikayət edən, şikayətləri düzgün araşdırılmadığından jurnalistə müraciət edib məsələni ictimailəşdirən Novruzov Rəhman Salman oğlu CM-nin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək hər ikisi bir il müddətinə azadlıqdan məhrum ediliblər. "Gündəm- xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəri DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə, Kanal 13 internet televiziyasının jurnalisti Teymur Kərimov isə Bərdə rayon polis şöbəsinə aparılıb. Hər iki jurnalist polis bölməsində təzyiqlərə məruz qalıb və bir neçə saat sonra sərbsət buraxılıb. "Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı noyabr ayının 28-i Facebook sosial şəbəkəsində üstü açlmayan qətllərlə bağlı paylaşdığı şərhə görə Bakı şəhər Baş Polis İdarəsinə çağrılıb.
Sumqayıtda fəaliyyət göstərən "Yüksəliş naminə” İnternet qəzetinin (yukselis.info) redaktor müavini Elçin Həsənovun həbs təhlükəsi var. Buna səbəb prokurorun onun haqqında olmuş cinayət işi ilə bağlı Ali Məhkəməyə kassasiya protesti verməsidir. Prokuror bu hökmdən etiraz verərək ittihamın daha ağır maddəyə- CM-nin 221.3-cü maddəsinə (odlu silah tətbiq etməklə xuliqanlıq) tövsif edilməsini və cəzanın 3,5 il müddətinə azadlıqdan məhrumetməyədək sərtləşdirilməsini tələb edib.
28 noyabr və 2 dekabr aralığında "Amerikanın Səsi” və "Azadlıq” radiosunun saytlarının "blok edilməsi" və 29 noyabrda Milli Məclis tərəfindən internetdə saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklifinin qəbul edilib.
"Sərhədsiz reportyorlar” təşkilatının 2016-cı il üçün açıqladığı Ümumdünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında Azərbaycan 163- cü yerdə qərarlaşıb. Azərbaycana yaxın digər postsovet ölkələri; Gürcüstan (64), Ermənistan (74), Moldova (76), Qırğızıstan (85), Ukrayna (107), Özbəkistan (166), Qazaxıstan (160), Türkmənistan (178).

Konstitusiyaya edilən məhdudlaşdırıcı əlavə və düzəlişlər. 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına 3-cü dəfə, hətta Konstitusiyanın özünün yol vermədiyi müdaxilələr oldu. Referendumla Konstitusiyaya 29 maddəyə əlavə, dəyişiklik və ya yeni maddələr əlavə edildi.
Referendum prosesinin özü çox ciddi qüsurlar və hüquq pozuntuları ilə müşayiət olundu. Heç bir ictimai-siyasi müzakirə aparılmadan 18 iyul 2016-cı il tarixdə layihə rəy üçün Konstitusiya Məhkəməsinə göndərildi Təklif edilən referendum aktı bir çox aspektlərdən Konstitusiyanın özünə və Azərbaycanın qoşulduğu Konvensiyalarla ziddiyyət təşkil edir. Konstitusiya Məhkəməsi açıq şəkildə Konstitusiyaya və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə zidd olaraq mülkiyyət, vətəndaşlıq, birləşmək, müraciət etmək hüququnu, informasiya və iqtisadi fəaliyyət azadlığını, hakimiyyətin bölgü prinsiplərini məhdudlaşdıran və s. əlavə və düzəlişlərin ümumxalq səsverməsinə çıxarılmasına qərar verdi. 
26 sentyabr 2016-cı ildə səsvermə günü daha öncəki səsvermə günlərində olduğu kimi ciddi və kütləvi qanun pozuntuları ilə müşayiət olundu. Xüsusilə bu pozuntular icra strukturlarının təşkilatçılığı, seçki prosesinə kobud müdaxiləsi ilə seçki komissiya üzvləri tərəfindən aparılıb. Hər zaman olduğu kimi, yenə "karusel” üsulundan istifadə olunmuş, ayrıca başqasının yerinə imza qoymaqla kütləvi bülletenatma baş vermişdir. Müstəqil beynəlxalq və yerli müşahidəçilərin olmaması bu prosesi daha asan və sərbəst həyata keçirməyə imkan vermişdir. Mətbuatda və social şəbəkələrdə yayılan çoxsaylı qanun pozuntuları təəssüf ki, nə yuxarı Komissiyalar, nə də prokurorluq tərəfindən araşdırılmamışdır. Bu da özlüyündə prosesin mərkəzləşmiş şəkildə həyata keçirildiyini deməyə əsas verir.
Bir çox vətəndaş cəmiyyəti qurumları və siyasi partiyalar 26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsini azad və ədalətli hesab etmədiyini, nəticələrin xalqın iradəsi əleyhinə olduğunu bəyan edib.

Siyasi məhbus problemi. Cari ilin birinci rübündə siyasi məhbusların bir qismi (18 nəfər- red.) azadlığa çıxsa da böyük hissə həbsdə qaldı. Yerli və beynəlxalq ictimaiyyətin davamlı tələblərinə baxmyaraq siyasi məhbusların sayı azalmaq əvəzinə son bir ildə 2 dəfə artdı. Hazırda ölkədə haqqında məlumatlar toplanılmış 160- dan çox siyasi məhbus var. Reallıqda isə bu rəqəm daha çoxdur. Siyasi məhbuslar içində 7 nəfər jurnalist və ya blogger, 2 nəfər şair, bir nəfər hüquq müdafiəçisi, 5 nəfər gənc fəal, 7 nəfər siyasi partiya fəalı, 116 nəfər dindar məhbuslar, 3 nəfər əvvəllər hazırkı hakimiyyətdə təmsil olunanlar, 5 nəfər siyasi girov, 1 nəfər İsmayıllı işi, 14 nəfər ömürlük həbs cəzasına məhkum edilmiş şəxslər var.
Azərbaycan hakimiyyəti həbsdə olan nəinki siyasi məhbusları azadlığa buraxmaq, hətta haqqında Avropa İnsan haqları Məhkəməsinin və Avropa Şurası Nazirlər Kabinetinin bir neçə qərarı olmasına baxmayaraq REAL Hərəkatının sədri İlqar Məmmədovu azadlığa buraxmaq istəmir.

"Nardaran işi” ilə bağlı... 26 noyabr 2015- ci ildə hakimiyyətin öncədən planlaşdırdığı Hardaran qəsəbəsində həyata keçirdiyi qanlı əməliyyat zamanı 2- si polis olmaqla 6 nəfər şəxs qətlə yetirilib, onlarla şəxs yaralanıb. Bu əməliyyatla bağlı son bir ildə 200- dən çox şəxs saxlanılıb və həbs olunub. Onların bir qismi inzibatı həbs və xəbərdarlıqla cəzalandırılsa da 87 nəfərə cinayət işi qaldırılıb və onlar hazırda həbsdədirlər, 7 nəfər axtarışdadır. Həbs olunanların böyük əksəriyyəti dəhşətli və amansız igşəncələrə məruz qalıblar. İşgəncələrin bir hissəsi qisasçılıq zəminində baş verib, bir qismi isə həbs edilən şəxslərdən siyasi hakimiyyət üçün yararlı ola biləcək etirafedici ifadələrin alınmasına xidmət edib. Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadə məhkəmədə bildirib ki, ona və bəzi dostlarına işgəncə verərək Nardaran olaylarının arxasında Milli Şuranın və İranın xüsusi xidmət orqanlarının dayandığını sübut etmək istəyiblər. O eyni zamanda bildirib ki, noyabrın 26- da Nardaranda Fərahim adında şəxsi polislər mebel maşınında işgəncə verərək, döyərək öldürdülər.

Həbs olunanların əksəriyyəti vəkilsiz olub. Vəkilsiz dindirilib. Uzun müddət onlar xarici aləmdən təcrid olunmuş vəziyyətdə saxlanılıb. Məhkəmə önünə çıxarılmayıblar, ailələri ilə əlaqə saxlamasına, özlərinin seçdikləri vəkilləri ilə görüşməsinə imkan verilməyib. Nardaran olaylarından bir ilə yaxın vaxt keçməsinə baxmayaraq hadisə ilə bağlı əməliyyat çəkilişi bu günə qədər ictimaiyyətə təqdim edilməyib. 
Nardaran hadisələri ilə bağlı həbs olunanların həbsində Avropa Şurası Parlament Assembleyasının (AŞPA) 03 oktyabr 2012- ci il tarixli siyasi məhbus kriteriyaları ilə bağlı 1900 saylı qətnamənin tələbləri pozulduğu üçün onlar siyasi məhbus elan edilib.

İstintaq orqanlarının və məhkəmələrin qeyri- müstəqilliyi. İstintaq orqanları və məhkəmələr hakimiyyətin əlində cəza orqanı olaraq qalmaqdadır. Istintaq və məhkəmə hakimiyyətinin formalaşdırılmasını öz nəzarəti altında saxlayan icraedici hakimiyyət müstəqil fəaliyyət göstərmək istəyən müstəntiqləri və hakimləri müxtəlif formalarda cəzalandırmaqla onlardan qisas almağa çalışır. Belə ki, cari ilin yayında hüquq-mühafizə orqanları arasında korrupsiyanın geniş vüsət aldığına, ədalətsizliyin baş alıb getdiyinə etiraz əlaməti olaraq Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verən Rüfət Səfərov qondarma rüşvət ittihamı ilə məsuliyyətə cəlb edilərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

İşgəncə halları. İstinaq orqanları ölkə vətəndaşlarını əsassız və qanunsuz şəkildə cinayət məsuliyyətinə cəlb etməklə öz işlərini bitmiş hesab etmir, eyni zamanda dəhşətli işgəncə verməklə ad çıxarıblar. Xüsusən də müxalif fikirli siyasilərə qarşı istintaq orqanlarında işgəncə halları daha dəhşətli xarakter daşımaqdadır. Cari ilin 10 may tarixində Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək” şüarını yazdıqlarına görə, müstəqil "NİDA” gənclər təşkilatının üzvləri- 21 yaşlı Qiyas İbrahimov və 22 yaşlı Bayram Məmmədov polis bölməsində dəhşətli işgəncələrə məruz qalmışdır. Onlara işgəncə verərək tələb ediblər ki, televiziyaya çıxıb Heydər Əliyevin heykəlindən üzr istəsinlər. Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitəsilərin alqısı, satışı və daşınması) maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək, hər biri 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məruz qalmışlar. Halbuki hər iki gənc yüksək intellektual səviyyələrinə görə cəmiyyətdə öz yaşıdlarından fərqlənməyi bacarmışlar. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları hər iki gəncin həbsini kəskin şəkildə pisləməklə yanaşı Azərbaycan hakimiyyətindən onları dərhal azad etməyi tələb etmişlər. 
İstintaq orqanlarının işgəncə yuvalarına şevrilməsi faktı özünü daha qabarıq şəkildə "Nardaran işi” və "Müsəlaman Birliyi” təşkilatının sədri Taleh Bağırzadə və digərlərinin işi üzrə aparılan və hal-hazırda da davam edən məhkəmə zamanı göstərmişdir. Belə ki, məhkəmə zamanı müəyyən olunmuşdur ki, son dövrlər hakimiyyətin kəskin şəkildə tənqidçisi hesab edilən "Müsəlman Birliyi” təşkilatının üzvləri istintaq orqanında- DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ağlasığmaz işgəncələrə, o cümlədən mütəmadi olaraq döyülməyə, zorlanmaqla hədələməyə, günlərlə ac-susuz saxlanmağa, tibbi yardımdan məhrumetməyə və s. işgəncələrə və qeyri-insani rəftara məruz qalmışlar.

Qanunvericilik aktlarına edilən məhdudlaşdırıcı əlavə və düzəlişlər. Azərbaycan Respublikasının Baş prokuroruluğu Cinayət Məcəlləsində təhqirə görə mövcud olan 148-ci maddəyə baxmayaraq, məcəlləyə yeni 148-1-ci maddə, habelə Azərbaycan Respublikası Prezidentinin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltmağa görə məsuliyyət müəyyən edən 323-cü maddəyə dəyişikliklər təklif edib. Dəyişikliklər ifadə azadlığı hüququ ilə bağlı əməllərin daha da sərt cəzalandırılmasını nəzərdə tutur. Təklifdə internetdə saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə, habelə, ölkə başçısının şərəf və ləyaqətini ləkələmə və ya alçaltmağa görə məsuliyyət nəzərdə tutulur. Cəzaların daha da sərtləşdirilməsi ölkə Konstitusiyasına, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qanunlara, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, özəlliklə də Avropa İnsan Haqları Konvensiyasına, Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi ilə bağlı öhdəliklərə ziddir. 
Təklif olunan dəyişikliklərin guya, həmin maddələrin internetdəki saxta profillərə də tətbiq olunması üçün edilməsi ilə əsaslandırılması əslində cəzaların sərtləşdirilməsini pərdələmək üçün bəhanədən başqa bir şey deyil. Çünki məcəllənin hazırkı mətni onun anonim ifadələrə də tətbiq edilməsini nəzərdə tutur.

Azərbaycanda eyni zamanda son illər istehlakçıların hüquqları pozulmaqdadır. Hökümət heç bir qabaqlayıcı addımlar atmadan, islahatlar həyata keçirmədən kommunal qiymətləri artırıb. Təkcə cari ilin 28 noyabrında elektrik enerjisinin qiymətini 57%, mavi yanacağın qiymətini isə 100% artırıb. Təklif olunan limitlər isə insanların bu enerji növlərinə tələbatı ilə uyğun deyil. Bütün bunlar isə minimum və orta aylıq əmək haqqının qonşu Gürcüstan və Ermənistanla müqayisədə aşağı olan Azərbaycanda insanların onsuz da yaxşı olmayan yaşayış səviyyəsini daha da pisləşdirməkdədir.

Yekun dəyərləndirmə. Yuxarıda deyilənləri ümumiləşdirib bu qənaətə gəlmək olar ki, Azərbaycanda bütün sahələrdə son illərdə insan haqları ilə bağlı vəziyyətdə geriləmə var. İnsanlar fərqli düşüncələrinə, ifadə azadlığına, sərbəst toplaşmaq hüququndan istifadə etdiyinə görə bir çox hallarda təqib və təzyiqlərə məruz qalıb, bəzi hallarda isə həbs ediliblər. Həbs edilən şəxslər bəzən işgəncələrə məruz qalıblar. İstintaq orqanları və məhkəmələr icra qurumlarından asılı vəziyyətdədir, qeyri- müstəqildir. Təqsirləndirilən şəxslərlə bağlı dəlil və sübutları obyektiv qiymətləndirmək iqtidarında deyillər. 
Müstəqil vətəndaş cəmiyyəti demək olar ki, sıradan çıxarılıb. QHT-lərin fəaliyyət, ofis, donor, qeydiyyat və s. problem, eləcə də qanunvericiliyə edilən məhdudlaşıdırıcı əlavə və düzəlişlər aradan qaldırılmayıb.
Son illər böyük həcmdə neft gəlirləri əldə etməsinə baxmayaraq bundan səmərəli istifadə edə bilməyən hakimiyyət neftin dünya bazarında qiymətinin düşməsindən sonra yaranan iqtisadi krizisi xalqın hesabına həll etmək istəyir. İqtisadi- siyasi islahatlar aparmaq əvəzinə ölkədə polis rejimini gücləndirərək qorxu xofu yaradır, hakimiyyətini möhkəmləndirməyə çalışır. Seçkiləri və referendumu saxtalaşdırır, ölkədə repressiya aparır, qanunsuz həbslər həyata keçirir. Bütün bunlar isə qarşıdakı yaxın dövrdə ölkədə insan haqları ilə bağlı durumun yaxşılaşacağına dair hər hansı pozitiv ümid yaratmır.

Vəziyyətdən çıxış yolu. "Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı hesab edir ki, ölkədə insan haqlarının yaxşılaşdırılması üçün Azərbaycan hakimiyyəti geniş miqyaslı siyasi islahatlara başlamalıdır. Öncə vətəndaş cəmiyyətinə, fərqli düşüncəli insanlara baxış dəyişməli, onlara qarşı aparılan təqib və təzyiqlər dayandırılmalı, həbsdə olan bütün siyasi məhbuslar və günahsız şəxslər qeyd- şərtsiz azadlığa buraxılmalıdır. QHT- lərin və azad medianın fəaliyyətinə mane olan bütün bürokratik əngəllər aradan qaldırılmalıdır. Vətəndaş cəmiyyətinin, özəl sektorun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında son illər edilən məhdudlaşdırıcı əlavə və düzəlişlər aradan qaldırılmalıdır. QHT- lərin donorlara əl çatımlığı təmin olunmalıdır. Ölkədə bütün səviyyələrdə seçkilərin azad və ədalətli keçirilməsi təmin edilməlidir. Yerli istehsal gücləndirilməli, qeyri- neft sektorunun inkişafı ilə bağlı praktiki əməli addımlar atılmalıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]