Gündəm

Apreldəkindən də güclü müharibə başlaya bilər

12-12-2016, 09:30

Hərbi ekspertdən savaş xəbərdarlığı; "Ermənistan Azərbaycanı təxribata çəkmək istəyir...”

 


Azərbaycanın Ağdərə rayonunun erməni işğalında olan Talış kəndinin ətrafındakı yüksəkliklərin aprel ayından Azərbaycan ordusunun əlinə keçməsindən sonra Ermənistanda bu kəndin faktiki itirilməsi ilə barışmaq istəmirlər. Bu dəfə bir sıra keçmiş səhra komandirləri və erməni Qarabağ veteranları Ermənistan Müdafiə Nazirliyinə müraciət edərək onların Talış kəndində yerləşdirilməsini təmin etməyə çağırıb. 

Bu haqda istefada olan erməni generalı, "Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan bildirib. Onun sözlərinə görə, veteranlar və bir sıra komandirlər yığışıb Talış kəndində yaşamağı və xidmət etməyi istəyir. Ancaq buna "dövlət səviyyəsində” icazə lazımdır. "Onların arasında Qarabağdan olan komandir Arkadi Karapetyan da var”-Ter-Tadevosyan deyib.

Beləcə, erməni səhra komandirləri Talış kəndinə cəmləşmək istəyirlər. Bildirilir ki, bu məqsədlə Ermənistanda "Talış” ictimai birliyi də yaradılır. Tezliklə veteranlar öz müraciətlərini yayacaqlar və könüllüləri toplamağa başlayacaqlar. "Hazırda müxtəlif istiqamətlərdən könüllülər gəlir. Çoxları bura ona görə gəlir ki, Qarabağa getsinlər və orada yeni kəndlər, habelə Yeni Talış salıb yaşasınlar” - qoca "komandos” iddia edib.

Image result for Aprel Döyüşləri

Xatırladaq ki, Ermənistan hökuməti və Dağlıq Qarabağdakı qondarma rejim Talış kəndindən qaçmış erməniləri geri qaytarmaq üçün müxtəlif vədlər versələr də ermənilər ora qayıtmaqdan imtina edir. Bildirirlər ki, kənd faktiki olaraq Azərbaycan ordusunun nəzarəti altındadır və orada yaşamaq təhlükəlidir. Bəs keçmiş səhra komandirlərinin, hərbi canilərin Talış kəndinə cəmləşməsi mümkündürmü - nəzərə alsaq ki, Azərbaycan ordusu onları asanca hədəfə ala bilər?

Image result for Üzeyir Cəfərov

Hərbi ekspert Üzeyir Cəfərov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistan son vaxtlar özünü arxayın aparır, sanki Azərbaycandan zərrə qədər çəkinmədiyini nümayiş etdirməyə çalışır, bu və digər addımlarla Azərbaycanı təxribata çəkmək istəyir: "Erməniləri bu qədər arxayınlaşdıran onlara kənardan, əsasən də Rusiyadan dəstək və ümid verilməsidir. İki gün öncə Bako Saakyanla Ermənistan prezidenti Serj Sərkisyanın Talış kəndinin şimal hissəsində hərbi hissələrdə olması, həmin ərazilərdəki hərbçiləri mükafatlandırması, Madaqesin yaxınlığında yeni kazarmanın açılışında iştirak etməsi, sonra da hərbi hissənin meydanında Ermənistandan gətirilən incəsənət adamlarının konsertinin təşkil edilməsi, ardınca da keçmiş səhra komandirlərinin Talış kəndinə hərbi xidmətə göndərilməsi məsələsinin ortaya çıxması açıq şəkildə Azərbaycana meydan oxumaqdır. Bütün bunlar Azərbaycanın ərazilərində həyata keçirilir. Bakıda isə başqa bir erməni - Filip Kirkorov konsert verir. Halbuki, biz işğalçıya, terrorçuya lazımi cavab verməliyik. Elə etməliyik ki, Serj Sərkisyan və səhra komandirləri qorxusundan Azərbaycan ərazisinə gələ bilməsin. İndi erməni prezident o qədər arxayınlaşıb ki, Azərbaycan ordusunun yaxınlığında, hədəfində olan əraziyə gəlir və konsert təşkil edir. Azərbaycan həmin anda həmin əraziyə zərbə endirmək hüququna malikdir. Bu hüquqdan istifadə etmək imkanında olduğumuzu bir dəfə işğalçıya sübut etsək, dərs götürəcək.    

Ermənistan qarşısına məqsəd  qoyub ki, təxribatlar törədib apreldə itirdikləri əraziləri geri qaytarsın. Ermənilər istəyirlər ki, cəbhə xəttində yaxın vaxtlarda güclü bir insident yaşansın və ATƏT-in, Rusiyanın təklifi ilə prezidentlər bir araya gəlsin və bu dəfə Serj Sərkisyan mövqeyi möhkəmlənmiş vəziyyətdə olsun. Keçmiş səhra komandirlərinin Talış kəndinə gətirilməsi məsələsinin ortaya atılmasında məqsəd həm də odur ki, kənd əhalisinin həmin kəndə qayıdışına nail ola bilsinlər, əhali arasında apreldə yaranmış məğlubiyyət, qorxu sindromunu aradan qaldırsınlar".

Image result for Aprel Döyüşləri

Ü.Cəfərov hesab edir ki, artıq ermənilərin davranışları narahatlıq yaratmaya bilməz: "Azərbaycan çox ciddi tədbirlərə əl atmalıdır və hər an genişmiqyaslı hərbi əməliyyatlara hazır olmalıdır. Mən çox narahatam. Budəfəki toqquşma nəticəsində bəlkə də apreldəkindən daha ciddi hadisələrin baş verə biləcəyini hiss edirəm. Artıq Ermənistan heç bir beynəlxalq hüquq və normalara əhəmiyyət vermir. Beynəlxalq birlik də görür ki, Azərbaycan hələ ki ancaq bəyanat verməklə kifayətlənir. Azərbaycan hərəkətə keçməkdən çəkinməməlidir. Ermənilər Rusiyaya arxalanırlarsa, əməliyyatlar olacağı halda Azərbaycanın da arxalanacağı güclər var. Serj Sərkisyan özü də dəfələrlə etiraf edib ki, Azərbaycanın rayonlarını tutublar. Dünya da Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini təsdiqləyir. Odur ki, Azərbaycan silahlı qüvvələri bu məsələni birdəfəlik həll eləmək ixtiyarındadır. Ermənistan prezidentinin gəlib ərazilərimizdən bizə meydan oxumağının bir cavabı olmalıdır. Bu olmadıqca, düşmən üzərimizə daha çox ayaq açacaq”. 

Etibar SEYİDAĞA

Administratorla əlaqə

077 611-55-22

[email protected]